Maduronun ələ keçirilməsi ilə bağlı xəbərlərdən sonra Rusiya XİN ABŞ-a müraciət edib
Rusiya Xarici İşlər Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının ölkədən çıxarılması ilə bağlı yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini bildirib. Bununla əlaqədar rusiyalı diplomatlar ABŞ-a vəziyyəti aydınlaşdırmaq çağırışı ilə müraciət ediblər. Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
“Bu cür hərəkətlər, əgər doğrudan da baş veribsə, müstəqil dövlətin suverenliyinə yolverilməz müdaxilədir. Suverenliyə hörmət beynəlxalq hüququn əsas prinsiplərindən biridir”, — deyə Rusiya XİN-in bəyanatında qeyd olunur.
Şənbə günü, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtı Karakasda və ölkə üzrə bir sıra obyektlərə aviazərbələr endirib. Bundan sonra ABŞ prezidenti Donald Tramp Maduronun birinci xanım Siliya Floreslə birlikdə ələ keçirildiyini və ölkədən çıxarıldığını açıqlayıb.

