FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu ölkəmizə yola düşüb

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

FHN-dən bildirilib ki, qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan, media və ictimaiyyət nümayəndələri yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək qiymətləndirib, baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanların xilas edilməsi, onlara tibbi və psixoloji yardımın göstərilməsində yüksək peşəkarlıq və böyük fədakarlıq nümayiş etdirdiklərini bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.