Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə: Tarixi varisliyin təntənəsi

Bu gün müasir Azərbaycan tarixinin ən önəmli günlərindən biri Milli Qurtuluş bayramıdır! 

Elə şəxsiyyətlər var ki, onlar tarixin bir parçası olmaqla həm də yeni eranın  başlanğıcı olurlar.  Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər də var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Heydər Əliyev müstəqillik  epoxasının başlanğıcı 

Bütün həyatını müstəqillik amallarının müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin yaşadılmasına Azərbaycanımızın işıqlı gələcəyi naminə bütün fədakarlıqlara sinə gərmiş  Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaratmışdır. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası müasir  tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Müasir müstəqilliyimiz Milli Qurtuluşdan başlayır!

Zaman ötdükcə, ölkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920-ci illərdə əldə etdiyimiz müstəqillikdən də qısa olacaqdı. Ulu Öndərin böyük qayıdışı nəinki Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda, ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır, desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.

1991-1993-cu illərin qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdən isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası börhan çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-müsavatçı “bəylər” öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, ŞuşaLaçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyəti güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalığa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Qısa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri - gəncəlilərə müraciət edərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq, Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Müstəqilliyi qazanmaq çətin,  onu qorumaq isə daha çətindir  

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi.

Məhz bu  strategiyanın davamlılığının təmin olunmasının  təminatı uğurlu siyasi varisin yetişdirilməsi idi. Bu isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev idi.  İlham Əliyevin ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva tandemi uğurlu siyasi varisliyin  ən gözəl örnəyidir. Bu tandem bir-birini tamamlamaqla Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mayasını təşkil edir.

“Bir millət iki dövlət” siyasi devizi altında Türkiyə-Azərbaycan dostluğunu ən yüksək səviyyə çatdırmış Heydər Əliyevin siyasi varisi İlham Əliyev Türkiyə ilə münasibətdə yeni üfiqlər açdı. Türkiyə-Azərbaycan  qardaşlığı hərbi müttəfiqliyə çevrildi. 

Şuşa şəhərinin düşməndən azad olması ilə Qələbəmizin əsas akkordlarını vuran cənab İlham  Əliyev həm də ata vəsiyyətinə əməl etmiş oldu. 

İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Hərbi müttəfiqimiz olan qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşa şəhərində imzalanan Bəyannamənin  15 iyun 2021-ci il tarixi seçilməsi təsadüfi deyildir.

 Şuşa Bəyannaməsində bir məqam xüsusi ilə qeyd edilməlidir. Bəyannamədə deyilir: “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir!”

Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqlik bir daha təsdiq edilməsi Heydər Əliyev siyasi kursunun alternativi olmadığını göstərir.  

Ümummilli lider Heydər Əliyevin Qars müqaviləsi ilə bağlı söylədiyi tarixi fikirlərə diqqət edək.  Ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini   yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Bir-birini tamamlayan  strateji siyasət uğurlu tarixi varisliyin təcəssümüdür! 

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri