Avropa İttifaqı genişlənmə astanasında

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bu günlərdə Qərbi Balkan bölgəsində bir sıra dövlətlərə gərgin səfər edir. Məqsəd - region ölkələrini inandırmaqdır ki, həmin ölkələrin Aİ-yə daxil olmasına dair danışıqlara start verəcək sazişin qəbul edilməsini sürətləndirmək lazımdır. Bu, Aİ-nin Balkanlara doğru genişlənməsi prosesinə yeni təkan verəcək.

Həyata keçirilməsi siyasi baxımdan çətin olan bu sövdələşmə Brüsselin regionda ümidləri ilə bağlı mürəkkəb qərarlar zəncirində son halqadır. Lakin xüsusən Ukrayna və Moldovaya verilmiş son vədlərdən sonra blok əvvəlki səhvləri bir daha təkrarlamamalıdır.

Növbəti altı ay ərzində Aİ Şurasında sədrlik edəcək Çexiya Ukrayna və Moldovanın tezliklə Aİ-yə daxil olmasında təkid edən ölkələrlə çoxdan növbədə dayanan ölkələr, məsələn Qərbi Balkan dövlətləri arasında tarazlığı təmin etməli olacaq.

Şarl Mişel Şimali Makedoniyada olarkən indi bu ölkə üçün “həlledici məqam” olduğunu bəyan edib və mədəniyyət, dil və indentiklik kimi məsələlərdə Bolqarıstanla bəzi mübahisələr doğuran “fransız təklifi”ni qəbul etməyə çağırıb. Məlum olduğu kimi, Bolqarıstan bir sıra məqamlar barədə mübahisə edir, “fransız təklifi” isə Sofiya ilə Skopye arasında kompromisi təmin etməlidir.

Mişel Skopyedəki çıxışında deyib: “Sizin ölkənin Aİ-nin Balkanlara doğru genişlənməsi prosesində yenidən liderə çevrilmək şansı var. Şəxsən mən tam əminəm ki, bu qərar sizin əsas problemlərinizə müvafiqdir. Məqsəd aydındır: Şimali Makedoniyanın Aİ-yə daxil olması barədə danışıqlara başlamaq və Aİ-də bizim ortaq gələcəyimizi qurmaq üçün irəliləmək”.

Eyni zamanda Aİ Şurasının sədri qeyd edib ki, əgər Şimali Makedoniya razılıq versə, yaxın bir neçə gün ərzində birinci hökumətlərarası konfrans təşkil ediləcək və bundan dərhal sonra digər addımlar atılacaq.

“Fransa təklifi”ni tənqid edənləri sakitləşdirməyə çalışan Mişel deyib: “Bir mühüm məqam var ki, bu təklifdə Aİ tərəfindən qeyd-şərt irəli sürülmədən Makedoniya dili haqqında danışılır. Makedoniya dili sizin dilinizdir və “fransız təklifi” bu fakta hörmət edir. Aİ-nin bütün normativ aktları və qanunvericiliyi Makedoniya dilinə tərcümə ediləcək. Biz sizin milli identikliyinizlə bağlı narahatlığınızı da çox yaxşı başa düşürük. Avropa Şurasının sədri kimi mənim tam dəstəyimə ümid edə bilərsiniz ki, sizin qanuni hüquqlarınıza sistematik olaraq riayət ediləcək”.

Sofiya bu təklifi qəbul edib, lakin həm Brüssel tərəfindən, həm də Aİ-yə daxil olmasının yolu Skopye ilə bağlı olan qonşu Albaniya tərəfindən göstərilən təzyiqə baxmayaraq, kompromisi rədd etmək tələbi ilə bağlı daxili təzyiq güclənməkdə davam edir.

Makedoniya Parlamenti qarşısında etiraz nümayişləri dalbadal dördüncü gecədir ki, davam edir. Etirazçıların fikrincə, bu sövdələşmə onların etnik idenktikliyinə “hücum edir”. Onlar Bolqarıstanın makedoniyalılara münasibətini bir qədər şərqdə ukraynalılara qarşı tez-tez istifadə edilən ritorika ilə müqayisə ediblər. “Fransız təklifi”ni tənqid edənlər deyirlər ki, bu təklif makedoniyalıların milli identikliyinin inkar edilməsinə yol açır.

