Dondurma quruları: trend, yoxsa risk? Cavid Vəkilov yazır
Son illərdə sosial şəbəkələrdə sürətlə yayılan yeni qida trendi diqqəti xüsusilə cəlb edir: sublimasiya olunmuş, yəni “freeze-dried” dondurma quruları. TikTok və Instagram platformalarında milyonlarla baxış toplayan videolarda insanlar xırtıldayan, köpük kimi əriyən bu dondurma parçalarını dadır, qeyri-adi səslər və görüntülərlə məhsulu cazibədar göstərirlər. Reklamlarda isə bu məhsullar tez-tez “innovativ”, “təbii”, “konservantsız” və hətta “sağlam qəlyanaltı” kimi təqdim olunur. Lakin məsələyə daha dərindən baxdıqda ortaya çıxan mənzərə reklamdan xeyli fərqlənir.
Dondurma qurularının hazırlanmasında əsas texnologiya sublimasiyadır. Bu üsulda məhsul əvvəlcə dərin şəkildə dondurulur, sonra isə vakum mühitində saxlanılır. Bu şəraitdə buz halındakı su birbaşa buxara çevrilir və məhsulun tərkibindən ayrılır. Nəticədə demək olar ki, bütün suyu çıxarılmış, çox yüngül, məsaməli və xırtıldayan quruluşa malik qida alınır. Bu texnologiya əslində yeni deyil; uzun illərdir kosmonavt qidalarında, hərbi rasionlarda və uzunömürlü ərzaqlarda istifadə olunur. Son dövrlərdə isə sosial medianın təsiri ilə desert sektoruna, xüsusilə də dondurmaya tətbiq edilməyə başlanıb.
Bu məhsulların populyarlaşmasının əsas səbəblərindən biri onların vizual və emosional təsiridir. Əriməyən dondurma ideyası insanlarda təəccüb yaradır, xırtıldayan tekstura isə beyin üçün qeyri-adi stimuldur. Marketinq dili də burada mühüm rol oynayır. “Su tərkibi çıxarılıb”, “təmiz texnologiya”, “konservantsız” kimi ifadələr məhsulda sağlamlıq illüziyası yaradır. Halbuki suyun çıxarılması məhsulun mahiyyətini dəyişmir, sadəcə onu daha konsentrat hala gətirir.
Müsbət tərəflərini inkar etmək olmaz. Sublimasiya olunmuş məhsullar uzun müddət xarab olmur, mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit qalmır, dad və qoxu böyük ölçüdə qorunur. Meyvə əsaslı məhsullarda bəzi vitaminlər saxlanıla bilir və əlavə kimyəvi qoruyuculara ehtiyac azalır. Bu xüsusiyyətlərə görə sublimasiya texnologiyası meyvə, tərəvəz və bəzi təbii məhsullar üçün həqiqətən faydalı üsul sayılır.
Lakin məsələ dondurmaya gəldikdə vəziyyət dəyişir. Dondurmanın əsas tərkibi şəkər, yağ və dadlandırıcılardır. Su çıxarıldıqda bu maddələr yox olmur, əksinə, daha da konsentratlaşır. Yəni ortaya çıxan məhsul “yüngül” görünsə də, tərkib etibarilə yüksək şəkərli və kalorili desert olaraq qalır. Hətta bəzi hallarda şəkərin təsiri daha sürətli hiss olunur, çünki məhsul ağızda tez həll olur və qanda qlükoza səviyyəsini sürətlə yüksəldə bilir. Bu isə xüsusilə uşaqlar və gənclər üçün insulin balansı, diş sağlamlığı və asılılıq tipli şirniyyat vərdişləri baxımından risk yaradır.
Digər mühüm məqam psixoloji təsirdir. Xırtıldayan, köpük kimi yüngül struktura beyin tərəfindən “az kalorili” kimi qəbul edilir. İnsan eyni həcmdə adi dondurma yemədiyi halda, quru formada olanından daha çox istifadə edə bilir. Bu isə fərqinə varmadan yüksək miqdarda şəkər və enerji qəbuluna səbəb olur. Bundan əlavə, çox qurudulmuş və konsentrat məhsullar mədədə şişərək diskomfort yarada, qəbizlik, köp və həzm problemlərinə səbəb ola bilər. Xüsusilə qastriti, reflüsü və ya bağırsaq həssaslığı olan şəxslər üçün bu tip məhsullar uyğun sayılmır.
Reklamlarda tez-tez “vitaminli” ifadəsi də işlədilir. Doğrudur, sublimasiya bəzi vitaminləri qorumağa kömək edir, lakin dondurmanın özündə vitamin miqdarı onsuz da yüksək deyil. Üstəlik C vitamini kimi həssas vitaminlər bu proses zamanı ciddi şəkildə azalır. Yəni dondurma qurularını “vitamin mənbəyi” kimi təqdim etmək elmi baxımdan əsaslı deyil.
Nəticə etibarilə, dondurma quruları texnoloji baxımdan maraqlı, dad və forma baxımından cəlbedici bir məhsuldur. Lakin onu sağlam qida kimi təqdim etmək düzgün deyil. Bu məhsul mahiyyətcə desert olaraq qalır, sadəcə suyundan məhrum edilmiş, daha konsentrat formaya salınmış desert. Sosial medianın təsiri ilə formalaşan “zərərsiz qəlyanaltı” imici isə insanları real risklərdən yayındıra bilər. Dondurma quruları bəzən, az miqdarda və şirniyyat kimi qəbul edildikdə problem yaratmaya bilər. Amma gündəlik qəlyanaltı, xüsusilə də uşaqlar üçün sağlam alternativ kimi təqdim olunması artıq ictimai sağlamlıq baxımından müzakirə olunmalı mövzudur.
Cavid Vəkilov

