ERMƏNİSTANIN HƏRBİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ TALANA MƏRUZ QALAN YERALTI TƏBİİ SƏRVƏTLƏRİMİZ

30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalda saxlanılmış Azərbaycan Respublikasının əzəli əraziləri olan Qarabağın özünəməxsus geoloji quruluşu, filizsaxlayan kompleksləri, geoloji-tektonik inkişaf şəraiti, metallogenik xüsusiyyətləri vardır. Bu ərazi müxtəlif formasiyalarda təşəkkül tapmış bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malik olan Kiçik Qafqaz meqaantiklinoriumunun cənub-şərq hissəsini əhatə edir.
Araşdırmalar göstərir ki, Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikası ərazilərinin faydalı qazıntılarının öyrənilməsi üçün aparılan geoloji, geofiziki və hidrogeoloji axtarış, qiymətləndirmə və kəşfiyyat işlərinə təkcə XX əsrin 60-80-ci illərində faktiki olaraq 50 milyondan çox sovet rublu həcmində maliyyə vəsaiti sərf edilmişdi. Məhz, bunun nəticəsidir ki, aparılmış geoloji-planalma, geoloji-axtarış, geofiziki, geokimyəvi və s. işlər nəticəsində müxtəlif genetik və geoloji-sənaye tipinə aid filiz və qeyri-filiz faydalı qazıntı yataqları və təzahürləri aşkar edilmiş, eləcə də bir sıra perspektivli sahələr və zona­lar müəyyən edilmişdi.
Düşmən işğalına məruz qalmış Azərbaycan Respublikası əraziləri işğal olunanadək müddətdə ehtiyatları təsdiq olunmuş 167 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 20 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.
Bu yataqlarda 205,3 ton Au, 251,1 ton Ag, 1 788,2 ton Hg, 1000 ton Sb (sürmə), 526,4 min ton Cu, 40,4 min ton Zn, 37,3 min ton Pb, 18,5 min ton Mo, 266,9 ton Se, 46,7 ton Te, 211,2 ton Cd, 274,4 min ton S, 8.5 milyon ton daş kömür, 7,3 milyon ton gəc, 2.1 milyon ton vermikulit (təkcə Laçın rayonunda), 129,8 milyon ton soda istehsalı üçün əhəngdaşı, 2 337,6 ton obsidian, 1 766 ton mərmərləşmiş oniks, 786 ton nefritoid, 1,1 min m3 listvenit, 915 ton jadeit, 1615,5 ton yəşəm, 1094,6 ton dekorativ felzit, 191,6 milyon m3 mişar daşı, 61,4 milyon m3 üzlük daşı, 46,7 milyon m3 tikinti daşı, 36,2 milyon ton əhəng xammalı, 18,9 milyon m3 gil, 282,3 milyon ton sement xammalı, 193,1 milyon m3 qum-çınqıl, 13,5 milyon m3 qum, 18,0 milyon m3 perlit, pemza-vulkan külü, 434,4 min m3/gün yeraltı şirin su və 7 805 m3/gün mineral su ehtiyatları var idi. Bu ehtiyatlar Azərbaycan Respublikası faydalı qazıntılarının Dövlət və Sahə balansında qeydiyyata götürülmüş yataqlarda mövcud olan ehtiyatlardır.
Ümumiyyətlə isə, Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilmişdi.

Qızıl yataqları və onların talanı
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə sənaye ehtiyatları təsdiq olunaraq Azərbaycan Respublikasının Dövlət və Sahə balansına qəbul edilmiş 3 məxsusi qızıl filizi yatağı və hərəsi özündə 7 təzahürü birləşdirən 2 zona mövcud idi.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmış mineral-xammal ehtiyatlarından danışarkən, ilk növbədə Ermənistanla sərhəddə yerləşən böyük ehtiyatlara malik olan Söyüdlü (Zod) qızıl yatağı yada düşür.
Yataq Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun sərhəd xəttində - Zəngəzur dağlarının yamacında, suayrıcı yaylaq ərazidə dəniz səviyyəsindən 2300 - 2500 m yüksəklikdə yerləşir. Yatağın kiçik bir hissəsi Göyçə mahalına keçir və təsdiq olunmuş ehtiyatlarına görə Azərbaycanda ən böyük qızıl yatağıdır.
Tədqiqatçı geoloqlar hesabatlarında qeyd etmişlər ki, Söyüdlü qızıl yatağında DEK-nin 21.11.1980-cı il 8635 saylı və "Azərgeologiya" İB Balans Komissiyasının 27.06.1991-ci il 6 saylı protokolları ilə 132,63 ton qızıl təsdiq olunsa da hasilat zamanı dərinlik və cinahlar hesabına qızılın miqdarı artaraq 300 tona çatacaqdır.
Bu gün erməni mənbələri xarici şirkətlərin tədqiqatının nəticəsi kimi də yataqda 370 ton (12 milyon unsiya) qızıl ehtiyatının olduğunu göstərirlər.
Yatağın nüvəsi olan mərkəzi hissənin qızıl ehtiyatlarının 90 %-i Azərbaycan Respublikası ərazisində yerləşən 7 filiz cismində cəmlənmişdir.
Söyüdlü (Zod) qızıl yatağı 1951-ci ildə Azərbaycan ərazisində 1955-ci ilə qədər bütün növ geoloji kəşfiyyat işlərinin aparan SSRİ DİN-nin "Qafqazqızılkəşfiyyat" kontoru tərəfindən aşkar edilmiş və 1956-cı ilə qədər Azərbaycanın Kəlbəcər rayonu ərazisində aparılan kəşfiyyat işlərini "Gürcüstanqızıl" və "Qafqazqızılkəşfiyyat" kontorları aparmışdır.
Aşkar olunmuş Söyüdlü (Zod) qızıl yatağının əksər hissəsinin Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq, "Qafqazqızılkəşfiyyat" kontorunun ləğvindən sonra aydın olmayan səbəblərdən sabiq SSRİ Geologiya Nazirliyinin 1955-ci il 02 iyun tarixli 468 nömrəli əmri ilə yatağın sonrakı kəşfiyyatı Ermənistan Geologiya İdarəsinə verilmişdir.
