İran xarici işlər naziri nüvə müzakirələrində iştirak etmək üçün Omana səfər edib

İran xarici işlər naziri Seyid Abbas Araqçi nüvə proqramı ilə əlaqədar İran-ABŞ dolayı müzakirələrinin növbəti raundunda iştirak etmək məqsədilə Oman paytaxtı Məsqətə səfər edib.

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 3 raundda olduğu kimi müzakirəlrəin 4-cü raundu da Oman Krallığı xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə baş tutacaq.

Bəqai bildirib ki, 4-cü raund müzakirələr Məsqətdə yerli vaxtla saat 12:00-da başlanacaq. Müzakirələr zamanı lazımi məsləhətləşmələr üçün İranın mütəxəssis və ekspertlərdən ibarət texniki heyəti də Məsqətdədir.

“İranın nümayəndə heyəti ölkə tərəfindən elan olunan çərçivələrdə İranın nüvə enerjisindən dinc istifadə sahəsində əldə etdiyi qiymətli nailiyyətləri qorumaq, ölkə iqtisadiyyatı əleyhinə tətbiq olunan sanksiyaları və məhdudiyyətləri ləğv etmək üçün bütün səyini göstərəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.//Trend