Dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12 min manat maddi ziyan vurublar

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayonun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Xalid Cavadov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs iki fermadan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 16 min manatdan artıq maddi ziyan vurub.

Bundan əlavə, polis əməkdaşları tərəfindən X.Cavadovun ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstü də açılıb. Məlum olub ki, həmin şəxs həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq cari ilin sentyabr ayı ərzində Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayan dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12 min manat maddi ziyan vurublar.

Gizli yolla taladıqları "qənimətlərin" bir qismini Kürdəmir rayonu ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satan adları qeyd olunan şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.