1 may 1955-ci il tarixinə olan bütün geoloji-topoqrafik sənədlər də bu idarəyə verilmişdir ki, bu da Kreml tərəfindən yerin təkinin geoloji cəhətdən öyrənilməsinin əsas prinsiplərinin və SSRİ-nin yer təkindən istifadə haqqında qanunvericilik aktlarının tələblərinin kobud şəkildə pozulması demək idi.
Beləliklə də, 1955-ci ildən başlayaraq intensiv geoloji kəşfiyyat işləri aparılan sahəyə çevrildi. 1960-cı ildə yatağın Azərbaycan hissəsinin ehtiyatları təsdiq olundu. Tikintisi gedən Ermənistanın qızılçıxarma kombinatını xammalla təmin etmək üçün 01 iyul 1965-ci ildə yatağın ehtiyatları yenidən təsdiqləndi.
Keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyat Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Söyüdlü (Zod) qızıl yatağının bütövlükdə Ermənistan ərazisinə aid olması qəbul edilmişdi. Heç bir hüquqi əsas olmadan Söyüdlü (Zod) qızıl yatağının ehtiyatları təsdiq edilmiş və yataq Ermənistan SSR Əlvan Metallurqiya İdarəsinin balansına verilmişdi. Buna səbəb isə Tbilisidə Geodeziya Dövlət Nəzarəti şöbəsinin rəisi olan erməni Qabrielyantsın vasitəsilə 1950-1960-cı illərdə nəşr olunan topoqrafik xəritələrdə Misqaynaq silsiləsində Basarkeçər rayonu ilə Kəlbəcər rayonu arasında 1,5 km məsafədə 2547,5 m yüksəklikdən keçən sərhəd xəttinin göstərilməməsi idi. SSRİ DEK da sərhəd xəttinin göstərilməməsinə biganə qalmışdır ki, bu da tarixən Azərbaycan tərəfinə olan laqeydlik və qəsdən zərbə vurmaq məqsədinə xidmət edən hallardan biri idi.
Texniki sənədlərin saxta tərtibi SSRİ DEK-nın yatağın sənaye işlənməsini Ermənistanın Əlvan Metallurgiya İdarəsinə tapşırması ilə nəticələndi. 1966-cı ildən Söyüdlü (Zod) qızıl yatağında geoloji kəşfiyyat işləri Ermənistan SSR-in Əlvan Metallurgiya İdarəsinin İstehsalat geoloji-kəşfiyyat tresti tərəfindən həyata keçirilmiş və onlar yeni ehtiyatlar kəşf etmişlər.
Söyüdlü (Zod) qızıl yatağının Azərbaycan hissəsində Ermənistan Əlvan Metallurgiya İdarəsinin İstehsalat geoloji-kəşfiyyat tresti tərəfindən aparılan geoloji kəşfiyyat işləri, sonradan isə “Erm.qızıl” tərəfindən aparılan hasilat işləri Azərbaycan tərəfi ilə razılaşdırılmırdı. Bunlar Azərbaycan SSR-nin ərazi geoloji qurumlarında müvafiq qaydada qeydə alınmamış və qızılın çıxarılmasından Azərbaycan SSR büdcəsinə heç bir gəlir daxil olmamışdır.
Söyüdlü (Zod) qızıl yatağı üçün Dağ-mədən ayırma sənədi SSRİ Əlvan metal Nazirliyinin “Elmi-tədqiqat Qızıl” İnstitutu tərəfindən Azərbaycan ərazisi üçün tərtib olunmuş layihə əsasında SSRİ Əlvan metal Nazirliyinin “Erm.qızıl” birliyinin təqdimatı ilə Azərbaycan tərəfi ilə razılaşdırılmadan Ermənistan SSR “Dağmədənnəzarət” kompleksi tərəfindən işlənilmişdir.
1976-1980-ci illərdə qızıl yataqlarının yerləşdiyi ərazidən asılı olmayaraq İttifaq hökümətinə mənsub olması bəhanəsinə baxmayaraq, xalqımızın böyük oğlu Heydər Əliyev, o vaxt üçün böyük cəsarətlə və uzaqgörənliklə hərəkət edərək bu yatağın çox hissəsinin Azərbaycana qaytarılması üçün bütün imkanlardan istifadə etmişdi.
Belə ki, Moskvada saxlanılan 1:100 000 miqyaslı toxunulmaz xəritənin üzü çıxarılmış, xəritələrdə qəsdən buraxılmış qeyri-müəyyənliyə son qoyulmuş, yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsi sübuta yetirilmiş və yatağın 100 tona qədər ehtiyatının Azərbaycana aid olması təsdiqlənmişdir.
1977-ci ildə Azərbaycan tərəfinin qəti etirazları əsasında Azərbaycan və Ermənistan SSR hökumətlərinin tapşırığı ilə Yerevan şəhərində Ermənistan SSR-in Əlvan Metallurgiya İdarəsinin İstehsalat geoloji-kəşfiyyat trestində səlahiyyətli nümayəndələr tərəfindən Söyüdlü (Zod) qızıl yatağının ehtiyatları 01.01.1977-ci il tarixindəki vəziyyətinə görə bölünmüşdür. Bu bölgüyə görə B+C1 kateqoriyası üzrə 67,2 %, C2 kateqoriyası ilə 73,2 % ehtiyatlar Azərbaycan ərazisində yerləşirdi. Bunu da qəbul edə bilməyən ermənilər imzalanmış protokolun həyata keçirilməsinə mane oldular. Bir cəhətə də diqqət yetirmək gərəkdir ki, dünya təcrübəsində bütün topoqrafik xəritələrdə sərhədlər suayrıcı ilə göstərildiyi halda ermənilər qızıl ehtiyatlarına sahib olmaq üçün sərhədləri yollar və cığırlarla verməyə cəhd edirdilər. Azərbaycan tərəfi dəfələrlə İttifaq və Ermənistan mərkəzi orqanları qarşısında məsələ qaldırsa da Kreml tərəfindən çıxarılmış qızıla görə Azərbaycan SSR-ə kompensasiya ödənilməsi, torpaqların rekultivasiyası, istismar işlərinin reqlamenti müəyyənləşdirilmədi.
