ETNİK MÜNAQİŞƏNİN HAZIRLANMASINDA SUMQAYIT HADİSƏLƏRİNİN ROLU

(Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun xatirəsinə həsr edilir)

Ermənistanda azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə mərhələsindən danışarkən Sumqayıt hadisələrindən yan keçmək mükün deyil. SSRİ xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən düşünülmüş şəkildə təşkil olunmuş bu hadisədən erməni lobbisi ciddi şəkildə istifadə etmişdir. Hadisənin məqsədi erməni xalqı ilə Azərbaycan xalqının bir yerdə yaşamasının qeyri-mükünlüyü fikirini yaratmaq və Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-yə birləşdirmək məqsədi daşıyırdı. Sumqayıt hadisələri əsasən 26-29 fevralda Sumqayıt şəhərində kütləvi iğtişaş, zorlama qətllər və qarətlərlə müşayiət olunmuşdur. Hadisənin “qəhrəmanı” isə erməni millətindən olan Eduard Qriqoriyan idi. SSRİ xüsusi xidmət orqanının təşkil etdiyi bu təxribatı ustalıqla icra edən E.Qriqoriyanın sonradan SSRİ hökuməti tərəfindən himayə edilməsi bu faktı bir daha təsdiq edir.
Sumqayıt hadisələri haqqında Azərbaycan Prezidentinin açıqlaması.
Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrinin erməni millətçiləri törətmişdir. Bu onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisələrdən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün, ondan sonra azərbaycanlılara qarşı soyqırımı ittihamı əsaslandırılsın”
(Sitat İlham Əliyevin 10 may 2012-ci il tarixində Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışından götürülmüşdür)
ERMƏNİ QAYNAQLARINDA SUMQAYIT HADİSLƏRİ
SSRİ xüsusi xidmət orqanlarının Azərbaycan xalqına qarşı hazırladığı Sumqayıt təxribatı erməni mənbələrində “Sumqayıt qırğınları” kimi təqdim edilir. Onlar qeyd edirlər ki, 27-29 fevral 1988-ci ildə Sovet Azərbaycanının Sumqayıt şəhərində Azərbaycan hakimiyyətinin dövlət səviyyəsində təşkil etdiyi Sumqayıt qırğınları, şəhərin erməni əhalisinin soyqırımı və kütləvi deportasiyası məqsədi daşıyır. Erməni millətinə qarşı törədilən bu cinayətin məqsədi erməniləri yeni qanlı aksiyalar perspektivi ilə qorxutmaqla Artsax hərəkatının qarşısını almaq, Artsax azadlıq mübarizəsinin yayılmasının qarşısını almaq idi. Qırğın təşkilatçılarından biri kimi Sovet Azərbaycanının partiya xadimi Məhəmməd Əsədovun(Azərbaycanın şəhid Daxili İşlər naziri Məhəmməd Əsədov nəzərdə tutulur) guya ermənilərdən qisas almaq məqsədi daşıdığını bildirirlər.

