Daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırılıb

Fövqəladə Hallar Nazirliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

"Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Göygöl rayonunun Qızılca kəndində fəaliyyət göstərən “Triton-21” MMC-yə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

 Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə də sözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan və manometrlərin dövri yoxlamasının aparılmadığı, məntəqənin maye və təbii qaz təsərrüfatı obyektlərinin fəaliyyəti növünə lisenziya alınmadan istismar olunduğu müəyyən edilib", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.