Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

Bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qlobal iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlardır. Bəs, buna nə səbəb olur?

Son bir neçə yüzillikdə baş vermiş sənaye inqilabı nəticəsində insanlar təbii mineral yanacaqlardan daha çox istifadə etməli oldular. Beləliklə, insanlar Yer üzərindəki canlılar arasında günəş enerjisi ilə kifayətlənməyən yeganə varlıq oldular. Zaman keçdikcə insanlar daha çox mineral yanacaqlardan istifadə etməyə başladılar. Hazırda Yer kürəsində hər il 900 milyard tona yaxın mineral xammal çıxarılır. Bu, planetimizdəki bütün çayların il ərzində daşıdıqları çöküntülərin miqdarı ilə müqayisə oluna bilər. Çıxarılan faydalı qazıntıların böyük bir hissəsi təbii mineral yanacaqlardan ibarətdir.

Yerveinsan.az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu barədə məlumat texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun "Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər" mövzusunda məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

2100-cü ilə qədər orta temperatur 6 dərəcəyə qədər yüksələ bilər

Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olsa da, XX əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub. Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır.

Xüsusən son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon qazı, metan, azot oksidi kimi günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir. Başqa sözlə, günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferdən, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə günəş şüaları ilə istilənən, amma daxildəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.

İqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyir və atmosferdə istixana effekti yaranır. Ozon təbəqəsinin nazilməsi də qlobal istiləşməyə yol açan digər səbəbdir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.

Müəyyən olunub ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da qızmasına səbəb olur.

Bu ümumbəşəri problemi həll etmək üçün 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən “insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün” “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” imzalandı. Çərçivə konvensiyasının əsas məqsədi “atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antpogen müdaxiləsinin qarşısını alacaq səviyyədə stabilləşməsidir”.

1997-ci ildə Yaponiyada imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu tədbirlərin ilk icrası olub. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu. 2022-ci ilə qədər tədbirin 198 tərəfdarı var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.

Fərəhli haldır ki, bəşəriyyət üçün vacib olan bu tədbir - hər il fərqli ölkənin ev sahibliyi etdiyi “Conference of the Parties”in (COP) 29-cu iclası, yəni Tərəflərin Konfransı noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

COP29 iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq.

İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər yığışaraq, bu tədbirin gündəliyini müəyyən edirlər. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

COP konfransının məqsədi nədir?

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Azərbaycan Respublikası Hökuməti də imzalayıb.

COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 konfransı, həm də iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Dünya dövlətlərinin COP29-un Azərbaycanda keçirilməsini dəstəkləməsi təsadüfi deyil

Bəs, Azərbaycanda qlobal iqlim dəyişiklikləri ilə bağlı vəziyyət necədir? Azərbaycanda da son illər temperatur 0,4-1,3 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində temperaturun 1,1-1,3 dərəcə artması müşahidə olunur. Azərbaycanda aparılan tədqiqatlara əsasən, 1961-1990-cı illərlə müqayisədə 1991-2012-ci illərdə temperatur artımı 0,2-1,5°C intervalında dəyişib. Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas olan ölkədir.

Qlobal istiləşmə Yer kürəsində təbii fəlakətləri artırır, təbii resurslara, insanların həyat tərzinə mənfi təsir edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufan və çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti külək, qasırğa, yağıntılar güclənib, eyni zamanda, sel, daşqın hadisələrinin sayı artıb. Bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Dünya dövlətlərinin COP29-un Azərbaycanda kecirilməsini dəstəkləməsi heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycanın bərpa olunan enerji potensialı çox böyükdür və potensialın reallaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam bu istiqamətdə Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirəcəyinin göstəricisidir. Sərəncamın icrası ilə əlaqədar artıq respublikamızda böyükhəcmli işlər həyata keçirilib. İşğaldan azad olunan torpaqlarımızın bərpa olunan enerji potensialını da nəzər alsaq, bu işlərin geniş miqyas alacağı birmənalıdır. Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, nəyi necə, nə vaxt etmək lazım olduğunu dəqiqliklə bilməsi Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində də öz sözünü deyəcəyinə əminlik yaradır.