Qırğızıstan Prezidenti mayın 1-2-ni milli matəm günü elan edib
Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 29-30-da Batken vilayətində- Tacikistanla sərhəddə baş verən qarşıdurmada çoxsaylı insan tələfatı ilə əlaqədar mayın 1-2-ni ölkədə milli matəm günü elan edib.
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsi xəbər verir ki, dövlət başçısı Sadır Japarov bununla bağlı Fərman imzalayıb.
Fərmanda deyilir ki, mayın 1-2-də Qırğızıstanın bütün nazirlik, idarə və təşkilatlarında, xaricdəki səfirlik və konsulluqlarda dövlət bayraqları endirilir.
Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətində baş verən qarşıdurmada 31 mülki şəxs və hərbçi ölüb, 154 nəfər yaralanıb, əhalinin əmlakına və hökumət idarələrinə ciddi zərər dəyib.//AZƏRTAC