Ermənilərin Sumqayıt hadisələrinə görə günahlandırdıqları
MƏHƏMMƏD ƏSƏDƏOV KİMDİR?
Məhəmməd Nəbi oğlu Əsədov 5 dekabr 1941-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Baharlı kəndində dördüncü sinfi, Mincivan qəsəbəsində isə tam orta məktəbi bitirmişdir (1958). O, 1960-cı ildə Bakı Statistika Texnikumunu bitirib. 1961-1964-cü illərdə ordu sıralarında xidmət edib. 1964-cü ildə Sumqayıt şəhərində 1 saylı trestdə betonçu işləyib. 1965-ci ildə Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olub sonra həmin fakultə Xalq Təsəsərüfatı İnstitutuna verildiyi üçün oranı bitirb. M.Əsədov 1968-1975-ci illərdə Sumqayıt Şəhər Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Sonra M. Əsədov Moskva Təhlükəsizlik Akademiyasında təhsil alaraq Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1983–1986-cı illərdə Beyləqan (Jdanov) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. O, 1986–1988-ci illərdə Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedib. Oradan qayıdanda belə fikir söyləyib: ” Xankəndində elə bil Azərbaycan höküməti yoxdur, ermənilər necə istəyir o cür də hərəkət edirlər”
Sumqayıt hadisələri zamanı M.Əsədov Mərkəzi Komitənin (1986-1988) inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. Sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli 2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə müraciətlər edir, təkliflərini bildirirdi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur. 20 noyabr 1991-ci il tarixində Qarakənd səmasında ermənilər tərəfindən vurulan vertolyotda şəhid olur.
Erməni mənbələri bildirir ki, hadisələrdən bir gün əvvəl 26 fevral 1988-ci il tarixdə Mixail Qorbaçov erməni ziyalıları ilə görüşündə Bakıda yaşayan 200 mindən çox erməninin təhlükəsizliyindən “narahat olduğunu” ifadə edərək, bunu birbaşa Artsax ermənilərinin Dağlıq Qarabağı birləşdirmək tələbi ilə əlaqələndirib. Həmçinin ermənilər 22 fevral 1988-ci il tarixndə Əsgəran şəhərində baş vermiş toqquşma nəticəsində ermənilər tərəfindən qətlə yetirilən iki azərbaycanlı gənc Qarbağın ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi ilə bağlı SSRİ Baş Prokurorunun birinci müavini Aleksandr Filipoviç Katusevin televiziyada çıxışını da təxribat hesab edirlər.
Erməni mənbələrinin verdiyi yalan məlumatda deyilir: “Fevralın 29-da sovet qoşunları Sumqayıta daxil oldu, lakin zorakılıq və qətllər həmin gün də davam etdi. Ordu silah tətbiq etmək əmri almadı və ermənilərə kömək etmədi. Yalnız axşam saatlarında qətiyyətli addımlar atdı və növbəti talanların qarşısını aldı. Cinayəti törədənlərdən cəmi 94 nəfər məsuliyyətə cəlb edilib və onlardan yalnız biri ölüm cəzasına məhkum edilib (söhbət günahsız yerə güləllənmiş Əhməd Əhmədovdan gedir). Qalanları isə qətl, zorlama, soyğunçuluq və digər maddələrlə ittiham olunub və bütün hallarda istisnasız olaraq cinayətin əsaslandırılması “xuliqanlıq motivləri” adlandırılıb.
Sovet hakimiyyəti bütün cinayətləri bir ümumi işə daxil etmək əvəzinə, onları qəsdən bir neçə hissəyə bölərək, müxtəlif sovet şəhərlərinin məhkəmələrində məhkəmə proseslərini aparırdı. Məhkəmə prosesləri zamanı məhkəmə prosesinin və zərərçəkmişlərin hüquqlarının kobud şəkildə pozulması halları olub. SSRİ dağılandan sonra cinayətkarların bir çox işlərinə xitam verildi və onların əksəriyyəti azadlığa buraxıldı. Cinayət rəsmi şəkildə pislənməyib və həlak olanların yaxınlarına başsağlığı verilməyib. Buna adekvat siyasi qiymət verilməməsi SSRİ-nin müxtəlif şəhərlərində kütləvi qırğınların başlanmasına səbəb oldu. Şəhər və hüquq-mühafizə orqanlarının əməkdaşları da cəzasız qalıb. Sumqayıt Erməni Soyqırımı qurbanlarının dəqiq sayı məlum deyil. Azərbaycan Prokurorluğunun təqdim etdiyi məlumatlara əsasən, SSRİ Prokurorluğu “Sumqayıtda 27 erməni millətindən olan vətəndaşın öldürüldüyünü” elan edib. Lakin qeyri-rəsmi məlumatlara görə, soyqırım qurbanlarının sayı min nəfərə çatır ki, onların qalıqları hələ də Sumqayıt ətrafında yeni tikililər zamanı tapılır”.
Eyni zamanda ermənilər yalançı şahid ifadələri ilə öz məlumatlarını “zənginləşdirməyi”də unutmurlar.
SUMQAYIT TƏXRİBATININ NƏTİCƏLƏRİ
Sovet Xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən Sumqayıt cinayətindən ermənilər müəyyən dərəcədə istəklərinə nail oldular. Onlar xaricdə fəaliyyət göstərən erməni lobbisinin vasitəsi ilə Avropa Parlamenti (1988), ABŞ Senatı (1989) və Argentina parlamentində Sumqayıt hadisələrini pisləyən qərarlar qəbul etməyə nail oldular. Eyni zamanda Ermənistanın daxili auditoruyasına həmçinin beynəlxalq ictimaiyyətə aşıladılar ki, erməni xalqı ilə azərbaycan xalqının birlikdə yaşaması mükün deyil. Eyni zamanda özlərinin mifoloji arzuları olan Miatsum hərakatını genişləndirməyə nail oldular.
SUMQAYIT TƏXRİBATININ QURBANI ƏHMƏD ƏHMƏDOV
Sumqayıt hadisələri zamanı barəsində ölüm hökmü çıxarılmış Əhməd Əhmədov kimdir?
Əhməd İmani oğlu Əhmədov

Əslən Lerik rayonunun Vistən kəndindəndir. Atası Əhmədov İmani Vahab oğlu Vistən kəndində anadan olub. O, həmkəndlisi Əhmədova Telli Rəzzaq qızı ilə 1951-ci ildə nigaha girib. Bu nigahdan onların Sənubər, Məmmədağa, Məhəbbət, Zöhrab, Əminə, Əhməd və Əzizə adlı övladları doğulub. İmani Əhmədov 1956-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Bu səbəbdən Əhməd Əhmədov 23 sentyabr 1964-cü ildə Sumqayıt şəhərində doğulub.

