Kiberpolis qanunsuz onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı həmin cinayət əməllərində şübhəli bilinən daha iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, onlar xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokyo”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayanların pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.
Saxlanılanların paytaxtın müxtəlif ərazilərindəki mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
“Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik. Bu zaman kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və qanunsuz qumar oyunlarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz”, - deyə məlumatda bildirilir.

