Narkokuryerlik edən Ağcabədi sakinləri saxlanılıb

Ağcabədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, həmin şəxslərdən 2 kiloqram 55 qram heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini bildiriblər.

Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.