ÖTƏN ƏSRİN İKİNCİ YARISINDA BALAKƏN-ZAQATALA FİLİZ RAYONUNDA APARILAN GEOLOJİ - KƏŞFİYYAT İŞLƏRİ NƏTİCƏSİNDƏ YARANMIŞ GEOEKOLOJİ VƏZİYYƏT

Ağamahmud Səmədov
“Yer və İnsan” jurnalının redaktoru

HƏMİD ASLANOV
ADNSU, “Faydalı qazıntıların geologiyası
və işlənməsi kafedrası”nın dosenti,
yer elmləri üzrə fəlsəfə doktoru

SEYİDNƏBİ ƏMİROV
“Azinterpartlayış-X”MMC-nin əməkdaşı

Müasir texnologiyalar və yüksək texniki səviyyə insana geoloji mühitdə çox böyük dəyişikliklər aparmağa imkan verir. Ətraf mühitə olan texnogen təsirin miqyası təbii geoloji proseslərlə müqayisə edilə biləcək dərəcədə nəhəng olur. Məhz istehsal prosesi nəticəsində görülmüş işlərin həcmi və təsərrüfat fəaliyyəti nəticəsində geoloji mühitin məruz qaldığı dəyişikliklər böyük təbiətşünas alim V. İ.Vernadskiyə insanın fəaliyyətini "nəhəng geoloji qüvvə" kimi qəbul etməyə əsas vermişdir. İnsanın istehsalat və təsərrüfat fəaliyyəti prosesində litosferin ayrı-ayrı obyektlərinə göstərilən müxtəlif intensivlikli təsirlər texnogen və ya antropogen təsirlər adlandırılır. Geoloji mühitə antropogen təsir öz mahiyyətinə görə geoloji prosesdir, çünki o, təzahürün ölçüsünə və miqyasına görə ekzogen geodinamikanın təbii prosesləri ilə müqayisə edilə bilər.
Bəlli olduğu kimi, sənayenin inkişafı, xüsusən faydalı qazıntı yataqlarının istismarı ilə bağlı olan dağ-mədən işlərinin aparılması təbii mühitdə böyük dəyişikliklərə səbəb olaraq, ümumilikdə ekoloji şəraiti gərginləşdirir. Dağ-mədən müəssisələrinin tullantılarında milyon tonlarla açılış süxurları və zənginləşdirmənin “məhsulları” toplanmışdır. Külək eroziyası və atmosfer çöküntülərinin təsiri altında bu tullantılardan ağır metallar daşınır və çox böyük ərazilərdə təbii biosistemə güclü zərər vurur.
Əvvəllər bizə ətrafımızdakı təbiət sonsuz böyük, resurslarımız isə tükənməz kimi görünürdü. Lakin bu gün biz bilirik ki, ətraf mühitin dayanıqlı inkişafı üçün lazımı diqqəti göstərməsək, dünyadakı resursları genişləndirə və onlardan istifadəni davam etdirə bilmərik.
Artıq XXI əsrin əvvəllərində Yer kürəsində antropogen təsirə məruz qalmamış ərazilər xeyli azalmışdır. Hazırda ekoloji təhlükənin miqyası bəzən bütöv ölkələrin ərazisini əhatə edir. Təbiət hadisələri və istehsalat-təsərrüfat fəaliyyəti ilə əlaqədar Yerin müxtəlif guşələrində baş verən lokal və regional böhranlar yeni ekoloji yanaşma, qiymətləndirmə və ən başlıcası, zaman və məkanda proseslərin düzgün proqnozlaşdırılmasını tələb edir.
Təbii sərvətlərin mühüm hissəsi olan mineral ehtiyatlardan kortəbii və səmərəsiz istifadə olunması nəticəsində ətraf mühitə böyük ziyan dəyir. Respublikamızın təbii geoekoloji vəziyyəti əsas etibarilə arid iqlimlə, su ehtiyatlarının qıtlığı və qeyri-bərabər paylanması, geodinamik proseslərin fəallığı, palçıq vulkanları, ekzogen geoloji proseslərin - sürüşmələr, sellər, yarğanəmələgəlmə, subasma, uçqunlar, bataqlıqlaşma, torpağın şoranlaşması, suffoziya və torpaqların eroziyasının geniş yayılması ilə səciyyələnir.
Problemin ekoloji tərəfi sonralar faydalı qazıntıların hasilatı zamanı yeraltı üsuldan daha çox yerüstü üsula diqqət yetirildiyi vaxt üzə çıxır. Nəticədə pozulmuş torpaq sahələrinin və çirklənməyə məruz qalmış təbii mühitin böyüməsi təbiətdə geokimyəvi müvazinətin pozulmasına gətirib çıxarır. Dağ-mədən-xammal hasilatı müəssisələrinə yaxın ərazilərin çirklənmə dərəcəsi və səciyyəsi üç qrup faktorlarla müəyyən edilir: süxur və filizlərin ilkin kimyəvi və mineraloji tərkibi; iqlim və landşaft faktorları; yataqların sənaye cəhətdən mənimsənilmə mərhələsi və tipi (Куприянова, 2008).
Bu gün dağ-mədən sənayesi ekologiyasına sosial ekologiya, iqtisadi ekologiya və bu sənayeyə cəlb olunmuş hər bir kəsin sağlamlığı və təhlükəsizliyi daxildir. Bu, eyni zamanda dayanıqlılıq və daha spesifik olaraq indiki nəsillərin gələcək nəsillərin imkanlarına xələl gətirmədən öz tələbatlarını ödəyən dayanıqlı inkişafı əhatə edir (WCED, 1987). Bu sadə anlayış dağ-mədən sənayesi və onun gələcək uğurları üçün geniş əhatəli nəticələrə malikdir.
