Azərbaycan Prezidenti: Biz Albaniyada qaz şəbəkəsi yaradılmasında investor kimi iştirak etməyə hazırıq

Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında deyib.

“Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan Albaniyada qaz şəbəkəsi yaradılmasında investor kimi iştirak edə bilər və buna hazırdır: “Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik”.