EKOLOGİYANIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI - Müsahibə

Şövqi Göyçaylı

Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də nailiyyətlər qazanmaqdadır. Ekologiya sahəsindəki nailiyyətlər əsasən yeni olduğundan daha mühüm əhəmiyyət kəsb edir. Nəzəri, metodoloji sahələri təkmilləşdirilir, innovativ fəaliyyət müasir dövrün tələblərinə uyğunlaşdırılır.
Bu barədə müsahibimiz Azərbaycanda ekoloji təhsilin təşkilatçılarından və əsas yaradıcılarından biri, Bakı Dövlət Universitetinin professoru, coğrafiya elm­­ləri doktoru, respublikanın Əməkdar müəllimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şövqi Göyçaylıdır.

Şövqi müəllimdən həmin sahənin keçmişi, bu günü və gələcəyi barədə suallarımıza cavab verməyi xahiş edirik.

- Professor, Siz uzun illər ekologiya, ətraf mühitin mühafizəsi və eləcə də həmin sahənin kadrlar hazırlığında çalışırsınız. Bu sahənin elmi yüksəlişi, təhsili və kadr hazırlığı Sizi qane edirmi?
- Əsasən qane edir.

- Sizcə, ekologiya yeni, yoxsa qədim elmlər sırasına daxildir?
- Elmşünaslığın əsaslarından məlumdur ki, fundamental elmlər qədim elmlər sırasına daxildir. Ekologiyaya gəldikdə, demək lazımdır ki, bu sahə də bir elm kimi qədim dövrlərdən formalaşmağa başlamışdır. İlkin mərhələlərdə bu sahə də çox bəsit olmaqla, canlı orqanizmlərin ətraf mühitdən asılı olaraq özlərini necə aparmalarından bəhs etmişdir. Göstərilənlər sonralar formalaşacaq böyük ekoloji elmlər sisteminin başlanğıcı idi. Təbiidir ki, hər bir dövrün elmi ideyaları başlanğıcda sadə - dialektik anlayışlarla ifadə olunurdu. Deyilənlərdə primitivlik olsa da, insan-təbiət əlaqələri haqqında ideyalar məntiqli idi. Ən başlıcası odur ki, göstərilən ideyalarda Qərbdə təbiət - canlı aləm, Şərqdə isə insan və mühit münasibətləri əks etdirilirdi. Tədriclə dini, siyasi dünyagörüşlərdə, daha sonra bəzi burjuaziya nümayəndələrinin ideyalarında ekoloji biliklərin dialektik məzmunu müəyyən dərəcədə təhrif edilirdi. Sovet dövründə xalq təsərrüfatının, elm və təhsilin yüksək inkişaf etməsinə baxmayaraq, cəmiyyətin idarə olunmasını başlıca olaraq sosialist istehsal üsulu və istehsal münasibətlərindən asılı edilməsi nəticəsində ekoloji böhranlar, ziddiyətlər bəzən kölgədə qalırdı. Ümumiyyətlə, ekologiya mürəkkəb tarixi yol keçmişdir. Bu sahə yeniləşməkdə, müasirləşməkdə davam edərək gələcəyin elminə çevrilməkdədir.

