Zaur İmrani: Suyun səviyyəsinin azalması yalnız iqlim amilləri ilə deyil, həm də antropogen təsirlərlə bağlıdır

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi istiqamətində Tədbirlər Planına uyğun olaraq coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılması, həmçinin “Elektron su təsərrüfatı” informasiya sisteminin funksional imkanlarının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Bunu Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani müəssisənin 2025-ci il üzrə elmi və innovasiya fəaliyyətinə dair illik hesabatına həsr olunmuş iclasında söyləyib. Onun sözlərinə görə, tədqiq olunan ərazilərdə, xüsusilə Qudyalçay, Viləşçay, Lənkərançay və Ataçay hövzələri boyunca ekoloji vəziyyət qənaətbəxş səviyyədə deyil: “Lənkəran-Astara Quba -Xaçmaz iqtisadi rayonları üzrə 30-dan çox su mənbəsi müəyyənləşdirilib, onların koordinat məlumatları və texniki vəziyyəti sənədləşdirilib. Hər bir su obyektinin topoqrafik, hidroloji və hidrotexniki göstəriciləri sistemləşdirilərək” Milli Strategiya”nın monitorinq mexanizminə daxil edilə biləcək formada təqdim edilib. Çay məcralarına yaxın ərazilərdə müşahidə edilən plastik, qida və məişət tullantıları suyun fiziki keyfiyyət göstəricilərinə mənfi təsir göstərir, bəzi hallarda çayların sahil zonalarında mikroorqanizmlərin çoxalması halları müşahidə olunur. Təhlillər göstərir ki, suyun səviyyəsində müşahidə olunan azalma yalnız iqlim amilləri ilə deyil, həm də antropogen təsirlər, xüsusilə sugötürmə və suvarma məqsədli axınların yönləndirilməsi ilə sıx bağlıdır”.