O, 1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini bitirib. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985–1988-ci illər arasında Sumqayıt Aliminum zavodu və Trikotaj fabriklərində işləyib. Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib. Heç bir inzibati və ictimai cəzası olmayıb.
Orta texniki peşə təhsili olan Əhməd Əhmədov Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanıb, yaşı 70-i keçən valideynləri 1988-ci ilin yayında Əhməd Əhmədovu evləndirmək niyyətində imiş. Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 12 mart 1988-ci ildə Sumqayıtda həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhməd Əhmədovun evinə gələrək onu həbs ediblər. O, Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. SSRİ Ali Məhkəməsində onun təqsiri sübut olunmasa da, ona qarşı məhkəmə 18 noyabr 1988-ci il tarixli hökmü ilə ona edam cəzası verib. Azərbaycan xalqının sərt təpkisi ilə qarşılaşan Sovetlər Birliyi hökuməti edam cəzasının icrasını uzadır. Bakıda “Azadlıq” meydanında yüz minlərlə insan “Əhməd Əhmədova Azadlıq!” deyərək haykırırdı.
SSRİ hüquq mühafizə orqanları tərəfindən aparılan istintaq Əhmədov Əhməd İmani oğlu, Cəfərov Yavər Qiyas oğlu, İsmayılov İlham Azad oğlunun cinayət işini ayıraraq Moskvaya göndərmişdir. Lakin məhkəmə istintaqı zamanı onların ermənilərə qarşı qətl hadisəsində iştirak etmədiyi üzə çıxıb. Məhkəmədə hər üç şəxs bir-birlərini tanısalarda cinayət törətmədiklərini bildiriblər.
Əhməd Əhmədovun cinayəti sübuta yetirlməyib istintaq orqanı tərəfindən hadisələr zamanı öldürülmüş Arakelyanın qan izlərinin Əhməd Əhmədovun pencəyində olmasını əsas gətirsələr də pencək həddindən artıq böyük olduğu üçün bu dəlilin də saxta olması üzə çıxıb. Lakin Əhməd Əhmədovun gənc emosional olması məhkəmə istintaqı zamanı gerçəklikləri çəkinmədən məğrurcasına deməsi onun ölümünə səbəb olub. Cəfərov Yavər Qiyas oğlu və İsmayılov İlham Azad oğlunun barəsində cinayət işi yenidən Azərbaycana təkmil istintaqa qaytarılmışdır. Adıçəkilən iki şəxs sonradan haqlı olaraq cinayət məsuliyyətindən azad olmuşdur. Bu da günahsız və məğrur bir Azərbaycan övladının məhkəmə də son sözü.
Əhməd Əhmədov: “Mən günahsızam irəli sürülən ittihamları rədd edirəm. Ancaq azadlığa çıxsam söz verəm ki, erməniləri öldürəcəm!.”
Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədovun sözlərinə görə qardaşının müdafiəsi ilə bağlı tutduqları 3 vəkilin müəmalı şəkildə ölməsinin səbəbləri hələ də onlar üçün sirr olaraq qalır.



SAXTA MƏKTUB
27 may 1989-cu il tarixində Azərbaycan SSR Prokurorluğu Ə. Əhmədovun validyenlərinə məktub göndərib. Göndərilən həmin məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub.
Əhməd Əhmədovun qardaşı Məmmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: "Oğlunuz Əhmədov Əhməd SSRİ Ali Məhkəmsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir."
Cavanşir İsmayılov sonradan mətbuata verdiyi açıqlamada deyir: “Həmin məktubu Əhməd Əhmədovun valideynlərinə mən yazmışam. Həmin günlərdə ”Azadlıq” meydanında mitinqlər gedirdi. Meydanda Əhməd Əhmədovun şəkilləri qaldırılandan sonra tələblər irəli sürülmüşdü. Respublika rəhbərliyi təşviş içində idi. Əhmədovun valideynləri Vəzirova, respublikanın digər rəhbərlərinə ərizələr yazmışdılar. Tarixi dəqiq yadımda deyil, onlar yenə prokurorluğa qəbula gəlmişdilər. Şöbə müdiri İlqar Dadaşov məni yanına çağırdı. Əhməd Əhmədov haqqında ölüm hökmünün dəyişdirildiyini dedi. Mən məhkəmə qətnaməsinin, yaxud SSRI Ali Məhkəməsi Kollegiyasının qərarının surətini istədim. O, bir-iki günə əllə göndərəcəklərini dedi. Qətnaməsiz cavab yazmağın mümkün olmadığını dedim. Etirazlarım isə qulaqardına vuruldu. Əsasnaməni oxumağı məsləhət gördü. Əsasnaməyə görə, ilk şikayətlərə şöbə prokurorlar cavab verməli idi. İkinci, üçüncü şikayətə şöbə müdiri, daha sonra baş prokurorun müavinləri və sonda baş prokurorun özü…”

Araşdırmalar göstərdi ki, bu variantı Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün ortaya atmışdır. Əhmədova ölüm hökmü veriləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məktubu göndərilsə də, onların heç birinə cavab verilməyib. SSRİ xalq deputatı A. Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb. Əhməd Əhmədov barəsində edam hökmü 17 ay sonra 6 aprel 1990-cı il tarixində icra olunub.

Səməd VƏKİLOV,
Tədqiqatçı-hüquqşünas