Unutmaq olmaz ki, dağ-mədən sənayesi zəmanəmizdə xeyli dəyişilmişdir. İyirminci əsrin birinci yarısındadək ətraf mühitə çox az diqqət yetirilirdi. Bu gün yeni mədənlərdə ətraf mühitin hərtərəfli planlaşdırılması və təhlilləri mütləq nəzərə alınır və onlar ətraf mühitə əhəmiyyətli və davamlı mənfi təsirlərin olmamasını təmin edən qaydada istismar edilməli və bağlanmalıdırlar.
Yaxın onilliklərə qədər bu problemə yetərincə diqqət yetirilmirdi. Lakin hal-hazırda dağ-mədən müəssisələrinin ətraf təbii mühitə vurduğu ziyanı minimuma endirmək məqsədilə, bir qayda olaraq, mədən ərazilərində təbiəti rekultivasiya işlərinin aparılması zərurəti meydana çıxmışdır.

Geoloji - kəşfiyyat işlərinin ətraf mühitə təsiri
1958-ci ildə Azərbaycan geoloqları tərəfindən Balakənçayın orta axınlarında yerləşən qolu Karabçayın yuxarı hövzəsində Filizçay kolçedan-polimetal yatağı açıldı ki, bu da, öz növbəsində, gələcək geoloji-kəşfiyyat işlərinə böyük təkan verdi. Nəticədə, bir sıra perspektivli filiz yataqları və təzahürləri aşkar olundu ki, onların da bazasında sonralar Balakən-Zaqatala filiz rayonu ayrıldı.
Filiz rayonunda ən intensiv, irihəcmli və uzunmüddətli geoloji-kəşfiyyat işləri elə Filizçay yatağında və onun yaxın ətraflarında aparılmışdır. Burada 1950-ci illərin sonlarından başlayaraq 1990-cı illərin ortalarınadək geniş həcmdə və fasiləsiz olaraq geoloji-axtarış və kəşfiyyat işləri aparılmışdır. Bu işlər ayrı-ayrı vaxtlarda müxtəlif təyinatlı, məqsədli və miqyaslı geoloji işlərlə (geoloji planalma, geoloji axtarış, geofiziki və s.) və tədqiqatlarla (geokimyəvi, metallogenik, hidrogeoloji, geo­texnoloji, geomorfoloji və s.) müşaiyyət olunmuşdur və ya yanaşı həyata keçirilmişdir.
Geoloji-axtarış və kəşfiyyat işləri ilə Filizçayda dərinliyi 100 m-dən 1200 m-ə qədər olan yüzlərlə (300-dən artıq) buruq quyusu qazılmış, onlarla yeraltı dağ qazmaları (stolnilər, streklər, ortlar, kverşlaqlar, maili qazımalar və s.) keçilmişdir. Bu ştolnilərin en kəsiyi sahəsi əsasən 3,6; 4,8; 5,1 və 6,4 kv.m olmuşdur. Həmçinin burada külli miqdarda yerüstü qazımalar, xəndəklər və şurflar da qazılmışdır.
Filizçaydan sonra daha çox geoloji-axtarış və kəşfiyyat-tədqiqat işləri aparılan sahə Kasdağ yatağı və onun yaxın ətrafları olmuşdur. Burada 1960-cı illərin əvvəllərindən 1990-cı illərin əvvəllərinədək dərinliyi 300 m-dək olan yüzdən artıq buruq quyusu qazılmış, uzunluğu km-lərlə ölçülən 30-a qədər yeraltı dağ qazmaları-stolnilər və onlardan ayrılan ştreklər və ortlar keçilmişdir.
Kasdağ yatağı sahəsində keçilən yeraltı dağ qazımalarının ümumi həcmi Filizçay yatağında keçilən yeraltı qazmalardan da artıqdır. Yerüstü dağ qazımaları da burada daha çox həcmdə keçilmişdir.
Geniş ölçülərdə və böyük həcmlərdə geoloji-axtarış və kəşfiyyat işləri və digər geoloji işlər aparılan 3-cü sahə Katex yatağı və onun ətrafları olmuşdur. Burada 1960-cı illərin əvvəllərindən başlayaraq 1980-ci illərin axırlarınadək intensiv geoloji axtarış və kəşfiyyat işləri aparılmışdır. Göstərilən müddətdə Katex yatağı sahəsində və onun yaxın ətrafında dərinliyi 300 m-ə qədər olan onlarla buruq quyusu və 10-dan artıq ştolni qazılmışdır. Yeraltı dağ qazımalarının en kəsiyi sahəsi 3,6-6,4 kv.m, uzunluğu isə 100 metrlərlə və km-lərlə ölçülmüşdür. Burda da böyük həcmdə yerüstü qazımalar - xəndəklər və şurflar keçilmişdir.
Cixix yatağının cənub cinahını təşkil edən Saqator sahəsində də böyük həcmdə geoloji-kəşfiyyat işləri aparılmışdır. Saqator çayının yuxarı axını hövzəsində yerləşən bu sahədə 1980-ci illərdə onlarla buruq quyusu və ona qədər ştolni qazılmışdır. Bu quyuların dərinliyi və yeraltı qazmaların uzunluğu 100 m-lərlə ölçülmüş və bəzən isə 1 km-dən artıq olmuşdur. Burada da ştolnilərin en kəsiyi sahəsi - 4,8-5,1 m2 olmuşdur. Xəndəklər və şurflar da burada çox qazılmışdır.
Saqator çayının orta axını hövzəsində yerləşən və Saqator filiz təzahüründən cənubda, Köhnəmədən sahəsindən isə, şimal-şərqdə yerləşən Kasmala sahəsində, həmçinin böyük həcmli geoloji-kəşfiyyat işləri həyata keçirilmişdir. Burada 1970-ci və 1980-ci illərdə uzunluğu 100 m-lərlə ölçülən, en kəsiyi sahəsi 4,8 kv.m olan bir neçə ştolni keçilmiş və dərinliyi 500 m-ə qədər olan onlarla buruq quyusu qazılmışdır. Bunlardan başqa, burada xeyli miqdarda yerüstü qazımalar da keçilmişdir.
