“Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən  verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama zamanı obyektin odsöndürən balonlarla tam təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülmədiyi, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmadığı, pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılmadığı, işçilərin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmadığı və bu barədə xüsusi jurnalda qeydlər aparılmadığı müəyyən edilib. Həmçinin elektrik lövhələri olan otağın “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun saxlanılmadığı, köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmadığı və köçürmə yollarının üzərində “Çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmadığı, obyektin avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmadığı, insanların və qiymətli əşyaların köçürülməsi üçün “Köçürmə planı”nın işlənib hazırlanmadığı, obyektin daşınmaz əmlakının “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta edilmədiyi, obyektin fəaliyyəti nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı aşkarlanıb.

“Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda bildirilib.