Əvəzində isə Azərbaycanın suveren hüquqlarını pozaraq SSRİ “Başalmazqızıl” və “Erm.qızıl” İB Azərbaycanın yer təkinin istismarına davam etdilər.
Azərbaycan hökuməti 15 fevral 1991-ci il tarix­li teleqramla SSRİ “Başalmazqızıl” birliyinin rəisi V.V.Rudakova müraciət edərək ərazi bütövlüyünü əsas götürərək Kəlbəcər rayonu ərazisində kəşfiyyat və istismar işlərinin dayandırılması və Söyüdlü (Zod) qızıl yatağının ehtiyatlarının bölünməsini tələb etmişdir.
SSRİ “Başalmazqızıl” birliyinin rəisi V.V.Rudakov tərəfindən tərəflərin səlahiyyətli nümayəndələrindən ibarət komissiya yaradıldı. Erməni tərəfi isə ərazi iddiası irəli sürməyə başladı. Ermənilər ehtiyatların bölünməsi üçün lazım olan geoloji sənədləri komissiyaya təqdim etmədilər. Bir müddət sonra SSRİ “Başalmazqızıl”yatağın qızıl ehtiyatlarının 01.01.1991-ci il tarixinə bölünməsi üçün 2 variant təklif etdi:
- 1-ci variantda respublikalar arasında sərhəd sırf suayrıcı boyu Misqaynaq dağından keçir. Bu halda ehtiyatların 73,3 %-i Azərbaycanın, 26,7 %-i isə Ermənistanın payına düşür.
- 2-ci variant məsələnin həll olunmasına qədər olan kompromis. Bu variantda sərhəd Misqaynaq dağından suayrıcı boyu sərhəd xətti ilə dağın qərb yamacından ermənilərin xəritədə göstərdikləri uydurma sərhədin ortasından keçirdi. Bu halda ehtiyatların 52,73 %-i Azərbaycanın, 42,27 %-i isə Ermənistanın payına düşür.
Ermənilər hər iki variantdan və hətta yatağın Kəlbəcər rayonu ərazisində yerləşməsi faktından imtina etdilər.
Əslində isə həqiqət belədir ki, 1918-ci ildə Azərbaycanda Demokratik respublika yarananda, hətta 1920-ci ilin aprel ayında sovet hakimiyyəti qurulduqdan sonra da Söyüdlü (Zod) qızıl yatağının bütün ərazisi Azərbaycan ərazisi kimi tanınırdı. Yalnız 1920-ci ilin dekabrında Kreml tərəfindən göndərilmiş erməni “inqlabçılarının” iştirak etdiyi Azərbaycan İnqilab Komitəsinin deklarasiyasından sonra ərazinin bir hissəsi Ermənistana verilmişdir.
Bu gün də Azərbaycanın əzəli torpaqları olub da 1920-ci ildə Ermənistana verilən Azərbaycanın tarixi ərazisində yerləşən Söyüdlü (Zod) qızıl yatağını bütövlükdə tələb etmək Azərbaycan Respublikasının hüquqi haqqıdır.
Keçmiş SSRİ-nin Dövlət Geodeziya və Kartoqrafiya idarəsinin Mərkəzi Kartoqrafik Fondunun arayışına əsasən Zaqafqaziya SFSR ləğv olunduqdan və Zaqafqaziya respublikaları SSRİ-nin tərkibinə daxil olduqdan sonra onlar arasında sərhədlərdə dəyişiklik edilməmişdir. Respublika sərhədlərinin dəqiqləşdirilməsinə həsr edilmiş Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR MİK və Xalq Komissarlarının kənd təsərrüfatı nümayəndələrinin keçirdiyi respublikalararası iclasın 5 mart 1938-ci il tarixli protokolu ilə 1:500000 miqyaslı xəritədə sərhəd xətləri dəqiqləşdirilmiş və respublikalar tərəfindən təsdiq edilmişdir. Sonralar 1942-1945-ci illərdə respublika əraziləri üçün 1:100000 miqyaslı topoqrafik xəritələrinin tərtibi zamanı sərhədlərin qrafik xətləri bu xəritələrə 1938-ci ildə təsdiq edilmiş 1:500000 miqyaslı xəritələr əsasında köçürülmüşdür. 1945-ci ilin may ayında Azərbaycan SSR və Ermənistan SSR arasında keçirilmiş respublikalararası iclasda 1:100000 miqyaslı topoqrafik xəritələrdə sərhədlərin qrafik xətləri yenidən dəqiqləşdirilmiş və iclas iştirakçıları tərəfindən imzalanmışdır. Bu topoqrafik xəritələrdən Söyüdlü (Zod) qızıl yatağı sahəsində sərhəd xətləri Misqaynaq dağının qərbində 2547,8 m yüksəklik nöqtəsindən başlayır və bütün yerlərdə suayrıcı boyu gedir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti ilə 1969-cu ildə razılaşdırılmış 1:100000 miqyaslı növbəti xəritədə də sərhəd suayrıcı boyu keçir. Aşağıdakı xəritələrdə də Söyüdlü (Zod) qızıl yatağı zonasında respublikalar arasındakı sərhədlər suayrıcı boyu keçir:
- Azərbaycan SSR və Ermənistan SSR Xalq Komissarları Soveti yanında Dövlət Geodeziya və Kartoqrafiya idarəsinin səlahiyyətli nümayəndələri ilə razılaşdırılmış və 1943-cü ildə Sovet Ordusunun Baş Qərərgahı tərəfindən çap olunmuş 1:100000 miqyaslı xəritə;
- Sovet Ordusunun Baş Qərərgahı tərəfindən 1956-cı ildə çap olunmuş 1:100000 miqyaslı xəritə;
- Sovet Ordusunun Baş Qərərgahı tərəfindən 1979-cu ildə çap olunmuş 1:100000 miqyaslı xəritə.
