Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya dəstəyi ilə AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” mövzusunda Beynəlxalq konfrans keçirildi.

Tədbirdə elm və təhsil naziri E.Əmrullayev, AMEA-nın prezidenti, akademik İ.Həbibbəyli, Milli Məclisin sədr müavini, akademik R.Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti Ş.Mustafayev, akademikin qızı AMEA-nın müxbir üzvü S.Məmmədəliyeva çıxış etdilər.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, UNESCO-nun baş direktorunun müavini L.Brito videomüraciətlə konfrans iştirakçılarını salamladılar.

Sonra Beynəlxalq konfrans işini üç panel iclasında davam etdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş  “Elmə həsr edilmiş ömür: Yusuf Məmmədəliyev” mövzusunda “məlumat saatı” keçirdi.                              

Abonement bölməsinin müdiri Lalə Səlimova  elmimizə şərəf gətirən, neft kimyasının memarı olan Yusuf Məmmədəliyevin adının fədakarlığın, elmə sədaqətin, Vətənə xidmətin rəmzi olduğunu qeyd edərək, onun tədqiqatlarının SSRİ məkanında, eləcə də dünyada böyük əks-səda doğurduğunu bildirdi. Yusuf Məmmədəliyevin rəhbərliyi ilə Azərbaycanda güclü neft                                                                                                                    -kimya məktəbinin formalaşmasından, əldə etdiyi elmi nəticələrinin müasir kimya sənayesinin inkişafına təkan verməsindən, onun irsinin Azərbaycan üçün qürur mənbəyi olduğundan  danışdı.                                                                                                                                                                             

Kimya kabinetində keçirilən “məlumat saatı”nda şagirdlərlə: Yusuf Məmmədəliyevin elmi araşdırmaları hansı sahə ilə bağlı idi, Müharibə illərində onun kəşfləri hansı məqsədlə istifadə olunurdu, Yusuf Məmmədəliyevin rəhbərliyi ilə Azərbaycanda nə formalaşmışdı, Yusuf Məmmədəliyev hansı elmi dərəcəni almışdı, alim hansı ordenlərlə təltif olunmuşdu, Yusuf Məmmədəliyev neçə monoqrafiyanın və məqalənin müəllifidir və b. suallar ətrafında diskussiya aparıldı.                                                                                            

   Y.Məmmədəliyevin 120 illiyinə həsr olunmuş Beynəlxalq konfransda və “Elmə həsr edilmiş ömür: Yusuf Məmmədəliyev” mövzusunda keçirilən “məlumat saatı”nda Mərkəzi Kitabxananın Fəxri və fəal oxucuları, alimlər, ziyalılar, KİV və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.