Muxtar Babayev: COP29 Qlobal Yekun Qiymətləndirmənin icrası üçün zəmin yaratdı

Biz COP29-da iqlim prosesi tarixində mühüm mərhələlərə şahidlik etdik. Maliyyə məsələləri üzrə 6-cı Maddə və Bakı Maliyyə Məqsədi çərçivəsində yeni mexanizmlər yaratdıq. İtki və Zərərə cavab verən Fond, Bakı Qlobal İqlim Şəffaflığı Platforması fəaliyyətə başladı. Gender, yerli icmalar və yerli xalqlar, eləcə də cavab tədbirləri üzrə iş planlarını qəbul etdik. Bu qərarlar Paris Sazişinin icrasında yeni dövrün başlanğıcını qoydu – bu, sözdən işə keçid dövrüdür.

Bu fikirləri Braziliyanın Beynəlxalq Konqres Mərkəzində (CICB) keçirilən Pre-COP tədbirinin açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında səsləndirib.

Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi, Braziliya hökuməti və gələcək COP30 Sədrliyi ilə birgə çalışmaqdan məmnunluq ifadə edib. O, həmkarı – COP30-un Prezidenti Andre Korrea do Lago ilə bölüşdüyü baxışın COP30 ərəfəsində artan qlobal təşəbbüsləri daha da gücləndirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan COP30 Sədrliyini tam dəstəkləyir və Braziliyanın rəhbərliyi ilə ədalətli keçid, adaptasiya və Qlobal Yekun Qiymətləndirmənin nəticələrinin tam icrası istiqamətində irəliləyişin vacibliyini qeyd edir. “Ədalətli keçid yalnız bir şüar deyil, iqlim fəaliyyətinin bütün istiqamətlərində rəhbər prinsipə çevrilməlidir. Əgər bu keçid üçün aydın yol xəritəsi formalaşmasa, iqlim dəyişikliyi ilə ədalətli və səmərəli mübarizə mümkün olmayacaq,” – deyə M.Babayev qeyd edib.

COP29 Prezidenti, həmçinin adaptasiya məsələlərinin diqqət mərkəzində qalmasının vacibliyini bildirib: “Adaptasiya məqsədləri maliyyə təminatı olmadan sadəcə arzu olaraq qalır. Adaptasiya maliyyəsi yardım deyil, iqlim ədalətidir.”

M.Babayev Bakı Adaptasiya Yol Xəritəsinin irəlilədilməsinin və Qlobal Adaptasiya Məqsədinin Paris Sazişinin əsas sütunlarından biri kimi təsdiqlənməsinin vacibliyini vurğulayıb.

Çıxışında Muxtar Babayev BƏƏ Dialoqunun yekunlaşdırılmasının əhəmiyyətindən də danışıb: “Bu dialoq Qlobal Yekun Qiymətləndirmənin nəticələrinin icrası üçün vahid platforma rolunu oynaya bilər, koordinasiyanı artırar və milli siyasətlərin suverenliyinə xələl gətirmədən əməli əməkdaşlığı təşviq edə bilər”.

COP29 Prezidenti, həmçinin “Bakıdan Belemə” Yol Xəritəsi üzrə işlərin gedişatı barədə məlumat verəcəyini və bu istiqamətdə böyük beynəlxalq marağın müşahidə olunduğunu söyləyib.

Muxtar Babayev çıxışının sonunda əlavə edib ki, COP31-ə ev sahibliyi məsələsində Avstraliya və Türkiyə arasında aparılan danışıqlara Azərbaycan vasitəçilik edir: “Biz danışıqları sürətləndirmək və qeyri-müəyyənliyə son qoymaq üçün çalışırıq. Azərbaycan COP29-un təcrübəsini və potensialını növbəti sədrliyə dəstək üçün tam şəkildə səfərbər etməyə hazırdır. Belemdə keçiriləcək COP30 qarşıda duran vədləri yerinə yetirmək, razılaşmalardan əməli addımlara keçmək üçün mühüm fürsətdir. Biz Braziliyanı dəstəkləməli, əvvəlki öhdəliklərimizi yerinə yetirməli və birlikdə iqlim fəaliyyətinin yeni mərhələsinə qədəm qoymalıyıq”, - deyə Muxtar Babayev qeyd edib.