Katexçayın orta axını hövzəsinin qərb hissəsində, Katex yatağından bir neçə km şimal-qərbdə yerləşən Çeder filiz təzahürü sahəsində də uzun müddət 1970-1980-ci illərdə intensiv geoloji-axtarış və kəşfiyyat işləri aparılmışdır. Burada bir neçə ştolni və onlardan ayrılan ştrek və ortlar keçilmiş, müxtəlif dərinlikli onlarla buruq quyusu qazılmışdır. Yerüstü dağ qazımaları da kifayət qədər olmuşdur.
Eyniadlı çayın aşağı axın hövzəsində yerləşən Bulanlıq filizləşmə sahəsində və Sıltıqçayın orta axını hövzəsində yerləşən Gumbulçay filiz təzahürü sahəsində aparılmış geoloji-axtarış və kəşfiyyat işləri ilə çoxsaylı yerüstü qazımalar və buruq quyuları qazılmış və tək-tək ştolnilər keçilmişdir.
Rayonun şimal hissəsində, yüksək dağlıq-çəmən landşaftında müəyyən edilmiş Tenros filiz təzahürü sahəsində 1970-1980-ci illərdə çoxsaylı buruq quyuları, xəndəklər və şurflar qazılmışdır.
Çuqak, Sıltıqçay, Qaraçay, Balakənçay, Lətifolan, Salbandağ, Dəliçay, Gumbulçay filiz təzahürlərində və filizləşmə zonalarında da müxtəlif vaxtlarda geoloji-axtarış işləri aparılmışdır. Bu sahələrdə çoxlu yerüstü dağ qazımaları keçilmiş və müxtəlif dərinlikli tək-tək buruq quyuları qazılmışdır.
Təxmini hesablamalara görə Balakən-Zaqatala filiz rayonunda keçən əsrin II yarısında dərinliyi 300 m-dən 1000 m-ə qədər, kernləri filiz minerallaşması daşıyan 1000-ə yaxın buruq quyusu qazılmış, ümumi uzunluğu 70 - 80 km olan 100-dən artıq ştolnilər və onlardan ayrılan ştreklər, ortlar keçilmiş, külli miqdarda xəndəklər və şurflar qazılmışdır. Nəticədə ümumi çəkisi 1 mln tondan artıq süxur kütləsinin yerdəyişməsi baş vermişdir.
Yuxarıda qeyd olunan işlərin görülməsi nəticəsində Filizçay qrupu yataqların bazasında ölkəmizdə əlvan metalların zəngin mineral-xammal bazası yaradılmışdır. Bu da yaxın zamanlarda bölgədə dağ-mədən sənayesini inkişaf etdirməyə real zəmin yaradır.
Beləliklə, təxminən 40 il müddətində bir sıra hallarda ətraf təbii mühitin qorunması qaydalarına tam riayət olunmadan aparılan geoloji-axtarış və kəşfiyyat işləri bölgənin unikal təbiətinə böyük ziyan yetirmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra, 2003-cü ildən başlayaraq Böyük Qafqazın Cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda geoekoloji şəraitin qiymətləndirilməsi işlərinə başlanılmışdır.
Bölgədə 2003-2009-cu illərdə aparılmış bu tədqiqatlar olduqca səmərəli olmuş, müxtəlif miqyaslı pozulmuş ərazilər çirklənmə dərəcələrinə görə ayrılmış, gələcəkdə istismar işlərinin aparılması zamanı mövcud ola biləcək fəsadlar və onların aradan qaldırılması üçün tövsiyələr hazırlanmışdır.
Qeyd etdiyimiz kimi, Balakən-Zaqatala filiz rayonunda kolçedan-polimetal, mis-pirrotin, həmçinin dəmirli manqan filizlərinin çoxsaylı yataqları, təzahürləri və çıxışları, nəcib metalların zəif minerallaşma zonaları və nöqtələri vardır. Filizlərin mineraloji tərkibi əsasən pirit, pirrotin, sfalerit, qalenit, xalkopirit, həmçinin arsenopirit, maqnetit, mis-qurğuşun sulfoduzları, molibdenit, pirolüzit, psilomelan, manqanit və s. minerallardan ibarətdir.
Əsas filiz komponentləri Cu, Zn, Pb və S sayılır. Bunlardan başqa, filizlərin tərkibində müxtəlif miqdarda Co, Ag, Cd, Mn, As, Sb, Bi, Mo, Au, İn, Ga, Tl, Ge, Se, Те, Hg, Sn və s. elementlər də vardır. Cu, Zn və Pb öz mineralları ilə təmsil olunur. Au, Ag, Co, Ni, As, Sb, Bi, Те, Sn isə filizlərdə sulfidlərin tərkibində izomorf qatışıq və fərdi mineralları şəklində iştirak edir. Cd, İn, Ga, Tl, Ge, Se kimi nadir elementlər baş sulfid minerallarının tərkibində yalnız izomorf qatışıq olaraq yerləşirlər.