Söyüdlü (Zod) qızıl yatağının ehtiyatlarının bölünməsi ilə əlaqədar əlaqədar komissiyanın işində istifadə edilməsi üçün 1991-ci ilin fevral ayında SSRİ “Başalmazqızıl” birliyinin xahişi ilə SSRİ Dövlət Geodeziya və Kartoqrafiya İdarəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunmuşdur:
1. 1979-cu ildə Sovet Ordusunun Baş Qərərgahı tərəfindən çap olunmuş 1:100000 (K-38-140) miqyaslı topoqrafik xəritənin yataq yerləşən hissəsi;
2. Tərflərin 1945-ci ilin may ayında razılaşdırdığı Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlər 1943-cü ildə 1:100000 miqyaslı növbətçi xəritəyə uyğun olaraq çap olunmuş xəritə;
3. 1979-cu ildə çap olunmuş xəritədə karxananın sərhədləri;
1990-cı ildə kosmik çəkilişlərin məlumatı.
SSRİ “Başalmazqızıl” birliyinin rəisinin birinci müavini E.A.Kompanseyvin sədrlik etdiyi işçi komissiyanın 21.01.1991-ci il tarixli iclasında erməni tərəfinin razı qalmadığı sərhədlər göstərilmiş 1945-ci il topoqrafik xəritəsinə istinad etmiş olsaq, Söyüdlü (Zod) qızıl yatağının mərkəzi hissəsi və digər filiz cisimlərinin çox hissəsi Azərbaycan Respublikasının ərazisində yerləşir.
Beləliklə də, tarixi Azərbaycan torpaqlarında təşəkkül tapmış nəhəng Söyüdlü (Zod) qızıl yatağı Azərbaycan Respublikasına məxsusdur və bu ədalətin uzun müddət ərzində pozulmasına göz yumulur.
1976-cı ildən Ermənistan tərəfi real olaraq Söyüdlü (Zod) qızıl yatağının mərkəzi hissəsində açıq və yeraltı üsullarla sənaye istismarına başlamış, paralel olaraq cinah­larda və dərin horizontlarda istismar kəşfiyyatı və əlavə kəşfiyyat aparılmışdır. Hazırda onun üst hissəsi 150m-dək dərinliyə qədər açıq üsulla işlənilmişdir.
1977-ci ildən sonra Ermənistanın qızıl ehtiyatının sənaye miqyasında Azərbaycana məxsus Söyüdlü (Zod) qızıl yatağının mərkəzi hissəsinin hesabına olmuşdur.
SSRİ Qızıl Ehtiyatlarının Dövlət Balans Fondunun məlumatına görə 1977-1989-cu illərdə Ermənistan tərəfi Söyüdlü (Zod) qızıl yatağından 27,6 ton qızıl əldə etmişdir.
Yatağın istismarı 1992–ci ildə dayandırılmış, lakin 1996–cı ildə ABŞ mütəxəssisləri yataqda geoloji kəşfiyyat işlərinə başlamışlar. Son vaxtlar isə yataq vəhşıcəsinə istismar olunur.
1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda filizçıxarma üzrə dağ-mədən işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın aktivləri "STERLİTE GOLD LTD" şirkətinə məxsus, baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən və səhmləri isə Toronto fond birjasında hərraca çıxarılan "First Dynasty Mines" ("FDM") şirkəti arasında 63,3 milyon ABŞ dolları məbləğində müqavilə bağlanılmışdır.
"STERLİTE GOLD " LTD Hindistanın məşhur Vedanta Resources beynəlxalq şirkətinə məxsus idi.
24 iyun 1998–ci il tarixdə ("FDM" şirkəti Ermənistanın "Ararat Gold Recovery Company" dövlət təşkilatının səhmlərinin 50%–ni alaraq, qızılçıxarma işlərinə başlamış, 2002–ci ildə səhmlərin qalan 50 %–ni də əldə edərək, həmin şirkətin tam hüquqlu sahibi olmuşdur. Yenidənqurma və xarici avadanlıqların quraşdırılması ilə əlaqədar 1999–2000–ci illərdə ("FDM" yataqda filizçıxarma işləri aparmamış, hasilat işlərinə 2001–ci ildə başlamış və 58 % artımla maksimal göstərici əldə etmişdir. Ermənistanın qızılçıxarma tarixində il ərzində 2 tondan artıq qızıl hasil etmək mümkün olmadığı halda, bir sıra mənbələrin verdiyi məlumatlara görə First Dynasty Mines (FDM) şirkəti Söyüdlü (Zod) yatağından 2002-ci ildə 1,8 t, 2003-cü ildə 2 tondan çox, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 tondan çox, 2006-cı ildə isə 5 tondan artıq qızıl çıxarıb və sonrakı illərdə də həmin talançılıq artan tempdə davam etdirilmişdir.
2005–ci ilin əvvəllərində "FDM" tərəfindən Zod yatağında ümumi dəyəri 70 min ABŞ dolları olan filiz nümunələrinin tədqiqi laboratoriyası inşa edilmiş, Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində aparılan geoloji–kəşfiyyat işlərinə 4 milyon ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Şirkət 2005–ci ilə qədər Dağlıq Qarabağ bölgəsində qızılçıxarma sahəsinə 22,1 milyon, sonrakı iki ildə daha 12 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır.
"FDM" şirkəti tərəfindən Ermənistanın razılığı ilə Zod yatağı sahəsində 20 kilometr diametr boyu ərazilərdə geoloji–kəşfiyyat işlərinin aparılması nəzərdə tutulmuş, geoloji kəşfiyyatın prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə peyk vasitəsilə Söyüdlü (Zod) qızıl yatağının ətrafında tədqiqat çəkilişləri aparılmışdır.
Bundan başqa Yerevan şəhərinin yaxınlığında yerləşən Ararat qızıl saflaşdırma fabrikində (bu fabrik gecə-gündüz işləyir) uzun illər toplanmış tullantılardan qalıq qızılın ayrılması üçün 1997-ci ildə "Kilborn" şirkəti ilə 12,2 mln. ABŞ dolları dəyərində müqavilə bağlanmışdır və tullantılardan hər il 400 kq qızıl alınır.
