Xalqımız ona tarixi Zəfər qazandıran Prezidentini bu seçkidə də fəal şəkildə dəstəkləyəcək

Məlum olduğu kimi Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.  Gələn ilin fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkilərini Zəfər seçkisi də adlandırmaq mümkündür. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etmiş halda seçki marafonuna başlayacaq. Müstəqillik tariximizdə bu, ilk dəfə olacaq. Prezident seçkiləri ölkəmizin bütün ərazisində, o cümlədən azad olunmuş ərazilərmizdə keçiriləcək. Biz bu uğura Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olmuşuq. 44 günlük Vətən müharibəsində düşməni tam kapitulyasiyaya uğradaq ərazi bütövlüyümüzü bərpa etdik. Bu ilin sentyabr ayında bir sutkadan da az müddət ərzində keçirilən antiterror tədbirləri nəticəsində bütün ərazilərmizdə suverenliyimiz tam bərqərar oldu. Separatizm kitabı birdəfəlik bağlandı. Bununla da Azərbaycan həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıq fonunda növbədənkənar Prezident seçkilərinin təyin olunması tarixi Zəfər qazanan ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir.

Yerveinsan.az “İki sahil”ə istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri,  YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov bildirib.

Sadiq Qurbanov qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsində qeyri-adi heç nə yoxdur və  dünyanın siyasi praktikasında qəbul olunmuş siyasi təcrübədir. Bununla bağlı saysız-hesabsız faktlar sadalamaq mümkündür. Seçkilərin müəyyən səbəblərdən təxirə salınması və ya növbədənkənar keçirilməsi normala siyasi praktikadır. Məsələn, bu gün müharibənin davam etdiyi Ukraynada hərbi vəziyyətlə bağlı seçkilər təxirə salınıb. Bəzi hallarda isə seçki vaxtından əvvəl keçirilir və bu fakt vətəndaşların demokratik qaydada siyasi iradəsini göstərməsinə heç bir problem yaratmır. Azərbaycanda da seçkilər növbədənkənar keçiriləcək və vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.

Komitə sədri qeyd edib ki, növbədənkənar Prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir. Qalib xalqın Qalib Prezidenti xalqın Ona olan dəstəyindən əmindir. Xalqımıza tarixi Zəfər qazandıran, Şuşada, Xankəndidə, Ağdərədə, Xocalıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımızı ucaltmaqla 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir.  Bu gün öz doğma yurd-yuvalarına qayıdan insanların gözlərindəki sevinc Ali Baş Komandana xalq məhəbbətinin ən təbii göstəricisidir. Ölkəmizin digər bölgələrində olduğu kimi azad olunmuş ərazilərdə də həyata keçirilən abadlıq-quruculuq işləri, artıq start verilin Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin strateji hədəflərə doğru inamla addımladığının təsdiqidir. Xalqımız ona tarixi Zəfər qazandıran Prezidentini bu seçkidə də təbii ki fəal şəkildə dəstəkləyəcək, Ali Baş Komandanın gücünə güc qatacaq.

Sadiq Qurbanov onu da qeyd edib ki, hər seçkidə olduğu kimi bu dəfə də bütün siyasi qüvvələrə bərabər imkan yaradılacaq. Seçki Məcəlləsinə uyğun olaraq da bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Ədalətli seçki şəraiti tam olaraq təmin edilib. Bir məqamı da vurğulayım ki, ölkəmizdə  siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi yekunlaşıb. Növbədənkənar seçkilər bu prosesin yekunlaşmasından sonra reallaşdırılır. Bu fakt da təsdiq edir ki, bütün tərəflərə bərabər şərait yaradılır və ədalətli mübarizə aparmaq imkanı təmin edilir. Bu isə siyasi qüvvələr üçün çox unikal fürsətdir. Potensialı olan istənilən siyasi qüvvə ədalətli seçki mühitinin təmin edildiyi prosesdə iştirak etməkdə maraqlı olmalıdır. Bunun əksinə mövqe ortaya qoyanlar birmənalı şəkildə qərəzlidir və bununla minimum sayda elektorat potensialına malik olduqlarını təsdiqləyirlər. Əgər özlərinin iddia etdiyi kimi böyük potensialları və xalqdan dəstəkləri varsa, seçki prosesində iştirak etməkdə maraqlı olmalıdırlar. Bu, onlara iddialarını isbat etmək üçün əla imkandır.  Normal siyasi mübarizədə çəkinib qərəzçilik edənlər əslində bununla məğlub olacaqlarını etiraf etmiş olurlar. Cəmiyyətimiz həmin radikalların heç bir dəstəyinin olmadığını, xalqla onların arasında dərin uçurum olduğunu yaxşı bilir. Elə həmin qüvvələrin özləri də xalqın nəzdinə etibarlarını çoxdan itirdiklərini və məğlubiyyətə məhkum olduqlarını yaxşı bilirlər. Qərəzli mövqe, təxribat yolu tutmaqlarının səbəbi də elə budur.