Baş Qafqaz silsiləsinin Azərbaycan hissəsində aparılmış ekoloji-geokimyəvi tədqiqatlardan aydın olmuşdur ki, rayonun filizliliyi təbii landşaftların geokimyəvi xüsusiyyətlərində də özünü göstərir. Müəyyən edilmişdir ki, bu filiz rayonunda çoxlu yataqları və təzahürləri olan xalkofil və siderofil metalların və bir çox başqa mikroelementlərin ətraf mühit komponentlərindəki fon tutumları klarkdan xeyli aşağı səviyyədədir. Bununla belə, müxtəlif landşaft yarımzonalarında, rayonlarında və sahələrində müxtəlif mikroelementin və ya mikroelementlər qrupunun köklü və boş süxurlarda, torpaqlarda, yeraltı və yerüstü sularda və bitkilərdəki orta tutumları xeyli yüksələrək fondan seçilir və bəzi hallarda isə klarkdan dəfələrlə artıq olur. Nadir hallarda ayrı-ayrı nöqtələr və kiçik sahələr üzrə bu göstərici hətta yol verilən qatılıq həddi (YVQH) səviyyəsində və ondan da çox olur. Bu isə ətraf təbii mühitin həmin mikroelementlə və ya mikroelementlər qrupu ilə filizdən törəyən çirkləndirici inqrediyentlərlə (FTÇİ) çirklənməsi nəticəsində əmələ gəlmişdir. Belə çirklənmələr həm təbii, həm də antropogen yolla baş vermişdir. Bu çirklənmələr həm filiz yataqları və təzahürləri sahələrində, həm də onlardan uzaqlarda əmələ gəlmişdir. Aydındır ki, filiz sahələrində baş verən çirklənmələr daha intensiv olmuşdur (Aslanov, 2006, 2009). Bəzi tədqiqatçılara görə (Талипов, Шукуров, 2005), filiz yataqları ərazilərində əlvan, nadir və nəcib metallarla ətraf mühitin aşkar edilən çirklənmə göstəriciləri gizli filiz yatımlarının axtarışlarında geokimyəvi indikator kimi istifadə oluna bilər.
Məlumdur ki, ərazinin elə sahəsi geokimyəvi anomaliya hesab edilir ki, onu təşkil edən təbii cisimlərin heç olmazsa birində kimyəvi elementlərin paylanmasının statistik parametrləri geokimyəvi fondan etibarlı dərəcədə fərqlənsin. Mənbələrinə və əmələgəlmə mexanizminə, geoloji faktorlarla əlaqəsinə, tərkibinə və s. görə təbii və texnogen anomaliyalar arasında kəskin fərqlər vardır. Belə ki, təbii anomaliyalar üçün kimyəvi elementlərin mənbəyi geoloji mühitdir. Bu anomaliyalar elementlər arasında əhəmiyyətli korrelyasiya əlaqəli təbii assosiasiyalara cavab verən geokimyəvi oreollara malikdir. Texnogen anomaliyalar üçün kimyəvi elementlərin və istehsalat fəaliyyəti nəticəsində yaranmış məhsullarının qaydasız yığımı səciyyəvidir. Kimyəvi elementlər arasında təbii paragenezislərə uyğun gələn davamlı korrelyasiya əlaqələrinin olmaması müşahidə edilir. Texnogen anomaliyaların əmələ gəlməsi ərazinin urbanizasiyası, onun sənaye cəhətdən istifadə edilməsi ilə əlaqədardır. Onlar üçün səthi inkişaf, texnogen çirklənmə mənbələri ətrafında ziddiyyətli oreollar səciyyəvidir (Заири и др.,2000). Texnogen anomaliyalar atmosferə atılan sənaye tullantıları, səthi bərk tullantılar və s. hesabına əmələ gəlir.
Filiz yataqları və təzahürləri sahələrində və onların kənarlarında ətraf mühitin FTÇİ-lərlə çirklənməsi filiz cisimləri və filiz yerləşən süxurların aşınması və eroziyası nəticəsində baş vermişdir. Filiz yataqları və təzahürlərindən uzaqlarda əmələ gəlmiş çirklənmələr isə filiz komponentlərinin mexaniki, fiziki-kimyəvi, biogen və texnogen miqrasiyası və münasib geokimyəvi maneə şəraitində çökməsi və akkumulyasiyası nəticəsində olmuşdur. Tədqiqat sahəsində ətraf təbii mühitin FTÇİ-lərlə çirklənmə anomaliyaları müəyyən edilərək hüdudlanmışdır. Bunlar kompleks anomaliyalardır və onları 3 qrupa ayırmaq olar: intensiv anomaliyalar, lokal anomaliyalar və genişsahəli (nisbətən zəif) anomaliyalar.
İntensiv çirklənmə anomaliyaları filiz sahələri və qov­şaqlarını əhatə etməklə onların ətraflarında yaranmışdır. Bunlar Cixix-Kasmala, Kasdağ-Filizçay və Katex anomaliyaları, FTÇİ-lərin nisbətən çoxsaylı olması, çirklənmənin intensivliyi ilə seçilir və nisbətən böyük sahələri əhatə edir.
Cixix-Kasmala kompleks (Ag-Cu-Pb-Zn-Co-Mo) anomaliyası Cixix yatağı və Kasmala təzahürü sahələrini və ətraf əraziləri əhatə edir. Bu anomaliya planda yarımdairəyə bənzər formadadır. Onun ölçüləri 3-3,5x5-6 km təşkil edir. Anomaliya sahəsində Saqator və Kasmala təzahürlərini birləşdirən bu mərkəzi hissənin eni 0,5-0,8 km, uzunluğu isə 6 km-ə qədərdir. Cixix-Kasmala çirklənmə anomaliyasının mərkəzi hissəsindəki torpaqlarda Zn, Pb, Cu, Co, Ag, Mo klarklarla müqayisədə dəfələrlə çox miqdardadır.
Qeyd etmək lazımdır ki, süxur, torpaq, bitki və sularda ayrı-ayrı elementlərin miqdarları müvafiq klarklarla müqayisədə verilmişdir (Беус, 1976; Voytkeviç və b. 2014; Кабата-Пендиас, Пендиас, 1989). Mərkəzi hissədən kənarlara getdikcə bu göstəricilər azalaraq klark səviyyəsinə və nəhayət, anomaliya sahəsinin qurtaracağında fon səviyyəsinə düşür. Tədqiqat rayonunun torpaqlarında FTÇİ-lərin fon tutumları klarka nisbətən xeyli az olduğuna görə anomaliya sahəsində onların miqdarı fona nisbətən daha yüksək olaraq, dəfələrlə və hətta on dəfələrlə artıqlıq təşkil edir. Cəmi çirklənmə göstəricisi - CÇG (çirkləndiricilərin tutumlarının klarklara nisbətləri cəmi) anomaliyanın mərkəzi hissələrində 6-9, kənar hissələrdə isə 2-5 arasında dəyişir. Yalnız Kasmala təzahürü sahəsindəki torpaqlarda CÇG - 10 və daha yüksək göstəriciyə malikdir.
Cixix-Kasmala kompleks anomaliyası sahəsində yayılmış boş süxurlarda - dib çöküntülərində Cu, Zn, Ag klarkdan dəfələrlə artıq, Pb və Co klarkdan yüksək, Mo və Sn isə fondan artıq və klarka yaxın səviyyədədir. Bu anomaliyanın yerüstü sularında Cu, Ag və Zn hidrogeokimyəvi fona nisbətən anomal tutumlu elementlər kimi ayrılır. Bitkilərdə qurğuşunun və nadir hallarda misin və gümüşün miqdarı klarkdan artıqdır. Cu, Ag və Mo-in tutumları fona nisbətən yüksəkdir. Anomaliyanın yalnız mərkəzi hissəsindəki və ayrı-ayrı nöqtələrindəki torpaqlarda Pb və Cu-in tutumları YVQH-ni aşır.
Kasdağ-Filizçay çirklənmə anomaliyası tədqiqat sahəsində ən böyük və ən intensiv anomaliyadır. Bu anomaliya Kasdağ və Filizçay yataqlarının ərazilərini, Karabçay, Yuxarı Filizçay, Bulanlıq, Qubaxaltı və Gumbulçay filizli sahələrini əhatə edir. Planda bu anomaliya T-şəkilli formaya malikdir. Onun ölçüləri 5-7 km, sahəsi 30 km2-ə qədərdir. Anomaliyanın daha intensiv hissəsi onun şimalında, pazlaşan linzavari formada ayrılır. Bu hissə Filizçay və Kasdağ yataqları sahələrini, onların ətraflarını, şimal-qərb və cənub-şərq davamlarını və eləcə də həmin yataqlar arasındakı Karabçay filizli sahəsini əhatə edir. Cədvəldən göründüyü kimi, bu ərazidəki torpaqlarda Zn, Pb, Cu, Ag və Co klarkla müqayisədə bir neçə dəfə artıqdır (Новрузов и др., 2012). İntensiv çirklənmiş linzavari sahə daxilində daha şiddətli dərəcədə çirklənmiş Kasdağ və Filizçay yataqlarının əraziləri ayrılır. Kasdağ-Filizçay çirklənmə anomaliyası nisbətən zəif intensivliklə Qubax dağ massivinin cənub yamaclarını və Qumbulçay hövzəsinin şimal-şərq hissəsini əhatə edir. Bu anomaliya sahəsində torpaqlar üzrə CÇG şiddətli çirklənmiş yataq ərazilərində 10 və daha artıq, intensiv çirklənmiş hissələrdə 6-9, nisbətən zəif çirklənmiş sahələrdə isə 2-5 təşkil edir. Şiddətli və intensiv çirklənmiş torpaqlarda Pb və şiddətli çirklənmiş Kasdağ yatağı torpaqlarında Cu və Ag YVQH-dən artıq miqdarda toplanmışdır.

Kompleks anomaliyaların intensiv çirklənmiş
torpaqlarında ağır metallarla çirklənmə mənzərəsi

Cədvəl


Qeyd: kəsrlərin surətində - elementlərin orta miqdarı (%-lə), məxrəcdə müvafiq klark miqdarı ilə müqayisədə torpaqların çirklənmə dərəcəsi.

Kasdağ-Filizçay anomaliyası sahəsində dağ qazımalarından və buruq quyularından çıxan sularda və yer səthinə çıxan yeraltı çat sularında da Cu, Ag, Zn və bəzən Mo, Pb, Со yerüstü çay sularındakı müvafiq klarklarına nisbətən dəfələrlə və on dəfələrlə artıq miqdardadır. Bu sularda Cu, Ag, Zn, Mo və Sr-un tutumları nəinki içməli, hətta suvarma üçün istifadə olunan sularda YVQH-dən yüksəkdir. Anomaliyanın şiddətli və intensiv çirklənmiş sahələrindəki bitkilərdə Pb (bəzən Cu, Ag) klarkdan artıq miqdarda, Cu, Ag (və bəzən Mo, Co) fondan artıq miqdarda, klark səviyyəsində toplanmışdır.
Katex çirklənmə anomaliyası eyniadlı filiz yatağını və onun ətraf sahələrini əhatə edir. Bu anomaliya planda düzgün olmayan ellips formasındadır. Onun ölçüləri 2,5 x 3 km-dir. Anomaliyanın şiddətli çirklənmiş mərkəzi hissəsi yataq sahəsinə, intensiv çirklənmiş hissəsi isə yataqətrafı ərazilərə düşür. Bu anomaliya da kompleks FTÇİ-lərlə - Pb, Zn, Cu, Ağ və Mo-lə ətraf təbii mühitin, xüsusilə də torpaqların və yeraltı suların çirklənmə anomaliyasıdır. Anomaliyanın şiddətli və intensiv çirklənmiş hissəsindəki torpaqlarda Zn, Pb, Cu, Ag və Mo normadan dəfələrlə artıq miqdarda toplanmışdır. Mərkəzi hissədən kənarlara getdikcə bu rəqəmlər tədricən azalaraq klark səviyyəsinə və daha sonra isə fonadək düşür.
Katex anomaliyası Cixix-Kasmala və Kasdağ-Filizçay anomaliyalarından torpaqların Pb və Zn-lə daha güclü çirklənməsi və əksinə mislə xeyli dərəcədə zəif çirklənməsi ilə seçilir. Bu isə həmin yataqların filizlərinin geokimyəvi spektrini tamamilə əks etdirir (Новрузов, 2016). Anomaliya üzrə şiddətli çirklənmiş yataq sahəsində torpaqlarda CÇG 10-dan artıq, intensiv çirklənmə sahələrində 5-10, nisbətən zəif çirklənmiş ərazilərdə isə 2-5 təşkil edir. Bu anomaliya sahəsində yeraltı dağ-mədən qazmalarından və buruq quyularından çıxan sularda da Zn, Pb, Ag və Co klarkdan artıq miqdarda toplanmışdır. Katex çirklənmə anomaliyası sahəsindəki bitkilərdə Pb normadan artıq dərəcədə, Co və Ag isə fondan artıq səviyyədə toplanmışdır.
