“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib
BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Meksikanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində dekabrın 6-da “İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, BMT-nin Qadınlar Agentliyinin Azərbaycan üzrə Proqram rəhbəri Pərvanə Bayramovanın moderatorluğu ilə keçirilən tədbirin məqsədi hüquqşünaslar və Hüquq fakültəsinin tələbələrinin iqlim dəyişikliyi və gender bərabərliyi haqqında məlumatlılığını artırmaqdır.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxışında bildirib ki, gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində təşviqat işlərinin aparılması səfirliyin fəaliyyətinin mərkəzində dayanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında diqqətə çatdırıb ki, hər il kampaniya çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir, ictimaiyyətə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışları edilir, kampaniyanın mahiyyəti haqqında regionlarda maarifləndirici seminarlar təşkil edilir.
Məişət zorakılığı və gender əsaslı zorakılıq ilə mübarizə istiqamətində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə mühüm addımların atıldığını qeyd edən A.Sofiyeva “Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində 7 istiqamət üzrə 6 qanun və 5 fərmana dəyişiklik edildiyini diqqətə çatdırıb.
O bildirib ki, son illərdə dünya miqyasında insan hüquqları ilə ətraf mühit arasındakı sıx əlaqənin getdikcə daha geniş miqyasda tanınması bu problemin təkcə ekoloji deyil, həm də insan hüquqları, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm çağırış olduğuna diqqət çəkir. İqlim dəyişikliyinin gender təsirləri nəticəsində qadınların iqtisadi fəaliyyətinə, sosial mövqelərinə və şəxsi təhlükəsizliyinə mənfi təsirlər qaçılmazdır. Ailələrin ümumi sosial-iqtisadi statusuna təsir göstərən bu faktorlar həm də gender bərabərsizliyini dərinləşdirir, çünki ailədaxili resurs bölgüsü və qərarvermə mexanizmləri gender əsaslı fərqlilikləri daha da gücləndirir.
Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyinə diqqət çəkən A.Sofiyeva əlavə edib ki, həmin tədbirdə qaldırılan digər məsələlərlə yanaşı, gender və uşaq məsələləri də aktual mövzulardan olub, eləcə də qadınların və uşaqların rifahını qoruyan siyasətləri təbliğ etmək üçün unikal imkan yaranıb.
Komitə sədrinin müavinin, həmçinin 17 rayonda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən danışıb, qadınların səlahiyyətləndirilməsi və iqtisadi dayanıqlılığının artırılması istiqamətində görülən işlərdən danışıb.
O, iqlim dəyişikliyinin ailənin sosial-iqtisadi vəziyyətinə (qadın və uşaqların) təsiri barədə komitənin təşəbbüsü ilə hazırlanan araşdırma haqqında məlumat verərək statistik rəqəmləri diqqətə çatdırıb. Həmçinin bildirib ki, ən vacib addım ölkədə “Gender bərabərliyinin təmini üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsidir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası haqqında ətraflı məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci hədəfinin gender bərabərliyinə həsr edildiyini qeyd edərək, 2030-cu ilədək buna nail olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu bildirib. BMT rəsmisi iqlim dəyişmələri və gender əsaslı zorakılığın bütün bəşəriyyətə təsir göstərdiyini vurğulayıb və bu sahədə statistik rəqəmləri qeyd edib.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquq və İnsan Haqları İnstitutu Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov gender əsaslı zorakılıqla mübarizə istiqamətində təkliflər səsləndiriblər.
Tədbir sual-cavab sessiyası ilə davam edib.