- Azərbaycanın ekoloji prosesləri, ətraf mühitinin mühafizəsinə dair problemləri barədə nələri demək istərdiniz?
Bəşəriyyətin gələcəyi ekoloji problemlərin həllindən asılıdır. Qlobal problemlər içərisində ekoloji təhlükələr ön sıralardadır.
- Ekoloji şəraitin yüksək səviyyədə idarə edilməsinə dair təcrübələr əsasən ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən həyata keçirilmişdir. Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra, 1970-ci illərdən mərkəzi hakimiyyətin müəyyən məhdudiyyətlər yaratmasına baxmayaraq Azərbaycanda renessans mühiti yaratmışdır. Həmin dövrdə cəmiyyətin idarəetmə strukturlarında təbiətdən səmərəli istifadə, təbiəti mühafizə və s. problemlər idarəetmə sistemlərinə daxil edilmişdir. Göstərilənlər elm-təhsil strukturlarında da tədricən öz əksini tapmışdır.
Ümumiyyətlə, keçmiş ittifaq miqyasında yenidənqurma məhz ancaq Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Nəticələri də yüksək səviyyədə özünü göstərdi. Həmin kursun davamında təbiətin təsərrüfatın idarə edilməsi məsələləri ilə əlaqələndirilməsi olduqca məntiqli idi. Çox çəkmədən ətraf mühiti mühafizə ekologiyanın tətbiqi sahəsinə çevrildi.
Deyilənlərə müvafiq olaraq, AMEA Elmi Tədqiqat institutlarında, ali təhsil ocaqlarında ekoloji təmayüllü şöbələr və kafedralar yaradıldı. Sovet dövründə Heydər Əliyevin həyata keçirdiyi kurs sonralar bazar iqtisadiyyatı dövründə də özünü doğrultmağa başladı. Ekoloji məsələlər bazar iqtisadiyyatı dövründə, islahatların həyata keçirilməsi zamanında da nəzərə alınmışdır. Azərbaycanda islahatların müvəffəqiyyətlə həyata keçirilməsinin səbəblərindən biri də ümummilli Liderin vaxtilə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikanı yaxşı tanıması, onun inkişafına konsruktiv münasibət bəsləməsi ilə əlaqədar idi. 1970-ci illərdən sonra Azərbaycanda dövlət idarəetmə strukturlarında ətraf mühiti mühafizə məsələləri genişləndikcə Azərbaycan təbiətinin mühafizə sahəsində ictimai hərəkatın genişlənməsinə, onun elmi-metodiki əsaslarla idarə edilməsinə akademik Həsən Əliyev rəhbərlik edirdi. Həmin fəaliyyət 1990-cı illərə qədər onun rəhbərliyi ilə həyata keçirilmişdir. Təbiidir ki, yenidənqurmaya keçid dövrünün əvvəlləri ağrılı, qanlı olsa da, ümummilli Liderin Azərbaycana ikinci dəfə rəhbərliyə gəlməsi ilə siyasi-iqtisadi, ictimai həyatımızda sabitlik və tədricən inkişafın yüksəlişinə böyük təminat yaradıldı. Böyük islahatların həyata keçirilməsi, təbiidir ki, ekologiya və ətraf mühiti mühafizə sahəsində də irəliləyişlərə təsir göstərmişdir. Nəzərə almaq lazımdır ki, böyük iqtisadi-sosial, ictimai-siyasi yüksəliş olmadan ekologiya kimi mürəkkəb sahəni inkişaf etdirmək mümkün olmazdı.
Cənab İlham Əliyevin Prezidenti dövründə bütün sahələrdə olduğu kimi, ekologiya, onun tədrisi və kadr hazırlığı sahəsində və idarəetmədə yeni, nailiyyətlər qazanılmağa başlandı.

- Bəzi elm nümayəndələri belə hesab edirlər ki, ekologiya bioloji elmdir, bəziləri də hesab edirlər ki, ekologiya elm deyildir. Bu məsələyə Sizin münasibətiniz necədir?
- Ekologiya biologiyadan, xüsusilə zoologiyadan başlamışdır. Onu bir elm kimi zooloq alim Hekkel irəli sürmüş, tədricən biologiyanın digər qolları da ekologiyalaşdırılmış və həmin sahə getdikcə müasirləşdirilmişdir.
İndiyə qədər ekologiya ilə məşğul olan bioloq alimlərin böyük əksəriyyəti ekologiyanın biologiyanın bir qolu olduğunu və yaxud bioloji elm olduğunu bildirmişlər. Çoxlu sayda alimlər ekologiyanın elmlərarası sahə olduğunu da israr edirlər. Ekologiya ilə ardıcıl məşğul olmayıb, başqa sahədən olan alimlər içərisində “ekologiya elm deyildir”- ifadəsini söyləyənlər də vardır. Onlar çox azlıq təşkil edirlər.
Ekologiya keçən əsrin ortalarından başlayaraq elmlər­arası sahə kimi formalaşaraq “dünyanın harmoniyasından” bəhs edən sahəyə çevrilmişdir. Ona görə də həmin sahənin elmi “aparatının” formalaşmasına, predmetləşdirilməsinə və düzgün tədris olunmasına diqqət vermək lazım gəlir.
Nəzərə almalıyıq ki, bugünkü tələbə-gənclər sabah həyatda birbaşa və dolayı olaraq ekologiya ilə əlaqədə olacaqlar. Onların içərisində ekologiya ilə bağlı təhsil ocaqlarında, idarəetmə sahələrində də çalışanlar az olmayacaqdır. Məhz ona görə də onlara ekoloji mədəniyyətin dünya mədəniyyətinin mühüm hissəsi olması və s. barədə məlumat verilməsi xüsusi əhəmiyyətə malikdir.

