DÜNYAMIZIN İLK SƏYYAHLARI: FİNİKİYA VƏ KARFAGEN DƏNİZÇİLƏRİ

Aralıq dənizinin şərq sahilində, Sidon, Tir və digər şəhər dövlətlərdə yaşayan finikiyalılar öz səyahətləri barədə heç bir yazılı məlumat saxlamamışlar. Lakin onları Atlantik okeanına çıxışın, Avropanın və şimal-qərbi Afrikanın sahillərinin bir çox adalarının ilk kəşfçiləri hesab edirdilər. Peşəkar dənizçi olan finikiyalılar e.ə. Xll-X əsrlərdə sahildən çox da aralanmadan tədricən Aralıq dənizini keçdilər. Onlar qonşuları olan Qırmızı dəniz və İran körfəzinin sahibləri üçün ekspedisiya gəmiləri düzəldir və orada da xidmət edirdilər.
E.ə. 609-595-ci illərdə misirlilərin nəzarəti altında onlar bütün Afrika sahillərini dolandılar. Bu dəniz səyahətini Herodot ətraflı təsvir etmişdir: "Onların dediyinə görə (mən bunlara inanmıram), Liviya sahillərində üzəndə "Günəş onlardan sağ tərəfdə yerləşib. Beləliklə, birinci dəfə sübut edilib ki, Liviya dənizlə əhatə olunmuşdur". Herodot əbəs yerə onlara inanmırdı. Şərqdən qərbə üzən və Günəşi sağ tərəfdə, yəni şimalda görən Finikiya dənizçilərinin məlumatı onu təsdiq edir ki, onlar həqiqətən ekvatoru keçib, Afrikanı cənub tərəfdən dolaşmışlar. Bu səyahətin müddəti üç il çəkmişdir (bu materikin sahil xəttinin uzunluğu 30,5 min km-dir). Şimali Afrika şəhəri olan Karfagenin əsasını da finikiyalılar qoymuşlar. Lakin sonradan o, müstəqil və güclü dövlətə çevrildi. Atlantik okeanında Azor adaları, Şimali Afrikada Atlas dağlarına aid ilk məlumatlara görə coğrafiya məhz karfagenlilərə borcludur. Karfagendən olan tacir karvanları müntəzəm olaraq Böyük Səhradan keçib Niger çayına qədər gedirdilər. E.ə. Vll-V əsrlərdə Karfagen Afrikanın qərb Atlantik okeanı sahillərini və Pireney yarımadasının Aralıq dənizi sahillərini öz müstəmləkəsinə çevirmişdi. Buna baxmayaraq, indiki İspaniyanın ərazisində yerləşən Tartess dövlətinin əhalisi karfagenlilərin güclü rəqiblərindən idi. Karfagenlilərin uzaq səfərlərindən biri dəniz komandanı Hannonun məşhur "Peripl" əsərində təsvir edilmişdir. O, Qərbi Afrika sahilləri boyu 30 min müstəmləkəçi olan 60 gəmidən ibarət donanmanı aparırdı. "Peripl"də karfagenlilər üçün qeyri-adi olan təbiət hadisələri haqqında da məlumat verilmişdi. Bir dəfə gecə müstəmləkəçilər hər tərəfdən odla əhatələnmiş torpağı, ortasında isə şöləsi ərşə qalxan nəhəng tonqalı görmüşdülər. Günorta isə, onların sözlərinə görə, tonqaldan çıxan od axını dənizə tökülürdü. Bu, Qvineya körfəzi sahilində fəaliyyətdə olan Kamerun vulkanının real təsviri idi.
E.ə. XIII-VII əsrlərdə Ön Asiyanın siyasi arenasında fəaliyyət göstərən mühüm simalardan biri Assuriya imperiyası və yaxud paytaxtının adı ilə adlandırılan Assur ölkəsi idi. Coğrafi məlumatlar, hər şeydən öncə, uğurlu hərbi yürüşlər haqqında məlumat verən “Allaha məktublar”da və həmçinin yeddi əsr yazılan çar salnamələrində qorunub saxlanırdı. E.ə. 821-ci ildə Assuriya qoşunları “gün batan dənizə” çatmışlar. Alimlər belə hesab edirlər ki, bu ad altında Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi başa düşülür. Bu dənizlərin bir-biri ilə birləşməsi haqqında məlumatlar antik mənbələrdən orta əsr yazılarına keçmişdir və onun təsiri bizim yeni dövrün əsərlərində də özünü göstərir. XVIII əsrin I yarısında “Leksion”da rus ensiklopediyaçısı Vasili Tatişşev Xəzər dənizinin Qara dənizlə yeraltı su axını vasitəsilə birləşməsini təkzib etmişdir. E.ə. 802 və 788-ci illər arasında assuriyalılar İran yaylasından Türkmən-Xorasan dağlarının cənub yamaclarına, Herirud və Mürqab çaylarına qədər getmişlər. E.ə. VII əsrin ikinci yarısında onlar İran yaylasının ən yüksək nöqtəsi olan Bikni dağının (Dəmavənd sönmüş vulkanı) ətəklərinə çatdılar. Assuriya ordusu məğlubiyyət bilməzdi. Qonşu xalqları məğlub etdikdən sonra Assuriya əsgərləri bir şəhərdən o biri şəhərə, bir ölkədən o biri ölkəyə qalibiyyətlə gedirdilər. Qüdrətli çarların ayaqyalın əsgərləri Suriyanı, Fələstini, Finikiyanı və Kiçik Asiyanın şərq hissəsini zəbt edərək, onları “kəşf’ etmişdilər.

“Yer və İnsan”