SOCAR “Azər-Türk Bank”ın səhmlərinin 51 faizini almağı nəzərdən keçirir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Dövlət Neft Şirkətindən  verilən məlumata görə, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.

Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.

Görüşdə “Azər-Türk Bank” ACS-nin səhmlərinin 51 faizinin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.