- Bu gün ekologiya Sizin fikrinizcə, hansı elmlər sırasına daxildir?
- Mənim fikrimcə, müasir dövrdə ekologiya və onun sahələri yenidən formalaşma mərhələsindədir; eyni zamanda başqa elmlərə də sirayət edir. Müasir dövrdə onu elmlərarası sahə hesab etmək məqsədəmüvafiq olar.

- Ekologiyanın gələcəkdə müstəqil elmlərdən biri kimi formalaşacağı mümkündürmü?
- Hesab edirəm ki, bu məzmunda fikir söyləmək hələ tezdir. Ancaq, mülahizə etmək olar ki, yaxın keçmişlə müqayisədə elmlərin getdikcə daha sürətlə ekologiyalaşdığı məlum olur. Bu iki, yaxud üç elm arasında gedən proses deyildir. Ekologiya vasitəsilə elmi biliklərin və predmetlərin təhlilləri tədriclə elmşünaslığa da yeni və maraqlı informasiyalar verir. Müdriklər yaxşı deyiblər: -“elmin də taleyi insanların taleyi kimidir, müxtəlif inkişaf yolu keçir”. Başqa elm sahələri ilə müqayisədə ekologiyanın yolu daha mürəkkəb və daha maraqlıdır.
Bunu da nəzərə almalıyıq ki, elm tariximiz ümumi tariximizin ayrılmaz hissəsidir. Burada qarşılıqlı inteqrasiya, stimullaşdırma vardır. XIX əsrin əvvəllərindən başlayaraq, XX əsrin əvvəllərinə qədər ümumbəşəri inkişaf, təbiətin dialektikasına, canlı aləmin və eləcə də insanın yaranmasına, nəsillərarası irsi əlaqələrin aşkar edilməsinə, müxtəlif xəstəliklər yarada biləcək bakteriyaların, virusların və s. öyrənilməsinə stimul yaratmışdır.
Deyilənlərin Günəş fəallığı ilə əlaqələndirilməsi ənənəvi elmlərin inkişafına təsir göstərməklə yanaşı sintetik elmləri də, biofizika, geofizika, geoastronomiyaya, kosmologiyaya, paleontalogiya və s. formalaşdırmışdır. Göstərilən elmi təkamülləşmə ekologiyanın transformasiyasına və eləcə də ekoloji proseslərin coğrafi fərqlərinin öyrənilməsinə də böyük zərurət yaratmışdır.
Nəzərə almalıyıq ki, həyatın ümumi inkişafının təkamülləşməsinə uyğun olaraq hər dövrdə elmlərin təkamülləşməsi və strukturlaşması adekvat olmur. Fikrimcə, müəyyən obyektiv və subyektiv səbəblərdən elmşünaslıq tələb olunan səviyyədən geri qalır. Məhz ona görə də zəngin elm tariximiz olmasına baxmayaraq ekologiyanın elm kimi, ekoloji təfəkküründə formalaşmasında maneələr yaradılmışdır. Xüsusi cəhəti qeyd etməliyəm ki, ekoloji təfəkkür və ekoloji informasiyalar elmi sistemlərin düzgün strukturlaşmasına güclü təsir göstərir. Məsələn, uzun dövr ərzində coğrafiya qədim elmlərdən olmasına baxmayaraq, iki yerə ayrılmışdır. Fiziki coğrafiya təbiət elmləri, iqtisadi-sosial coğrafiya ictimai elmlər sırasına daxil edilmişdir. 150-200 il ərzində elmi-tədqiqatlarda, idarəetmədə və s. sahələrdə coğrafiyanın vahid elm kimi fəaliyyətinə maneələr yaradılmışdır. Coğrafiyanın ekologiyalaşdırılması vahid coğrafiyanın formalaşmasına, onun elmi və tətbiqi sahələrinin inkişaf edilməsinə müsbət təsir göstərmişdir. Başqa elm sahələrindən də müvafiq misallar gətirmək olar. Deməli, elmlərin ekologiyalaşdırılması, məqsəd və vəzifələrinin yüksəlişi onların elmi aparatının, predmetinin inkişafına və transformasiyasına müsbət təsir göstərəcəyi şübhəsizdir.