Lokal çirklənmə anomaliyaları əsasən filiz təzahürləri sahələrində və minerallaşma zonalarında müəyyən edilmişdir. Bu anomaliyalar nisbətən kiçik sahələri əhatə edir və nisbətən zəif olmaları ilə fərqlənir. Onların içərisində Çeder çirklənmə anomaliyası öz intensivliyi ilə seçilir. Bu anomaliya Çeder filiz təzahürünü və ətraf sahələri əhatə edir. Planda yandan batıq ellips formasında olan bu anomaliyanın uzunluğu 3,5 km, eni 2-2,5 km-ə qədərdir. Anomaliyanın daha intensiv çirklənmiş hissələri filiz cisimlərinin yer səthinə çıxışları olan və kəşfiyyat işləri aparılan sahələrə düşür. Anomaliya sahəsinin torpaqlarında CÇG 3-9 arasında dəyişir. Pb və Ag istisna olmaqla, FTÇİ-lərin torpaqda tutumları YVQH-dan aşağı səviyyədədir. Bitkilərdə Pb normadan artıq dərəcədədir.
Tenros və Çuqak çirklənmə anomaliyaları torpaqlarının Zn, Pb, Cu, Co, Ag və Mo-lə çirklənməsi ilə səciyyələnir. Sıltıqçay anomaliyasının əhatə etdiyi çay vadilərindəki daha çox çirklənmiş torpaqlarda Zn, Cu, Ag və Mo klarka nisbətən artıq miqdarda toplanmışdır. Qaraçay, Salbandağ, Dəliçay çirklənmə anomaliyaları 100 metrlərlə ölçülür, Pb və Zn-lə zəif çirklənmələr qeydə alınmışdır.
Genişsahəli və nisbətən zəif çirklənmə anomaliyalara Balakən, Katex-Mazıx və Mazımqara anomaliyaları aid edilir. Bu çirklənmə anomaliyaları alçaq dağlıq ərazinin aşağı hissələrindəki çay vadilərini (Mazımçay, Balakənçay və Katexçay) əhatə edərək, cənubda yerləşən dağətəyi maili düzənlik sahəyə doğru uzanır, cənuba - aşağıya doğru getdikcə onların intensivliyi artır və dağətəyi düzənlikdə birləşərək zəif, lakin böyük bir ərazini əhatə edən anomaliya sahəsi əmələ gətirir. Bu anomaliyaların nisbətən intensiv şimal hissələri gətirmə konuslarının yaratdığı allüvial-akkumulyativ çay terraslarında formalaşmışdır.
Balakən anomaliyası ətraf təbii mühit komponentlərinin Cu, Zn, Ag, Mo, Pb və Mn-la orta və zəif səviyyədə çirklənməsi ilə səciyyələnir. Torpaqlarda CÇG 2-5 arasındadır. Bütün FTÇİ-lər üzrə isə çirklənmə YVQH-dan aşağı səviyyədədir. Çirklənmə anomaliyasının şimal hissəsində dib çöküntülərində Cu, Zn, Ag, Mn klarkdan dəfələrlə artıq, Pb və Mo klark səviyyəsində, Ni və Co isə fondan artıq dərəcədə orta tutuma malikdir. Çay sularında Cu, Mn, Ag və Mo-nin çox zaman klarkdan xeyli yüksək olması qeydə alınmışdır. Qrunt sularında Cu və Mn hidrogeokimyəvi fona nisbətən anomal tutumlu elementlər sayılır. Bəzi bitkilərdə Pb və Ag normadan artıq orta tutuma malikdir. Katex-Mazıx anomaliyasında çirklənmənin, xüsusilə də mislə çirklənmənin səviyyəsi Balakən anomaliyasına nisbətən zəifdir. Anomaliya sahəsindəki torpaqlarda Zn, Cu, Ag, Mo, Co, Pb və Mn fona nisbətən xeyli yüksək miqdarda toplanmışdır. Dib çöküntülərində Zn və Ag klarkdan 2-3 dəfə, Cu və Mo - 2 dəfəyə qədər artıq, Pb və Co isə klarkdan az, fondan artıq olmuşdur. Buradakı yerüstü çay sularında da Mn və Ag əksər hallarda klarkdan yüksək miqdarda olur. Mazımqara anomaliyası sahəsindəki torpaqlarda Cu, Ag, Zn klarkdan dəfələrlə artıq, Pb, Mo və Co isə fondan artıq - klark səviyyəsindədir. Dib çöküntülərində Cu, Ag və Zn klarkdan dəfələrlə artıq, Co, Pb və Ni isə klark səviyyəsində toplanmışdır. Yerüstü sularda və qrunt sularında əksər hallarda Cu və Ag klarkdan artıq, Mo klark səviyyəsində, Ni, Mn, Co və Cr isə ətraf fondan yüksək miqdarda qeydə alınmışdır.
Beləliklə, keçən əsrin ikinci yarısında Balakən və Zaqatala rayonlarının dağlıq hissələrində geoloji-kəşfiyyat işlərinin geniş vüsət alması nəticəsində ətraf təbii mühitə xeyli ziyan dəymişdir. Əgər geoloji-kəşfiyyat işləri Filizçay, Kasdağ, Katex, Saqator və Kasmalada qısa müddət ərzində başa çatdırılmış olsaydı, bu yataq və təzahürlərin sahəsində texnogen-sənaye landşaftları belə mənzərəyə malik olmazdı, təbii landşaftların isə bərpa olunma ehtiyacı yaranmazdı. Bu sahələrdə dağ-mədən qazımalarının giriş hissəsi əksərən uçurulmuşdur və bu da təbii landşafta mənfi təsir edir.
