Bu aydan etibarən evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcək – VİDEO

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanmasına nəzarət gücləndiriləcək. Evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcək.

Məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Rəşad Əhmədov – İcbari Sığorta Bürosunun İcraçı Direktoru: “Hal-hazırda Azərbaycanda önəmli bir hissəsinin sığortası olmayan milyonlarla daşınmaz əmlak var”.

Evlərin icbari qaydada sığortalanması qanunvericilikdə də var. Məcburi şəkildə tətbiq edilməməsi isə bu prosesin elektronlaşmaması ilə bağlı idi. Bu ilin sonunda elektronlaşma prosesi başa çatacaq və yoxlamalar bu üsulla aparılacaq.

Rəşad Əhmədov – İcbari Sığorta Bürosunun İcraçı Direktoru: “Elektronlaşmanın tamamlanması və elektronlaşmanın həyata keçməsi buna yol açacaq ki, nəzarətedici qurum artıq bir komputer ekranından kimin sığortasının olub, kimin olmadığını görə biləcək. Bir-bir evlərin sığortasının olub-olmadığını yoxlamağa ehtiyac qalmayacaq”.

Bakıda və Abşeronda 50 manat müqabilində 25000 manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20000 manatlıq, digər yaşayış məntəqələrində isə 30 manat müqabilində 15000 manatlıq paket əldə etmək mümkün olacaq.

 

Xəyal Məmmədxanlı – Ekspert: “Bu sığorta sizə ən geniş təminatları verir. Yəni bunun içində yanğın, ildırım, partlayış, qısaqapanma məsələsi, təbii fəlakətlər və təbiət hadisələri, boruların partlaması, qonşunun başınıza su axıtması kimi ən geniş yayılan təminatlardan biri var”.

Əgər vətəndaşın günahı ucbatından qonşunun əmlakına ziyan dəyərsə, yəni bir evdə yanğın baş verib, digərinə keçərsə, bu halda qonşunun zərərini ödəyən sığorta şirkəti həmin məbləği birincidən tələb edə bilər.  Bu haldan sizi məsuliyyət sığortası qoruya bilər.

Xəyal Məmmədxanlı – Ekspert: “Həm öz əmlakınızı, həm də öz məsuliyətinizi sığorta edə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, mən əmlakımı sığortalayıram 50 manata üstəlik  20 manat da pul ödəyirəm ki, mənə 50 min manatlıq məsuliyət sığortası versin. Bu o deməkdir ki, sizin qonşuya da vurduğunuz ziyana görə 50 min manatlıq məsuliyətinizi də yenə sığorta şirkəti öz üzərinə götürə bilər”.

Bəs qeydiyyatsız evlərlə bağlı vəziyyət necə olacaq? Məlumata görə, təkcə Bakı şəhərində təxminən 600000 sənədsiz ev var.

Ruslan Atakişiyev – İqtisadçı: “Həmin mənzillər sığortalana bilmirlər, çünki onların sənədləri yoxdur. Amma məsələnin həlli bundan ibarətdir ki, ümumiyətlə həmin ərazidə kupçasız evlərlə bağlı konkret proqram hazırlanıb həlli variantları üzərində işlər görülməlidir”.

Ekspertərin sözlərinə görə, sənədsiz evlərin sığortalanması risk olduğundan, bu riski heç bir sığorta şirkəti öz üzərinə götürməyəcək.