Nizami irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir

Ölkəmizdə keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu böyük maraq doğurub. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərkən mühüm məsələlərə toxunaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan hörmətə görə təşəkkürünü bildirib.

Bəli, Azərbaycan türklərinin dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyət - Nizami Gəncəvi yurdumuzun dilbər guşəsi olan Gəncə mühitinin yetirməsidir. Yaradanın seçdiyi xüsusi missiyaya malik olan mədəniyyət elçiləri zamanın fövqündə dayanır və bu şəxsiyyətlər üçün zaman anlayışı öz anlamını itirir. Dövrünün tələbinə uyğun olaraq dövlət və poeziya dili hesab edilən farsca yazan dahi sənətkar öz əsərlərini milli kolorit, vətəni ilə bağlı olan coğrafi, tarixi, siyasi gerçəklik, etnik xüsusiyyətləri ilə yoğurub. Onun ədəbi irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir.

Yerveinsan.az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Əliyeva söyləyib. L.Əliyeva bildirib ki, yazılı ədəbi dil faktı heç bir zaman sənətkarın milli mənsubiyyətini inkar etməyə səbəb olmayıb. Orta əsrlər Avropa ədəbiyyatı üçün latın dili ortaq dil hesab olunub, Leonardo da Vinçi, Dante, Petrarka, Bokkaçço kimi dahi sənətkarlar əsərlərini bu dildə yazıblar. Robindranat Taqorun ingilisdilli yaradıcılığı onu hind xalqının nümayəndəliyindən çıxarmadığı kimi, Çingiz Aytmatovun rusca yazdığı əsərləri də sənətkarın qırğız olmasını inkar edə bilməz.

Nizami irsinin tədqiqatçıları haqlı olaraq onun “türkcə düşünüb, farsca yazdığını" (X.R.Ulutürk), “Azərbaycanın ən fəsih yazanı” olduğunu (M.Tərbiyət) qeyd ediblər. Hüseyn Pejmən Bəxtiyari Sənai yaradıcılığı ilə Nizami yaradıcılığını müqayisə edərkən “Sənainin öz danışdığı dildə, Nizaminin isə sonradan öyrəndiyi dildə” yazdıqları fikrini irəli sürür. Ehsan Təbrizinin diqqətə çatdırdığı məlumatdan aydın olur ki, Şah Mirzə səfir Qriboyedovla çara göndərdiyi hədiyyə - “Xəmsə”də türkcə şeirlər də yer alıb. Doktor Cavad Heyətin araşdırmalarında (“Azərbaycan ədəbiyyatına bir baxış”) Nizami Cəncəvi alaçuq, ozan, bayraq-sancaq, qırmızı və s. sözlərindən, “Oddan kül törər”, “İynə atsan yerə düşməz”, “Əyri oturub düz danışaq”, “İsinmədim istisinə, kor oldum tüstüsünə” və s. kimi atalar sözlərindən istifadə edərək mənsub olduğu xalqa əbədiyyət qazandırıb.

“Nizami məqbərəsində 1923-cü ildə aparılan qazıntı zamanı əski türklərə məxsus yeraltı daxma aşkarlanıb, estampaj oxunduqdan sonra onun dahi şairin şərəfinə ucaldılan kurqan, sapma qəbir olduğu sübut edilib. Araşdırmalar göstərir ki, palıddan hazırlanmış dördayaqlı tabut, üzərindəki tirmə şal əsilzadə türklərə məxsus olan dəfn üsulunun göstəricisidir.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin ədəbi irsinin daha da dərindən araşdırılması üçün geniş imkanlar açdı. Dünya nizamişünaslarının çıxışları bir daha sübut etdi ki, Nizami Gəncəvi Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi dahidir”, - deyə Lalə Əliyeva bildirib.