- Sizcə bu sahədə aparılan fəaliyyət tədrisə və kadrlar hazırlığına cavab verirmi?
- Fikrimcə, bu sahədə fəaliyyət əsasən qənaətbəxşdir. Ulu öndər Heydər Əliyev demişdir: - “Təhsil elə bir sahədir ki, burada inqilabi islahatlar həyata keçirtmək olmaz”. Ölkəmizdə nailiyyətlərimiz, xüsusilə ekoloji təhsilə dair nailiyyətlərimiz böyükdür.

- Bir vaxtlar daha çox ətraf mühitin mühafizəsindən bəhs edilirdi. Bu, nə ilə əlaqədar idi?
- Ətraf mühit ekoloji şəraitin tərkib hissəsidir. Mühitsiz ekoloji proseslər yoxdur. Ekoloji şəraitdə və proseslərdə nə varsa, ətraf mühitdə baş verir. Tarixən və eləcə də keçən əsrin 60-cı illərindən təbiəti, ətraf mühiti mühafizənin ön plana keçirilməsi, yüz illərin və min illərin ərzində sıradan çıxan, çirklənən torpaqların qısa vaxt ərzində təmizlənmə və bərpa edilməsini tələb edirdi. “Demoqrafik partlayışlar” dövründə əhali artımı ilə əlaqədar hər adambaşına düşən məhsuldar torpaqların sahəsi də azalırdı. Ətraf mühitlə bağlı dünyanın bir çox ölkələrində, MDB-yə daxil olan ölkələrdə və eləcə də Azərbaycanda ətraf mühiti mühafizə ilə bağlı hərəkatın başlanması və müvəffəqiyyətlə həyata keçirilməsi müsbət nəticələr vermişdir. Qeyd etmək lazımdır ki, hər bir sahənin ekoloji məzmunu ilk növbədə onun xüsusi və ümumi mühiti ilə qiymətləndirilir. Geoloji, coğrafi, bioloji, kimyəvi mühitləri, onların strukturlarını dərk etmədən həmin sahələrin ekoloji proseslərini, sərhədlərini və delimitasiyasını və s. düzgün qiymətləndirmək olmaz.
Azərbaycanda vaxtilə ətraf mühiti mühafizə və bərpa ilə əlaqədar on min hektarlarla sahələr əkin dövriyyəsinə qaytarıldı. Müasir dövrdə ekologiya və onun elmi-metodoloji əsasları, tətbiq sahələri inkişaf etdikcə, ətraf mühiti mühafizə onun arxasınca irəliləyir. İndiyə qədər mühitin aşağıdakı diferensasiyaya malik olması həmin dövrün nəticəsidir. Ümumi (kosmik, planetar, kontinental) və xüsusi mühitlərin (regional, yerli, məhəlli və s.) bölgüləri 30-40 il ərzində aparılan təhlillərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, həmin bölgülərdə müəyyən şərtlilik də vardır. Taksonomik bölgülərin çatışmayan cəhəti odur ki, bölgülərdə makro bölgüdən mikro (nano) struktura qədər müəyyən uyğunsuzluqlar vardır. Ona görə də hələlik ekosistemlərin bölgülərində də müəyyən uyğunsuzluqlar müşahidə edilir. Deyilənlərin gələcəkdə tədricən həll ediləcəyinə şübhə etmirik.

