Kreml Putinlə Trampın söhbətinin detallarını açıqladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp dünənki telefon danışığının gedişində təmasların davam etdirilməsi və ayrıca görüşün təşkil olunması ilə bağlı razılığa gəliblər. Artıq onların köməkçilərinə görüşün hazırlıq işlərinə başlamaları tapşırılıb.

Rus KİV-ləri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kreml rəsmisindən Trampın gələcək görüşün Səudiyyə Ərəbistanında keçəcəyi ilə bağlı sözlərini şərh etməsi istənilib. Peskov bununla bağlı hələ detallı müzakirələrin aparılmalı olduğunu bildirib.

 “Prezidentlər razılaşdılar ki, müvafiq köməkçilərə dərhal tapşırıqlar veriləcək və onlar lazımi hazırlıq işlərinə başlayacaqlar. Hazırda bu proses sürətlə işə düşəcək. Görüşün detalları ilə bağlı qərarları gözləmək lazımdır”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Telefon danışığının prezidentlərdən hansının təşəbbüsü ilə baş tutduğu sualını isə Peskov şərh etməkdən imtina edib.

Qeyd edək ki, fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub və təxminən bir saat yarım davam edib.//Trend