HEYDƏR ƏLİYEV - 100 İL

Azər Şükürov, “Yer və İnsan” jurnalının baş redaktoru

Bu il mayın 10-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycanın inkişafının böyük bir dövrü məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə dahi insan Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunmaqdadır. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Liderimiz Heydər Əliyevin vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir.
XX əsrin sonlarında xalqımızın uzun illər boyu arzusunda olduğu Azərbaycan dövlətinin əbədi, dönməz müstəqilliyinə nail olması yolunda Heydər Əliyevin gürdüyü tarixi xidmətlər gələcək nəsillərə örnəkdir.
Məhz onun siyasi fəaliyyətinin və uzaqgörənliyinin nəticəsidir ki, bu gün Azərbaycan regionda ən çox inkişaf etmiş, lider bir dövlətə çevrilmişdir. Ölkəmizdə geniş vüsət almış tikinti - quruculuq işləri hər bir vətəndaşımızda və dostlarımızda sonsuz qürur və sevinc hissi doğurur.
Xatırlamaq xoşdur ki, bütün bu quruculuq işlərində istifadə olunan inşaat materialları bütünlükdə yerli xammaldan hazırlanır. Həmin mineral sərvətlər Azərbaycan geoloqlarının gərgin əməyi sayəsində aşkar olunmuş, sonra isə dağ-mədən sənayesinə verilmişdir.
Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının, o cümlədən yeraltı sərvətlərinin aşkar olunması və qiymətləndirilməsinə önəm verməsi idi. Ölkəmizin ərazisinin yer təkinin planauyğun və kompleks şəkildə öyrənilməsi, mineral -xammal bazasının inkişafı və genişləndirilməsi işləri ötən əsrin 70-ci illərinin əvvəllərindən daha geniş vüsət almağa başladı.
1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gələn zaman respubilkanın Faydalı Qazıntılarının Dövlət Balansında cəmi 65 yataq qeydiyyata alınmışdı. Xatırlamaq xoşdur ki, Ulu Öndər və onun layiqli davamçısı İlham Əliyev cənablarının gələcək uğurlara hesablnmış geoloji və mineral-xammal siyasəti nəticəsində hazırda Faydalı Qazıntıların Dövlət və Sahə balansında 1000-ə yaxın qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqları qeydə alınıb. Artıq ölkəmizdə kifayət qədər sanballı mineral-xammal ehtiyatları formalaşdırılmışdır.
Bu siyasətin nəticəsidir ki, geoloji öyrənilmə baxımından respublikamızın ərazisi və onun Xəzər dənizinə aid akvatorisi dünyanın ən mükəmməl öyrənilmiş ərazilərindəndir.
Dövlət müstəqilliyi qazanılanadək Azərbaycanda dağ-mədən sənayəsi yüksək templə inkişaf etdirilirdi.
Nəhəng ehtiyatlara malik olan Daşkəsən dəmir filizi yatağının, həmçinin Zəylik alunit və Xoşbulaq əhəng daşı yataqlarının bazasında Daşkəsən Dağ -mədən Filizsaflaşdırma Fabriki, Gəncə Gil-Torpaq Kombinatı, Sumqayıt Alüminium Zavodu fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikasında Parağaçay mis - molibden, Ağdərə və Gümüşlü qurğusun - sink yataqları istismara cəlb olunmuşdur.
Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli Ağyataq, Şorbulaq və Levçay civə yataqlarının bazasında metallurgiya zavodu fəaliyyət göstərmişdi. Azərbaycanın Kiçik Qafqaz kəsimində sənaye əhəmiyyətli Qızılbulaq mis-qızıl, Vejnəli və Qoşa qızıl, Qaradağ və Dəmirli mis-porfir yataqlarının, Naxçıvanda Ağyurd və Pyəzbaşı mis-qızıl yataqlarının sənaye perspektivləri müəyyənləşmişdir. Qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi 1969-cü ilədək respublikada 1 ədəd də olsa qızıl yatağı qeyd olunmamışdı. Hazırda bu nəcib metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir.
Azərbaycan geoloqlarının səyi sayəsində müxtəlif növ qeyri-filiz xammalı və tikinti materiallarının bir çox yataqları, şüşə sənayesi üçün yararlı dolomit və kvars qumları, bentonit gilləri, kaolin, üzlük daşı, mişar daşı, qum-çınqıl qarışığı, tikinti qumları, kərpic, keramzit, aqloporit üçün gil xammal yataqları kəşf olunmuş və sənaye istismarına verilmişdir. Bundan başqa respublikamızın ərazisi üçün ənənəvi olmayan seolit, vermikulit, çini daşı və s. kimi xammal növlərinin yataqları aşkar olunmuşdur. Abşeron yarımadasında, Kür çökəkliyində, Böyük və Kiçik Qafqazın bir sıra sahələrində müalicə əhəmiyyətli mineral və termal su, sənaye əhəmiyyətli yodlu-bromlu su yataqları aşkar olunmuşdur. Yodlu-bromlu su yataqlarının bazasında Bakı və Neftçala yod zavodları fəaliyyət göstərmişdir. Keçmiş SSRİ ərazisində istehsal olunan yodun 30-35%-i Azərbaycanın payına düşmüşdür.
Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Azərbaycanın zəngin mineral-xammal bazasında kifayət qədər sabit tutumlu dağ-mədən kompleksi yaradıldı.
Lakin, SSRİ-nin süqutu ilə əlaqədar keçmiş Sovet respublikaları arasında yaradılmış iqtisadi əlaqələrin qırılması səbəbindən dağ-mədən sənayesinin fəaliyyəti də dayandırıldı.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdan zamandan yeraltı sərvətlərdən səmərəli və xalqın milli maraqları zəminində istifadə olunmasını zəruri hesab etmiş və bu işə milli və xarici investisiyaların cəlb olunmasını prioritet saymışdı. O, ölkənin mineral sərvətlərini Azərbaycanın iqtisadi qüdrətini müəyyən edən ən zəruri amillərdən biri hesab edirdi.
Respublikamızda qızılçıxarma sənayəsinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV İnvestment Qroup Services LLC” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Pyəz başı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Fərəhli haldır ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitlik və iqtisadi inkişaf kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məharətlə davam etdirir. 2009-cu ilin may ayında Gədəbəy qızıl-mis zavodunun açılışı olmuşdu.
Azərbaycanda Daşkəsən filiz rayonunda yerləşən Çovdar qızıl yatağında, eləcə də həmin yatağın yaxınlığında son illərdə aşkar olunmuş Ağyoxuş və Mərəh yataqlarında “AzerGold”ASC tərəfindən istismar işləri uğurla aparılmaqdadır.
Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasının dağ-mədən sənayəsinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammallının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradır. Hazırda Azərəbaycanın mövcud imkanları onu yuksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir respublikaya çevirməyə qadirdir. Ulu Öndər Heydər Əliyevin başladığı möhtəşəm quruculuq işlərini məharətlə davam etdirən ölkə rəhbəri İlham Əliyev cənabları bu yolda böyük işlər görür.
Bu gün işıq üzü görməsinin 10 illiyini qeyd etdiyimiz “Yer və insan” jurnalının da bu böyük yubileyə təsadüf etməsi onun tərtibatçılarını və müəlliflərini də sevindirir və yeni -yeni uğurlara səsləyir.