2005-ci ildə ərazidə olmuş Kəlbəcər rayonundan olan şahid bildirirdi: - "Zod qızıl yatağında ağır tonnajlı maşınların hərəkəti üçün dairəvi yollar var. Karxanada açıq üsulla aparılan işlər nəticəsində əvvəlkindən xeyli çox sahədə iş gedir. Karxananın səviyyəsi 100-120 metr aşağı düşərək, Söyüdlü çayına çatmaq üzrədir. Yaponiya istehsalı olan yükləyicilər maşınları bir neçə dəqiqəyə yükləyir, maşınlar isə qızıl filizini Zod aşırımındakı turbinlər vasitəsi ilə vaqonlara yükləyirdilər. Bizim müşahidə apardığımız 2-3 saat ərzində aramsız iş nəticəsində 2 eşalon filiz yola saldılar".
"FDM" şirkətinin açıq mənbələrdə yaydığı məlumata görə, Söyüdlü (Zod) qızıl yatağından Ararat kombinatına gətirilən yük daşımalarına ayrılmış maliyyə vəsaiti şirkətin bütün xərclərinin 50 %–ni təşkil edir. Bir ton filizin Söyüdlü (Zod) qızıl yatağından Ararat fabrikinə nəql edilməsi 4,2 ABŞ dollarına başa gəlir. Bir ton filizdən isə 999 əyarlı 4 qrama yaxın qızıl əldə edilir.
Daşınma xərclərini azaltmaq məqsədilə, "FDM" şirkəti Ermənistan hökumətinə Söyüdlü (Zod) qızıl yatağı yaxınlığında tərkibində qızılın faizi az olan filizin emalı üçün qızılçıxarma fabrikinin inşası layihəsini təqdim etmiş, lakin Ermənistan hökuməti ekoloji zərəri baxımından fabrikin tikintisinə icazə verməmişdir. Öz ərazisində kiçik ekoloji standartların pozulmasına belə yol vermək istəməyən Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri necə gəldi talan etməklə həmin ərazilərdə ekoloji normativləri kobud şəkildə pozur və ətraf mühitə sağalmaz yaralar vurur.
Ermənistan hökuməti qızılçıxarma sahəsinə yeni sərmayələrin yatırılması məqsədilə Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparmışdır.
Bu proseslər fonunda, sonralar Ermənistanın rəsmi dairələrinə yaxın KİV-də, həmçinin Rusiya mətbuatında "FDM" barədə mənfi rəy formalaşmasına xidmət edən dezinformasiya xarakterli materiallar yayılmış, həmçinin, şirkətdə işləyən Ermənistan vətəndaşlarının şirkət rəhbərliyinə qarşı etiraz aksiyaları keçirilməsinə təhrik edilməsi müşahidə olunmuşdur. Belə aksiyalar "Ararat Gold Recovery Company"də (“AGRC”) çalışan 500 nəfər yerli vətəndaşın 2005–ci ilin iyun ayında işdən çıxarılması ilə nəticələnmişdir. Bu qəbildən olan tədbirlərin keçirilməsi "FDM" ilə Ermənistan hökuməti arasında əldə edilmiş razılığa yenidən baxılması və ya bu şirkətin fəaliyyətinin dayandırılması məqsədi güdürdü.
2006-cı ildən Hindistan Vedanta Resources şirkəti qeyri-qanuni qızıl emalında, yəni emal olunmuş qızıl və gümüşün gizlədilməsində ittiham olunaraq, lisenziyasına xitam verilmişdir.
Məhz, bunun nəticəsidir ki, 2007-ci ildə Rusiya­da fəaliyyət göstərən “GeoProMining LTD” şirkəti "FDM"-nin səhmlərinə bütövlüklə yiyələndi. 2008-ci ildən başlayaraq Söyüdlü (Zod) qızıl yatağının istismarı “GeoProMining LTD” şirkəti tərəfindən ən yüksək texnologiyalarla həyata keçirilir, şirkət bu sahədə 140 milyon ABŞ dollarından çox investisiya qoymuşdur və bu investisiyanın bir hissəsi Ararat qızılayırma fabrikinin yenidən rekonstruksiyasına sərf edilmişdir. Şirkət qızılı həm də Marneulidəki kombinatda emal edir. “GeoProMining LTD” şirkətlər qrupunun prezidenti Roman Xudolıy 2014-cü ilin aprelində jurnalistlərə bildirmişdir ki, şirkətin Ermənistana qoyduğu investisiyanın ümumi miqdarı 400 milyon ABŞ dolları həcmindədir. 2014-cü ildən şirkət Ararat qızılayırma fabrikində Avstraliya şirkətinə məxsus “Albion” texnologiyasının tətbiqinə keşmişdir ki, bu da şirkətin dünyada ikinci olaraq bu texnologiyaya yiyələnən şirkət olmasını göstərir.
Ermənistanda, Zəngilanda və Kəlbəcərdə qızıl hasilatı ilə məşğul olan ABŞ-ın “Global Gold” kompaniyası Kəlbəcərdə kiçik zavod da tikmişdir.
Diqqət yetirsək görərik ki, təkcə 370 ton ehtiyatı olan Söyüdlü (Zod) qızıl yatağının istismarına neçə xarici şirkət dəvət olunmuşdur ki, burada da məqsəd yalnız talanın sürətini artırmaq olmuşdır.
Qızıl yataqlarından götürülmüş filizin saflaşdırılması həyat üçün təhlükəli sianid üsulu ilə aparılır və zəhərli sular su mənbələrinə axıdılır. Qeyd etmək lazımdır ki, yatağın açıq üsulla istismarı nəticəsində Kəlbəcər rayonunun 500 hektardan çox ərazisi tamamilə yararsız hala salınmışdır.
Ermənilərin Drombon adlandırdıqları Qızılbulaq yatağı Qarabağın dağlıq hissəsində - keçmiş Ağdərə rayonunda yerləşir. İşğal olunanadək müddətdə yataqda dəqiq kəşfiyyat işləri aparılmış, qızılın C1 + C2 kateqoriya üzrə sənaye ehtiyatları 1990-cı ildə Dövlət Komissiyasında 10813 saylı protokolla təsdiq edilmişdir. Yataq üzrə qızıldan başqa gümüş, mis, selen, tellur ehtiyatları da təsdiq edilmişdir.
