SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirdi
Son vaxtlar Bakı və regionlarda “Aİ-92” markalı benzinin qıtlığı ilə bağlı sosial şəbəkələrində çox sayda məlumatlar paylaşılır. Bununla bağlı “APA-Economics” sorğu ilə ölkədə yeganə avtomobil benzini istehsalçısı olan “SOCAR”a sorğu ilə müraciət edib.
Sorğuya cavar olaraq SOCAR-dan bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb.
“Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır”, - məlumatda qeyd olunur.
Bildirilir ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 65-i “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.
Qeyd etmək lazımdır ki, “A-92”, “Aİ-95” “Premium” və dizel ölkədə istehsal edilir, “Aİ-98” “Super” markalı yanacaq isə xaricdən idxal olunur.
Yerli istehsal olan “A-92”, “Aİ-95” Premium və dizel yanacağı, o cümlədən “Super” markalı yanacaq “Avro-5” ekoloji standartına uyğundur.