Masallıda əməliyyat

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

“Paytaxtda və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək”, - deyə məlumatda bildirilib.