Keçmiş sovet dövründə yataq istismara hazırlanmışdı. Tədqiqatlara əsasən yatağın işlənməsində ən optimal variant filizin flotasiyası və flotasiya tullantılarının sianidləşməsini daxil edən kombinalı texnoloji sxem üzrə alınır. Bu sxem üzrə qızılın ümumi çıxışı 90% (flotasiyada 44,7 %, sianidləşmədə - 45,3 %), gümüşün çıxımı isə 80 %-dir. Dağ-geoloji şəraitinə görə yatağın istismarı aşıq üsulla aparılmalı idi.
2002–ci ilin avqust ayında yaradılmış "Base Metals" Ltd şirkəti artıq 18 ildən çoxdur ki, Ağdərə (Marda­kert) rayonunun Qızılbulaq (Drombon) kəndindəki mis–qızıl mədənlərini işlədir. Drombon (Heyvalı) kəndinin yaxınılığında Ermənistanın "Vallex Group" şirkətinin "Base Metals"ın törəmə strukturunun 2002-ci ilin avqustunda istifadəyə verdiyi kombinatla qızıl-mis yatağının istismarı artıq bu yatağın tamamilə yox olması deməkdir. Təkcə xatırlatmaq kifayətdir ki, həmin kombinat son 14 ildə dövlət büdcəsinə 197,5 milyon ABŞ dolları xalis gəlir verib.
"Base Metals" Ltd şirkəti "Vallex Group"a məxsus Avstraliyanın "İnternational Base Metals Limited" şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Onun sahibi erməni əsilli rusiyalı sahibkar V.Meclumyandır. Bu şirkət hazırda separatçı "DQR" iqtisadiyyatının dayağıdır.
Şirkət 2003-cü ildə Drombon mədəninin (Qızılbulaq yatağı) istismarına başlamış və tezliklə Dağlıq Qarabağın bir nömrəli kreditoru adını almışdır.
REGNUM informasiya agentliyi 21.04.2004-cü il tarixdə, saat 16.54-də verilən xəbərində bildirirdi ki, "Base Metals" Dağlıq Qarabağın iqtisadiyyatına 7 milyon ABŞ dolları investisiya qoymuşdur. Qondarma "DQR" höküməti dağ filiz sənayesini ən çox gəlir gətirən perspektivli sahə hesab edir.
Cəmiyyətin icraçı direktoru Artur Mkrtumyanın REGNUM informasiya agentliyinə verdiyi məlumatda deyilirdi: “mədəndə hər ay 12 min ton filiz çıxarılır və dağsaflaşdırma kombinatında emal edilir. Ay ərzində orta hesabla 1200 ton konsentrat istehsal edilir. Konsentrat əsasən Ermənistana gətirilir, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Hazırda Drombon mis-qızıl mədəninə 7 milyon ABŞ dolları məbləğində vəsait qoyulmuşdur. Kombinatda 750 nəfər işləyir, onların orta aylıq əmək haqqı 110-120 min dram təşkil edir, aylıq əmək haqqı fondu 100 milyon drama çatır. Kombinat günün 24 saatı 4 növbəli iş rejimi ilə fəaliyyət göstərir. Mədənin ehtiyatları 20 il ərzində aktiv sənaye fəaliyyətinə imkan verir. Hazırda istismar prosesi ilə paralel olaraq Qarabağ ərazisinin qiymətli yataqlarında, həmçinin yataqlar ehtimal edilən yerlərdə geoloji xidmət tərəfindən tədqiqat işləri aparılır. Məsələn, Mardakert rayo­nunun Saxkaşen kəndi ərazisi öyrənilir.”
"Base Metals" şirkəti hələ 2004–cü ildə Qızılbulaq (Drombon) yatağından 150 min ton filiz çıxarmış, ondan 15 min ton konsentrat almışdır. Sonrakı dövrdə isə ildə 340 min ton filiz çıxarılmaqla 40 min tondan çox konsentrat alınmışdır. 2008-2009-cu illər ümumdünya maliyyə-iqtisadi böhranı zamanı bəzi çətinliklər qeydə alınsa da, ümumi qiymətləndirdikdə şirkət Dağlıq Qarabağda işlədiyi müddət ərzində bütün istiqamətlərdə fasiləsiz inkişaf etmişdir. 2003-cü ildə işə başlayarkən şirkətin 471 işçisi var idi, 789 milyon dram ümumdaxili məhsul vermişdi və dövlət büdcəsinə 197 milyon dram ödəmişdi.
2011-ci ildə isə "Base Metals" şirkətinin ümumi daxili məhsulu 17 milyard 800 milyon. dram olmuş, dövlət büdcəsinə isə təxminən 5 milyard dram vəsait ödəmiş, təxminən 1 200 nəfər işçisinə 3 milyard dram əmək haqqı vermişdir. Fəaliyyətə başladığı dövrdən 2012-ci ilə qədər şirkət Dağlıq Qarabağa 85 milyon ABŞ dolları sərmayə yatırmışdır. Qondarma “DQR”- in vergilər xidmətinin məlumatına əsasən 2014-cü ilin ilk yarısında "Base Me­tals" dövlət büdcəsinə 3 185 322 000 dram vergi ödəmişdir. Bu dövrdə təkcə sosial-sığorta üzrə ödəmələr 285 milyon dram olmuşdur.
Hələ 2013-cü ildə "Base Metals" şirkətinin baş direk­toru Artur Mkrtumyan bildirirdi ki, 8 illik kompleks axtarış-kəşfiyyat işlərindən sonra nəhəng Dəmirli (Kaşen) yatağındakı faydalı qatın izinə düşüblər və geoloji kəşfiyyat işlərində müasir İsveç buruqqazma texnologiyasından istifadə olunmuşdur. Baş direktor qeyd edirdi ki, Drombon (Qızılbulaq) yatağından 3,2 milyon ton filiz çıxarılıb və cəmi 0,4 milyon ton filiz ehtiyatı qalan yatağının ehtiyatları 2015-ci ildə qurtaracaqdır. Artur Mkrtumyan Drombon (Heyvalı) Kombinatında il ərzində 600 min ton Dəmirli (Kaşen) və 100 min ton Drombon (Qızılbulaq) yatağının filizini saflaşdırıldığını bildirir. O, şirkətdə 1400 nəfərin çalışdığını, bunlardan 300 nəfərin Kaşen yatağı üçün nəzərdə tutulan 500-700 nəfər işçisi olacaq yeni kombinatın tikiləcəyi yerdə təmizləmə işləri apardığını deyir. Sevincli görünən baş direktor Kaşen (Dəmirli) yatağından ildə 14-15 min ton təmiz mis alınacağını və bunun da Drombon (Qızılbulaq) yatağından çıxarılan misdən 2-2,5 dəfə çox olmaqla 100 milyon ABŞ dolları demək olduğunu vurğulayır. Bu mənfur insanın sevincini başa düşmək çətin deyildir, çünki o, talan etməklə qazanclarının bundan dəfələrlə çox olacağını əvvəlcədən bilirdi.