Mişel jurnalistlərə deyib: “Şimali Makedoniyanın təklif etdiyi kompromis bu ölkədə siyasi və etnik qütbləşməni sürətləndirir”. Onun fikrincə, bu ölkənin vətəndaşları hesab edirlər ki, sözügedən təklif bolqar radikallarının makedoniyalılara münasibətdə məqsədlərinə nail olmağa əsasən şərait yaradır.

Ş.Mişel daha sonra deyib: “Mən onlara izah etməyə çalışıram ki, gələcəkdə heç kəs tarix, dil və etnik mənsubiyyət barədə ikitərəfli mübahisələrlə əlaqədar Skopyedən yeni güzəştlər almaq üçün onun Aİ-yə daxil olması prosesindən istifadə edə bilməyəcək”.

Lakin çoxları belə hesab edir ki, Aİ Cənub-Şərqi Avropada öz siyasi nüfuzunu daha da itirməyə risk edir.

Şarl Mişeli müşayiət edən Makedoniyanın baş naziri Dimitar Kovaçevski deyib ki, Avropanın təklifi makedoniyalılar üçün əlverişlidir və Skopyenin narahatlığını nəzərə alır. Baş nazir vurğulayıb: “Dəyişdirilmiş, dəqiqləşdirilmiş və tamamlanmış “fransız təklifi” bizim illər boyu mübarizə apardığımız imkanı - Makedoniya dilinin dəqiq ifadə olunmasını təmin edir. Biz öz identikliyimizlə fəxr edirik, indiyə qədər heç kəs Makedoniya xalqını assimilyasiya edə bilməyib və bu, faktdır”.

Aİ tərəfindən Ukrayna və Moldovaya namizəd statusu veriləndən sonra Aİ-nin Balkanlara doğru genişlənməsində irəliləyiş daha da güclənib.

Şimali Makedoniya ilə Bolqarıstan arasında razılıq əldə edilməsi Ukrayna və Moldova ilə müqayisədə özlərini incidilmiş hesab edən Qərbi Balkan ölkələrinin perspektivini canlandırardı.

Qərbi Balkan ölkələrinin liderləri iyunun 23-də Avropa Şurasının Brüsseldə keçirilmiş sammitinin kuluarlarında yaranmış vəziyyətdən çox narazıdırlar. Həmin sammitdə Ukrayna və Moldovaya Aİ-i üzvlüyünə namizədlər statusu verilib. Lakin iyulun 1-də Aİ Şurasında sədrliyi Fransadan qəbul etmiş Çexiya genişlənmənin hər iki istiqamətdə sürətləndiriləcəyini vəd edir.

Çexiyanın sədrliyə başlaması münasibətilə təşkil edilmiş mətbuat konfransında Çexiyanın baş naziri Peter Fiala deyib: “Gündəlikdə “Şərq yoxsa Cənub?” məsələsi yoxdur. Bu iki məsələ bir-birinə zidd deyil”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də həmin mətbuat konfransında iştirak edirdi. O deyib: “Biz hər iki istiqamətdə səylərimizi cəmləşdirə bilərik və bunu istəyirik. Aİ-yə daxil olma prosesinin sürəti ölkələrin özlərindən asılıdır”.

Fialanın sözlərinə görə, Aİ regionu təbliğatdan və sabitliyin pozulması potensialından qorumaq üçün Qərbi Balkan ölkələrinə qucaq açmalıdır.

2022-ci ilin oktyabr ayında Praqada Çexiyanın sədrliyi ilə qeyri-rəsmi sammit keçiriləcək. Həmin tədbirdə Aİ üzvü olan ölkələrlə yanaşı, “İslandiyadan Ukraynaya qədər” digər Avropa ölkələri də iştirak edəcəklər.

Fiala vurğulayıb: “Bu bizim hamımızın mənafeyinə uyğundur. Aİ yalnız Şərqə və ya yalnız Cənuba baxa bilməz. O, bütün istiqamətlərə baxmalıdır.”//AZƏRTAC