COP29-a hazırlıq olduqca səmərəli şəkildə irəliləyir - Vladanka Andreyeva

Azərbaycanın vaxtının az olmasını nəzərə alsaq, COP29-a hazırlıq olduqca səmərəli şəkildə irəliləyir.

Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.

"Adətən, ölkələrin bu cür iqlim konfranslarına hazırlaşmaq üçün iki ilə yaxın vaxtı olur. Azərbaycanın situasiyasında bu, çox qısa müddətdir, bizim cəmi 10 aya yaxın vaxtımız var. Oktyabr ayına qədər bütün hazırlıqlar tamamlanacaq və indiyə qədər gördüklərim COP29 Rəyasət Heyətinin möhtəşəm fəaliyyətinin sübutudur", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan bu qlobal miqyaslı konfransa ev sahibliyi etməklə çox mühüm rol oynayır.

"Əmin olmalıyıq ki, dünya, həqiqətən, qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaq niyyətini təsdiqləyəcək. Noyabrda razılaşdırılacağına ümid etdiyimiz bir sıra tövsiyələr var", - deyə o bildirib.

Rezident əlaqələndirici cəmiyyətin hər bir hissəsinin iqlim dəyişmələri ilə mübarizədə iştirakının vacibliyini qeyd edib.

"Bu mənada, ilk növbədə, iqlim dəyişmələri ilə mübarizə tədbirləri barədə məlumatlılığı artırmaq üçün təhsil əsasdır. İqtisadiyyat, özəl sektor, sənaye və təhsil sektorları arasında daha çox investisiya və əməkdaşlığın olmasını, onların bir-biri ilə qarşılıqlı fəaliyyət göstərməsini və təhsil sisteminin yenidən gözdən keçirilməsi, yeni bacarıqların formalaşdırılması və yeni tədris proqramlarının yaradılmasına daha çevik yanaşma təmin etmələrini görmək istərdik", - deyə o əlavə edib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfrans keçirilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.//Trend