"Base Metals" şirkəti eyni zamanda 20 sahədə geoloji kəşfiyyat işləri aparmaqla Qondarma "DQR" ərazisində yer təkinin öyrənilməsini həyata keçirirdi.
Digər erməni şirkəti olan “Armenian Copper Proqramm” (sahibləri Lixtenşteyn və İsveçrə) 2009-cu ildə Qızılbulaq yatağından 40 min ton konsentrat hasil etmiş və 9,5 ton mis istehsal etmişdir. Erməni mənbələri xəbər verir ki, Ağdərə rayonundakı yataqlara da nəzarət edən "Armenian Copper Programme" təkcə 2012-ci ildə 8 milyon ABŞ dolları təmiz gəlir əldə etmişdir.
Məlumdur ki, Alaverdi misəritmə zavoduna konsentratın 55 %-i Qızılbulaq (Drombon) yatağından daxil olur.
Bütün statistik göstəricilər onu sübut edir ki, Qızılbulaq (Drombon) yatağı ehtiyatları iki dəfə artıq həcmi ilə istismar edilib qurtarmışdır.

Vejnəli qızıl yatağı Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq geoloji-sənaye növünün kvars-qızıl-sulfid tərkibli damar tipinə aid edilir.
Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl yataqları kvars-xalkopirit, kvars- karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır. Filizdə sulfidlərin miqdarı 4-4,5 %-dir. Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 metrə qədər dəyişkən olması ilə səciyyələnir. Əsas filiz mineralları pirit, xalkopirit, qalenit və xalkozindir. Əsas faydalı komponent qızıldır. Qızıldan başqa çıxarıla bilinəcək miqdarda gümüş, mis, tellur və bismut da vardır. Qızıl iridənəlidir, "sərbəst" qızılın miqdarı 9,9 %, bitişik - 85,3 %-dir.
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. Yataq 1980-ci ilin sonlarında sənaye istifadəsinə tam hazırlanmış, Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən İ.Tağıyevin sədrliyi ilə komissiya yaradılmış, Moskvada və Leninqradda elmi-tədqiqat institutları ilə texnoloji işlər razılaşdırılmış və yatağın istismarı 2 variantda nəzərdə tutulmuşdur. Filizsaflaşdırma fabrikinin yerində inşa edilməsi və yaxud “Prok” tipli səyyar saflaşdırma qurğusundan istifadə edilməsi, dağ-mədən və saflaşdırma qurğularının yatağın yaxınlığında inşa edilməsi, infra­struktur məsələlərinin həlli bütün səviyyələrdə həll olunmuşdu. Filizlər qravitasiya + flotasiya sxemi üzrə zənginləşdirilməsi planlaşdırılmışdı. Qızılın çıxımı - 96,52 %, gümüş - 97,38 %, tellur - 95,9 % və bismut - 65-dir. Yatağın ehtiyaqları C1+C2 kat.üzrə qızılın orta miqdarı 11,8 q/t olmaqla, hesablanmışdır. Elmi əsaslarla təsdiq edilmişdir ki, Vejnəli qızıl yatağında MEK, 1984-cü il 18 saylı və 1989-cu il 31 saylı protokollarla 6,52 ton qızıl ehtiyatı təsdiqlənsə də dərin horizontlarda kəşfiyyat işlərinin aparılması ilə qızılın istismar ehtiyatını ən azı 2 dəfə artırmaq olar. Lakin Moskvanın və ermənilərin maneçiliyi ucbatından o illərdə yatağın istismarı baş tutmamış, hazırda isə bu yataq da ermənilər tərəfindən amansızlıqla talan edilir.
Ağduzdağ qrupu qızıl yataqları adı altında Kəlbəcər rayonu ərazisində Ketidağın yamaclarında yerləşən bütün qızıl filizi sahələri (Şirvan, Ketidağ, Ağduzdağ və s.) qızıl-kvars-sulfid geoloji-sənaye tipinə aiddirlər. Ağduzdağ yatağı – Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6.72 q/t olmaqla həmin damarlar üzrə ETŞ -nin 1985 -ci ildə 21 saylı protokolla C2 kateqoriyası ilə qızıl ehtiyatı təsdiq olunmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa gələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı suxurların hesabına yatağın ehtiyatlarının 3 - 4 dəfə artırılması ehtimalı mövcuddur. Yatağın P1+P2 kateqoriyaları ilə proqnoz resursları da qiymətləndirilmişdir və yataq 17,5 ton qızıl proqnoz resursa malikdir.
Dağ-geoloji şəraitinə görə yatağın istismarı yeraltı üsulla aparılmalıdır. Maqazinləşdirmə və yarımmərtəbə sistemlərinin tətbiqi daha münasibdir.
Tutxun qrupu yataqları adı altında Tutxunçayın sağ qolları hövzəsində yerləşən bütün qızıl filizi təzahürləri (Ağzibir, Qızılitən, Qərbi qızılitən, Qazıxanlı, Qalaboynu, Tutxun-zərqulu və Oruclu ) nəzərdə tutulur.
Yataqlar qızıl-kvars-sulfid geoloji-sənaye tipinə aiddir, yan süxurlar qabbro-dioritlərlə və əhəngdaşları ilə təmsil olunur. Filizlilik damarcıq-möhtəvi tip sulfidləşmə ilə müşayət olunan dik yatımlı filiz damarları şəklində yayılmışdır. Damarların uzunluğu 200-500m, qalınlığı 0,2-0,7m-dir. Əsas filiz mineralları pirit, sərbəst qızıl, xalkopirit, molibdenit, antimonitdir. Qızıl qeyri-bərabər paylanmışdır. Dağ-geoloji şəraitinə görə Tutxun qrupu yataqlarının istismarı maqazinləşdirmə sistemini tətbiq etməklə yeraltı üsulla aparılmalıdır.