Antropogen təsirlərdən başqa, bölgədə təbii proseslərlə də ətraf mühitin tarazlığının pozulması və təbii landşaftın dəyişilməsi halları tez-tez baş verir. Burada sellər və daşqınlar, bir tərəfdən, sürüşmələrin və uçqunların əmələ gəlməsinə, dərələrin dərinləşməsinə, yeni dərələrin və su şırımlarının yaranmasına səbəb olur, digər tərəfdən isə, torpaqların eroziyaya uğramasını sürətləndirir. Balakən-Zaqatala filiz rayonunda güclü eroziya prosesləri gedir. Burada dərə-yarğan eroziyası və yamac müstəvisi boyu torpaqların yuyulması (eroziyası) intensivləşmişdir.
Bütün bunlarla bərabər, rayonun füsunkar və zəngin təbiəti, ətraf mühitin çirklənmələrinin YVQH-dən aşağı olması və nisbətən intensiv çirklənmələrin yataq sahələrində əmələ gəlməsi əsas götürülərək, onun mövcud geoekoloji şəraitini bütövlükdə qənaətbəxş qiymətləndirmək olar. Lakin bu şəraitin gərginləşməməsi və daha da yaxşılaşması üçün kompleks tədbirlərin görülməsi vacibdir. Məlum həqiqətdir ki, yeraltı faydalı qazıntılar təbii sərvətlərin bərpa olunmaz növünə aiddir, çıxarılan filizin yerində yataq yaranmır. Filiz yataqlarının və onlardan hər hansı birinin istismarının ətraf mühitə neqativ təsirləri gözləniləndir. Ancaq ətraf təbii mühitin mühafizəsi və mümkün çirklənmələrin qarşısının alınması və yaxud azaldılması və zərərsizləşdirilməsi şəraitində, kifayət qədər ehtiyata malik olan bu filiz yataqlarının (Filizçay kolçedan-polimetal yatağı bütün Qafqaz regionunda bu tipli ən böyük filiz ehtiyatlarına malikdir) yaxın gələcəkdə işlədilməsi tamamilə realdır.
- Filiz rayonunda aparılan geoloji kəşfiyyat işləri bölgə ərazisində ətraf təbii mühitə çox böyük neqativ təsir etmişdir. Burada filiz yataqlarının istismarı isə bölgənin təbiətinə daha böyük mənfi təsir edə bilər. Odur ki, yataqların istismarı ətraf mühitin mühafizəsi ilə birgə həyata keçirilməlidir.
Balakən-Zaqatala filiz rayonunda yataqların (Filizçay, Kasdağ, Katex və b.) və ya onlardan hər hansı birinin yaxın zamanlarda istismar olunacağı nəzərə alınaraq, istismar proseslərində bölgədə ətraf təbii mühitin qorunması və gözlənilən mümkün çirklənmələrin qarşısının alınması və yaxud azaldılması və zərərsizləşdirilməsi üçün müəlliflər aşağıdakı təklifləri hazırlamışdır:
1. Yataqlar açıq üsulla istismar olunarsa geniş sahələrdə meşələrin qırılmasına, təbii landşaftın tamamilə korlanmasına, əsrarəngiz təbiətin qoynunda olduqca nəhəng çuxurların yaranmasına, ərazinin su təchizatı sisteminin pozulmasına, yeraltı suların dinamikasının dəyişilməsinə, atmosfer tullantılarının və çirkab sularının xeyli artmasına və başqa gözlənilməz fəsadlara səbəb ola biləcəyinin nəzərə alınması.
Yuxarıda qeyd olunanlarla bağlı təklif olunur ki, rayondakı filiz yataqlarının istismarının açıq üsulla həyata keçirilməsinə yol verilməsin və istismar işləri yalnız dağ texniki şəraitdən asılı olaraq, müxtəlif təyinatlı dağ qazmaları keçilməklə yeraltı üsulla (kameralar, bloklar, mərtəbələr və yarımmərtəbələr, pillələr və s. sistemlər) aparılsın.
2. Rayondakı filiz yataqlarının yaxınlığında, sıx su arteriyası şəbəkəli, dik yamaclı dağlıq-meşə landşaftı şəraitində filizsaflaşdırıcı kombinatın inşa olunmasına, onun filizaltılarının ətraf mühitə zərər vermədən yerləşdirilməsinə və mühafizə olunaraq, gələcəkdə istifadə üçün saxlanılmasına heç cür imkan olmamasını nəzərə alaraq, hesab edirik ki, filizsaflaşdırıcı kombinatın bölgədən uzaqda və münasib bir yerdə, məsələn Acınohur çölündə tikilməsi məqsədəuyğun hesab edilsin.
3. Yataqların istismarı zamanı yeraltı qazmalardan çıxan və filiz komponentləri ilə xeyli çirklənmiş sənaye suları yalnız təmizləyici qurğulardan keçirildikdən sonra çaylara axıdıla bilər.
4. Yataqların yalnız kompleks - əsas (Zn, Pb, Cu) və yanaşı (Cd, Co, Bi, S, Te, Se, İn, Ad, Au) filiz komponentlərinin əldə edilməsi ilə istismarının təmin edilməsi.
5. Nəzərə alınsın ki, filizlər tərkibcə başlıca olaraq, sulfidlərdən təşkil olunduğuna görə onlar yer səthində oksidləşmə şəraitinə düşür və əvvəlcə oksigenlə, sonra su ilə müxtəlif reaksiyalara girərək başqa kimyəvi birləşmələrə çevrilirlər. Bu yolla əmələ gəlmiş çoxsaylı kükürdlü birləşmələr də toz, qaz və aerozol şəklində atmosferə atılırlar və yağıntılarla olduqca geniş ərazilərə yayılırlar.
Filiz yataqlarının istismarı zamanı zərərli və zəhərli toz, qaz və aerozollarla atmosfer havasının və turşulu yağışlarla torpaqların, bitkilərin və suların filizdən törəyən çirkləndirici inqrediyentlərlə çirklənməsinin azaldılması və zərərsizləşdirilməsi nəzərdə tutulmalıdır.
