Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub
Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya ittihamı üzrə təqsirli bilib.
BFM telekanalı xəbər verir ki, Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edilib. Bunun bir ili real həbs cəzası, iki ili isə şərti cəzadır. Prokurorluq Nikola Sarkozi üçün iki real və iki şərti həbs cəzası istəyirdi.
Fransanın sabiq lideri məhkəmə binasını şərh vermədən tərk edib.
İstintaq müəyyənləşdirib ki, Nikola Sarkozi 2007-ci ildə öz seçki kampaniyasının “L'Oreal” şirkətinin varisi Lilian Bettankur tərəfindən qanunsuz maliyyələşdirilməsinə dair materiallar barədə məlumat almaq üçün kasasiya məhkəməsinin məmurunu ələ almağa çalışıb.“Tracfin” maliyyə kəşfiyyatı tərəfindən əldə olunan telefon danışıqları da bu işdə sübut kimi yer alıb.
Hazırda Sarkoziyə qarşı Liviya lideri Müəmmar Qəddafidən qanunsuz olaraq pul alınması ilə bağlı daha bir istintaq işi aparılır.
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi məhkəmənin gedişində bütün ittihamları rədd edib. Bu, ölkənin müasir tarixində eks-prezidentin müttəhimlər kürsüsündə əyləşdiyi ilk məhkəmə prosesidir.//AZƏRTAC