- Ekologiyanın elmi-fəlsəfi məzmunu Sizi qane edirmi?
- Bu sual çox mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, ekologiya ilə məşğul olanlar daha geniş elmi-fəlsəfi biliyə, dünyagörüşə malik olmalıdırlar. Fəlsəfi biliklər düzgün ekoloji və metodoloji əsasa yiyələnməyə kömək edir. İstər Şərq, istərsə də Qərb filosofları yaşayış mühitinin insan orqanizminə təsirindən bəhs etmişlər. Filosoflar və eləcə də çoxlu sayda Azərbaycan filosofları öz elmi yaradıcılıqlarında müvafiq dərəcədə ekoloji problemlərdən bəhs etmişlər. Onların Azərbaycan gənclərinin, mütəxəssis və alimlərinin dünyanın fəlsəfi məzmununun dərk edilməsində xüsusi əməkləri var. Bir çoxu ekoloji proseslərin, ətraf mühitin idarə olunmasının və s. fəlsəfi məzmununun dərk edilməsi sahəsinə yeniliklər gətirmişlər. Eyni zamanda onların materialist dialektikanın təbiəti və cəmiyyəti dərk etməyin fəlsəfi metodlarına dair təhlilləri də qiymətlidir. Deyilənlər insan-təbiət, insan-cəmiyyət münasibətlərinin təhlili barədə mühüm elmi əhəmiyyət kəsb edir. Bununla yanaşı təbiət-cəmiyyət münasibətlərinin biosfer-noosfer arasındakı əlaqə və münasibətlərin fəlsəfi məzmununa, optimallaşdırılmasına dair təhlillərin aparılmasına böyük ehtiyac vardır. Etiraf etməliyik ki, idarəetmədəki fəaliyyət tempi inkişafın və kadr hazırlığının tempindən daha irəliyə getməkdədir.
Azərbaycan Respublikası rəhbərliyinin həyata keçirdiyi siyasətin inkişaf dialektikasına uyğun olaraq yaşıl iqtisadiyyata önəm verməsi ilə Qarabağda məhsuldar qüvvələrin elmi əsaslarla qurulmasına başlanıldı. Tətbiq edilən yeni idarə sistemi alternativ enerjidən istifadə əsasında davam etdirilməkdədir. Göstərilənlər təbii ehtiyatlardan səmərəli istifadə edilməsində, mühiti bərpa və mühafizə sahəsində innovativ nümunələrin yaradılması ilə yanaşı, Azərbaycanın digər dağlıq regionlarında həmin təcrübənin yayılmasında da mühüm əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.

- Deyilənlərin konkret idarəetmədəki təzahürlərinə nələri misal çəkə bilərsiniz?
- Cəmiyyətin gələcək inkişafı ekologiyanın möhtəşəm mövqeyə malik olmasına təsir göstərəcəkdir. Həyati tələblərin ekoloji prizmadan keçirilməsi, ən zəruri sifarişçi olmaqla geologiyadan sosiologiyaya qədər bütün sahələrdə öncəgörmə informasiyasına zərurət yaradır.
Cənab İlham Əliyev respublika rəhbərliyinə başlayarkən ekologiyanın inkişafına və ekoloji proseslərin idarə edilməsinə elmi-metodoloji cəhətdən düzgün yanaşaraq, tətbiqi sahələrə xüsusi önəm verməyə başladı. Bu gün cənab İlham Əliyevin ekoloji siyasət sahəsindəki fəaliyyətini iki mərhələyə bölmək olar: Birinci mərhələ 2010-cu illərə qədər olan dövrü əhatə etmişdir. Həmin dövr insanların sağlam təbii mühitdə yaşamalarına, təbii resurslardan səmərəli istifadə etməklə xalqımızın rifahının yaxşılaşdırılmasına təminat yaratmaq və islahatların həyata keçirilməsində həmin sahəni prioritet sahələrdən biri kimi qiymətləndirməkdən ibarətdir. Eyni zamanda Azərbaycan təbiətinin unikallığını qorumaq, sosial-iqtisadi inkişafa dayanıqlı təminat yaradılması da önə çəkilmişdir. Bunun nəticəsi idi ki, 2010-cu il Azərbaycanda "Ekologiya İli" elan edilmişdir, eləcə də, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının həyata keçirilməsi öz nəticələrini verməkdədir.
İkinci, 2010-cu ildən sonrakı mərhələ, ekoloji fəaliyyətin qiymətləndirilməsi, cənab Prezidentin ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və s. məsələlər Dövlət proqramlarının və strateji fəaliyyətin tərkib hissəsinə çevrilmişdir. Həmin məsələnin ölkənin sosial-iqtisadi inkişafı ilə uzlaşdırılmasının yol xəritələri əsasında həyata keçirilməsi müxtəlif sahələrdən olan mütəxəssislərin fəaliyyətinin əməkdaşlığına şərait yaratmışdır. Göstərilənlərin ideya rəhbəri və baş memarı cənab İlham Əliyevdir.

