FHN: Ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 47 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə isə FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 10 nəfər xilas olunub. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.