Tutxun qrupu yataqlarının C2+P1 kateqoriyası üzrə ehtiyatları 30 tondan çoxdur.
Erməni tərəfi dəfələrlə həm Ağduzdağ, həm də Tutxun qrupu yataqlarının istismarı üçün bütün hazırlıq işlərinin görüldüyü haqda məlumatlar yaymışdılar.
Rusiyanın "Geologix Group" şirkətinin də işğal altında olan ərazilərimizdə qızıl hasilatına hazırlaşması da bunun bariz nümunəsidir. Şirkətin yaradıcıları Nikita Koçev və Pavel Kopıtin "Секрет фирмы" jurnalının müxbiri Nastya Çernikovaya açıqlamalarında bildirmişdilər ki, onlara Ermənistandakı qızıl yatağında hasilata başlamaq üçün lisenziya almaq barədə təklif daxil olub. Həmin vaxt isə başqa bir ideya da meydana çıxıb: Dağlıq Qarabağdakı digər qızıl yatağında da işə başlamağı nəzərdən keçirmək.
"Bu yataqlara sahiblənmək çox asandır, çünki tanınmamış respublikada praktiki olaraq rəqabət yoxdur. Həmin filiz yataqlarının sahibi "Dağlıq Qarabağ Respublikası" müdafiə nazirinin müavinidir. O, tərəfdaşları "DQR" "prezidenti" Bako Saakyanla görüşə də dəvət edib" - deyən Koçevlə Kopıtin jurnala açıqlamalarında onu da bildiriblər ki, onlar 2015-ci ilin avqustundan etibarən Dağlıq Qarabağda qızılın sənaye üsulu ilə hasilatına başlamağı planlaşdırırlar.
"Hetq" jurnalının 10 aprel 2014-cü il sayında məlumat verilir ki, Ermənistanın qızıl ixracı 2009-cu ilə nisbətən 1,5 ton artıb. Ermənistan 2011ci ildən etibarən stabil olaraq hər il 2,5 ton qızıl satır. 2013cü ildə bu rəqəm 2,7 tona, 2014-cü ildə isə Ermənistanın tarixində rekord həddə, yəni 3,6 tona çatmışdır.
Məlumdur ki, 2000 – 2008-ci illərdə erməni qızıl maqnatları dəfələrlə Rusiyanın Maqadan ərazisindən qeyri-qanuni yollarla əldə etdikləri qızılı, böyük partiya­larla Ermənistana apararkən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ifşa olunmuşdular. Bu baxımdan erməni qızıl maqnatları üçün nəzarətsiz qalan işğal olunmuş Azərbaycan əraziləri olduqca sərfəli və təhlükəsiz idi. Bunun bariz nümunəsidir ki, Dağlıq Qarabağdakı separatçı rejimin gəlirlərinin 70 faizdən çoxunu dağ-mədən sənayesində fəaliyyət göstərən Ermənistan şirkətlərinin ödənişləri təşkil edirdi.
Ermənistanda nəşr olunan "Lragir" qəzeti yazırdı ki, Dağlıq Qarabağ bölgəsində təbii yeraltı sərvətlər buradakı rejimin rəhbərlərinə məxsus şirkətlər tərəfindən istismar olunur. Qarabağda təbii sərvətlərin, xüsusilə də qızıl, mis, kömür hasilatının "Base Metals" şirkəti tərəfindən işləndiyini bildirir. Qəzetin yazdığına görə, Qarabağdakı rejimin büdcə gəlirlərinin əsas hissəsini bu şirkətin vergiləri təşkil edir.
Qəzetdə həmçinin qeyd edilir ki, "Qarabağ faktiki olaraq, Ermənistanın yolu ilə gedir. Burada əsas layihələri yüksək vəzifəli şəxslərə məxsus şirkətlər həyata keçirir. Məsələn, Qarabağda deyirlər ki, Kəlbəcərdəki qızıl mədəni Bako Saakyana məxsusdur. Rejim digər sahibkarlara nə maliyyə, nə də siyasi dəstək göstərir".
Qəzetdə bütün yeraltı sərvətlərin şəxsi firmalar tərəfindən istismar edilməsinin doğru olmadığı belə qeyd olunur: - "Qarabağda qızıldan əsas gəliri xüsusi şəxslər alır, yaşayış səviyyəsi və cəmiyyətin şüuru da aşağı olaraq qalır, milli sərvətlərdən öz qanuni payını tələb eləmir. Cəmiyyət bilmir ki, bu milli sərvətləri kim idarə edir, kim onlardan gəlir götürür və niyə Kəlbəcərdə qızılın hasilatı açıq üsulla aparılır?"
Ermənistan KİV-nin son məlumatlarına görə Azərbaycanın işğal olunmuş ərazilərində hasil olunan qızıl gizli yollarla Rusiya və Fransaya göndərilir. Bir müddət əvvəl özünün iddialarına görə Fransa Xarici İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin səylərinə görə bağlanan “Tretya Sila Plyus” qəzetinin baş redaktoru Vağram Ağacanyan Kəlbəcər və Laçın rayonlarında qızıl hasilatında Rusiya və Fransanın maraqlarının olduğu haqda yazırdı.
Vağram Ağacanyanın yazırdı ki, fransız mənbələrin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir. “ Bu Rusiya və Fransa hökümətinin xəbəri olmadan və icazəsiz baş verə bilməz. Regionun geosiyasi vəziyyəti və qondarma “Dağlıq Qarabağ Respublikasının” məmurlarının bioqrafiyası bunun hər iki ölkənin razılığı ilə baş verdiyini deməyə əsas verir”.
Bir sözlə, Azərbaycanın bütün növlərdən olan faydalı qazıntıları xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılırdı.

Azər Şükürov
ETSN-nin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi direktorunun müavini

Mİrzəlİ Fətəlİyev
ETSN-nin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadənin Tənzimlənməsi şöbəsinin aparıcı məsləhətçisi