- Şövqi müəllim, ölkəmizdə ekoloji siyasətin qanunvericilik bazası barədə nə deyə bilərsiniz?
- Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki nailiyyətləri böyükdür və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilməklə insanların sağlam ətraf mühitdə yaşamaq hüququna təminat verir. Deyilənlər Azərbaycan Respublikasının əsas qanununa uyğundur. Hesab etmək olar ki, ekologiya ölkəmizdə ən geniş və etibarlı qanunvericilik bazasına çevrilməkdədir. Əminliklə bildirirəm ki, Azərbaycanda müvafiq qurumlar və institutlararası əlaqələr inkişaf etdikcə, təbiət-cəmiyyət münasibətlərinin nizamlanmasına, təbii resurslardan səmərəli istifadə edilməsinə və s. dair güclü hüquqi təminat yaradılmaqdadır. Qeyd etməliyik ki, hüquqi bazadan səmərəli istifadə edilməsi məqsədilə maarifləndirməni də genişləndirmək lazım gəlir.

- Şövqi müəllim, ekologiya sahəsində təhsilimizlə gələcəkdə zəruri ola biləcək daha nələrin edilməsini istərdiniz?
- Ekologiya fəlsəfəyə və təbiətşünaslığa söykənməklə, mühüm strategiyaya malik olmalıdır. Düşüncəmizdə və idarəetmədə materialist dialektika təbiət və cəmiyyəti dərk etməyin fəlsəfi metodudur. Onların qarşılıqlı əlaqələrinin həyatda optimallıq dərəcələrinin müəyyən edilməsi ekoloji nəticələrlə ölçülür. Bugünkü dünyada deyilənləri ölçmək üçün qlobal, planetar, regional səviyyədə nümunələr çoxdur. Qlobal və regional proseslərdən məyus olmalı cəhətlər varsa da, nümunəvi örnək ola biləcək nəticələr də az deyildir. Həmin nəticələr təbiət-cəmiyyət münasibətlərinin qiymətləndirilməsində mühüm rol oynayır. Nəzərə almalıyıq ki, 1970-ci illərdən başlayaraq göstərilən sahənin ümumi yerşünaslıqla inteqrasiya edilməsi böyük nəticələr vermişdir. Məhz həmin dövrdən başlayaraq AMEA-nın təbiətşünaslıq, yer elmlərinin və b. sahələrdən olan əməkdaşların təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığı öz töhfəsini vermişdir. Bütün göstərilənlər kadr hazırlığında, alim və mütəxəssislərin yetişməsində mühüm rol oynamışdır. Tədriclə ekoloji təfəkkür, ekoloji dil formalaşmağa başlamışdır. İdarəetmədə ekoloji sistemin yeri, layihələşdirmənin ekologiyalaşdırılması müəyyən edilmişdir. Bunlarla yanaşı qiymətləndirmədə ekoloji dəyərlər, ekoloji balanslaşdırma, ekoloji ehtiyatlar, ekoloji infrastrukturlar və b. anlayışlar kifayət dərəcədə fərqləndirilməmişdir. Bununla yanaşı ali məktəblərin tədris planlarında müəyyən boşluqlar vardır. Tədris planlarının, xüsusilə ekoloji tədris planlarının ixtisas təmayülü göstərilmir. Tədris planlarına daxil olan bloklararası əlaqələndirici fənlər hər zaman düzgün seçilmir. Ekologiya üçün giriş məqsədi ilə yazılan ümumi ekologiya kitabları çox zaman bioloji məzmundan kənara çıxmır. Bəzən də ətraf mühit anlayışları düzgün təfsir (traktovka) edilmir, mücərrədləşdirilir və s.

- Şövqi müəllim, ən yaxşı nümunələri misal göstərə bilərsinizmi?
- Ən başlıcası odur ki, ekologiyanın tarixi mərhələlərinin bir sıra ideyaları uzunmüddətli sükutdan sonra, 1970-ci illərdə yenidən oyanışa başlamış elmi dövriyyəyə qayıtmış, həmin prosesdə ekoloji məzmunlu təbiəti və ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə, ekologiya və s. anlayışlar elmi dövriyyəyə gətirilmişdir. Azərbaycanda ilk ekoloji təmayüllü kafedra 1980-ci ildə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində, ilk elmi tədqiqat - ekoloji şöbə AMEA-nın Coğrafiya İnstitutunda təşkil edilmişdir. Tədriclə AMEA-da, ali təhsil sistemində yeni ekoloji ixtisaslar, şöbələr, kafedralar açılmağa başlandı. Göstərilənlərə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bülletenində Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların nomenklaturasında və ixtisas şifrələrində geoloji və coğrafi ekologiya şifrələri qismən də olsa özünə yer tapdı. Bununla yanaşı, elm sahələrinin inkişafını, eləcə də elmlərin tədriclə ekologiyalaşdırılması zərurətini nəzərə alaraq elmi-tədqiqat institutları və ali məktəblərin müvafiq kafedraları, koordinasiya şuraları vasitəsilə vaxtaşırı olaraq ekoloji istiqamətlərin adlarını elmşünaslığın tələblərinə uyğun strukturlaşdıraraq akademik fəaliyyət üçün informasiya bazasının yaradılması məqsədəmüvafiq olar.

