AQTA: Heyvan və quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Krit adasında xırdabuynuzlu heyvanların çiçək, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat veriblər.

Məlumatda bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.