5.1.Yerin tərkibindən çıxarılan filizin anbarlarda saxlanılmadan birbaşa avtomaşınlara boşaldılaraq filizsaflaşdırıcı kombinata daşınması;
5.2. Filizin tam həcmdə filizsaflaşdırıcı kombinatına birbaşa daşınmasına imkan olmadığı halda, çalışmaq lazımdır ki, mümkün olduqca az həcmdə filiz kütləsi anbarlarda saxlanılsın və hər bir vahid filiz kütləsinin anbarda saxlanılma müddəti mümkün qədər qısa olsun;
5.3. Vaxtaşırı mədəndə atmosfer havasının çirklənməsinin monitorinqinin keçirilməsi;
5.4. İldə 1 dəfədən gec olmayaraq bölgənin dağətəyi düzənlik sahəsinin torpaqlarının, sularının və bitkilərinin filiz komponentləri ilə çirklənməsinin monitorinqinin keçirilməsi.
6. Mazımçay-Katexçay arası dağətəyi sahəsində geo­ekoloji şəraitin yaxşılaşdırılması üçün filiz yataqlarının istismarı ilə əlaqəli olmayan aşağıdakı əlavə tədbirlərin də görülməsini olduqca zəruri sayırıq:
6.1. Meşələrin qırılması yaşıllığın azalmasından başqa, həm də torpaqların və filizli süxurların eroziyasını daha da intensivləşdirir. Odur ki, meşələrə diqqət və qayğı daha da artırılmalıdır və onların qırılmasına yol verilməməlidir;
6.2. Yaşayış və təsərrüfat sahələrinin sel təhlükəsi olan yerlərdə bəndqurma işləri aparılsın;
6.3. Sənaye, tikinti və nəqliyyat müəssisə və təsərrüfatlarının ekoloji pasportlaşdırılması və ekoloji normalaşdırılması (atmosfer tullantılarının, bərk tullantıların və çirkab suların yol verilən hədd normalarının müəyyən edilməsi) aparılsın və müəyyən edilmiş normalara və qaydalara riayət olunmasına nəzarət edilsin.
Filizlərin tərkibinin əsasən sulfidlərdən ibarət olması oksidləşmə şəraitində sulfat turşusunun ayrılmasına gətirib çıxarır və bu da, öz növbəsində, hətta davamlı mineralların belə həll olmasına imkan yaradır. Elementlərin torpaqlarda davranışına onun tərkibində gil hissəciklərinin olması da mühüm dərəcədə təsir edir: gil mineralları bir sıra elementləri adsorbsiya edərək özündə toplayır.
Sonda onu qeyd etmək istəyirik ki, Filizçay qrup yataqların ərazisində intensiv metamorfizmə uğramış süxurlar - əsasən gil şistləri, şistləşmiş alevrolitlər yayılmışlar ki, onlar da ekzogen geoloji proseslərin, xüsusən də güclü sürüşmələrin baş verməsinə meyillidirlər.Dağlıq ərazilərdə baş verən sürüşmələr də öz növbəsində xalq təsərrüfatına böyük miqyasda ziyan vuran güclü sel və daşqınların yaranmasına səbəb ola bilir.

ƏDƏBİYYAT SİYAHISI:
1. ASLANOV H.P. 2003-2006-cı illərdə Böyük Qafqazın cənub yamacının Mazımçay-Katexçay arası sahəsində geoekoloji şəraitin qiymətləndirilməsi işlərinin nəticələri haqda hesabat. Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu. Bakı, 2006.151 s.
2. ASLANOV H.P. 2006-2009-cu illərdə Mazımçay-Katexçay ararsı dağətəyi sahənin Qanıqçaya qədər olan ərazilərinin geoekoloji şəraitinin qiymətləndirilməsi işlərinin nəticələri haqda hesabat. Bakı. 2006.
3. ƏLİZADƏ Ak. A., SƏMƏDOV A. M. Böyük Qafqazın təbii sərvətləri və onlardan səmərəli istifadə məsələləri. Bakı. «Bilik» cəmiyyəti. 1979.24 s.
4. G.V. Voytkeviç və b. Geokimya üzrə sorğu kitabı. Bakı, Atostrof,2014, s.336-343
5. БЕУС A. A. Геохимия литосферы. Москва. Недра. 1972. 296 s.
6. ЗАИРИ Н.М., ГАНГНУС Н.П., ВИЛЕНКИНА Ю.В. и др. Методика изотопно-геохимического мониторинга ареалов воздействия золото-добывающих предприятий на окружающую среду. Москва. ЗАО Геоинформмарк, 2000.55 s.
7. КУПРИЯНОВА И. И. Экологическая ситуация на территории Кижингинского карьера Разведка и охрана недр, 2008.7, s.65-68.
8. ТАЛИПОВ Р.М., ШУКУРОВ Н.Э. Геохимические особенности распределения благородных и цветных металлов в биосфере на рудных и промышленных объектах северных склонов Кураминского хребта. Geologiya və mineal resurslar, 2005, 1, s.36 - 41.
9. НОВРУЗОВ Н.А., АСЛАНОВ Г.П., САМЕДОВ А.М. Эколого-геохимические исследования на Южном склоне Большого Кавказа (Азербайджанская часть) Актуальные проблемы современной геологии и минералогии Казахстана.Материалы международной конференции . Алматы, 2012, с.433-437


Şək.1 Mazımçay – Katexçayarası sahənin
filiz komponentlərinin miqrasiyası və
akkumulyasiyasının xəritəsi (H.Aslanov)


Şək.2 Mazimçay – Katexçayarası sahənin
geomorfoloji xəritəsi (H.Aslanov)

Şək.3 Balakən-Zaqatala rayonlarında filiz yataqları və ətraf sahələrin geoloji-kəşfiyyat işləri nəticəsində metallarla çirklənməsi