- İqlim dəyişmələrinin ümumilikdə dünya və Azərbaycanda təzahürləri, ekologiyada necə əks olunur, Azərbaycan təhsil sistemində bununla əlaqədar nələri, həyata keçirilməsinə ehtiyac vardır?
 İqlim dəyişmələri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi geniş tədbirlər planı həyata keçirməkdədir.
- Ekoloji təhsildə dünya iqlim dəyişmələrinin xüsusiyyətləri, onunla əlaqədar həyata keçirilən tədbirlər barədə beynəlxalq və respublika qurumlarının həyata keçirdikləri tədbirlər barədə məlumatlar verilir. Müvafiq məsələlər və problemlər fənn proqramlarına, sillabuslara (təhsil proqramı) daxil edilir. Ali təhsil sisteminin müvafiq ixtisaslarında iqlim dəyişmələri ilə əlaqədar müzakirələr aparılır. Ən başlıcası həmin mövzu planetlərarası məzmun kəsb etməklə onun yerli, lokal problemləri də təsvir və təhlil edilir. Fikrimcə, iqlim dəyişiklikləri ilə əlaqədar təbii zonalar və rayonlarda dayanıqlıq yaratmaq, genefondu qorumaq və ümumiyyətlə, göstərilən səbəblə əlaqədar ziyanları minimuma endirmək lazım gəlir. Bir çoxlarının –“mühitə uyğunlaşmalıyıq” ideyası mücərrəd səslənir. Əslində biz mühitə uyğunlaşmaq üçün tarixi və dünyəvi təcrübələri ümumiləşdirməliyik.
Azərbaycanda “Əsrin müqaviləsi”nin bağlanması və zəngin ekoloji bazasının olması, bununla yanaşı tükənməyən ehtiyatlardan istifadənin genişləndirilməsi, xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması sahəsində müvafiq kompaniya və şirkətlərə malik təcrübənin öyrənilməsi yaxşı nəticələr verməkdədir. Önəmli haldır ki, Cənubi Qafqazda təbiətin bərpası və reablitasiyası ilk dəfə Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməkdədir. 2003-cü ildən hazırkı dövrə qədər xüsusi qorunan ərazilərin sahəsi iki dəfəyə yaxın artırılmışdır. ABŞ, Türkiyə, Danimarka, Almaniya və b. ölkələrin mütəxəssisləri ilə ətraf mühiti mühafizə, təbii komplekslərin təmizlənməsinə dair məsləhətləşmələrin və təcrübə mübadiləsinin aparılması iqlim dəyişmələri ilə əlaqədar dəyən ziyanların aşağı salınmasına təsir göstərməklə yanaşı “Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin” müəyyən edilməsi və s. BMT-in “Dünyanın transformasiyasının 2030-cu ilədək dayanıqlı inkişafına dair öhdəliklərin”in istiqamətinə uyğun gəlir.
Nəzərə alınmalıdır ki, iqlim dəyişmələri qlobal proseslər olduğundan həmin sahədəki əməkdaşlıq, təcrübə mübadiləsi dünyəvi tələbatlara tamamilə uyğun gələ bilməz. Təbiidir ki, qlobal əks təsirlərdən yaranan mənfi nəticələr bir çox ölkələrdə olduğu kimi, eləcə də Qafqazdan, o cümlədən Azərbaycandan da yan keçmir. Məhz ona görə də elmi, innovasiya, kadr hazırlığı, idarəetmə mərkəzlərinin professionallıqlarını möhkəmləndirmək, əhatə dairəsini genişləndirmək məqsədəmüvafiq olar.

Müsahibəni apardı:
Ağamahmud Səmədov
“Yer və insan” jurnalının redaktoru