Makronun müdaxiləsi nə ilə nəticələnə bilər? Türkiyə də devrəyə girəcəkmi?

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Dekabrın ilk dekadası üçün nəzərdə tutulan Azərbaycan-Ermənistan dövlət başçılarının görüşü keçirilməyəcək. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən konfransda sualları cavablandırarkən bildirib. İlham Əliyev nəzərdə tutulan görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etməsini şərt kimi irəli sürməsinin Azərbaycan tərəfindən qəbul olunmasını mümkün saymayıb.
Prezidentin də bildirdiyi kimi, Ermənistan Baş Naziri bu təklifi şərt kimi irəli sürərkən Azərbaycanın reaksiyasını əvvəlcədən hesablaya bilərdi və yaxud hesablamalı idi. Çünki Emmanuel Makronun Praqa görüşü və ondan sonra anti-Azərbaycan fəaliyyəti və Fransa Senatını da bu məsələyə qatması onun vasitəçi olmaq təşəbbüslərinin ciddi sual altına alıb. Fransanın Ermənistan tərəfindən vasitəçi kimi prosesəsə qoşdurmaq cəhdi Azərbaycanın Türkiyəni irəli çəkməsinə bərabər bir gediş ola bilərdi. Əgər Azərbaycan danışıqlar prosesində Türkiyənin və onun prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakını şərt kimi irəli sürsəydi, Ermənistanın reaksiyası necə olardı? Təbii ki, vay şüvən qaldırar və Azərbaycanla Türkiyənin onu təklədiyini bütün dünyaya bəyan edərdilər. Bəs özü nədən Fransanı və Makronu devrəyə soxur və Azərbaycanın haqlı etirazını danışıqları sülh prosesini pozmaq cəhdi kimi təqdim edir?
Görəsən Makronu ortaya soxmaqda Ermənistan rəhbərliyinin məqsədi nədir?
Təbii ki, Brüssel və Praqa görüşlərindən sonra Paşinyanın ilin sonuna qədər sülh müqaviləsini imzalanacağı barədə məlumatı bütün görüşlərdə elan etmişdi və dünya dövlətləri bu tarixi və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nəhayət imzalanacağını gözləyirdilər. Amma ilin sonuna artıq saylı günlər qalır və Ermənistan rəhbərliyi verdiyi vədin arxasında dayana bilməyəcəyini artıq dərk edir. Məhz buna görə də can vuruşdurur və müxtəlif hoqqabazlıqlar edir. Gah çərçivə sazişi ideyasını ortaya atır, gah KTMT və elə cə də Rusiyaya qarşı demarşlar edir və nəhayət Makronu danışıqlar prosesinə soxmağa çalışır. Ayının oyunun bir armud üstündə olduğu kimi, Paşinyanın da oyunu sülh müqaviləsinə görə olması göz qabağındadır.
Azərbaycan Prezidenti qeyd olunan müsahibə zamanı Paşinyanın bu demarşını da layiqincə qiymətləndirdi və Fransanın bundan sonra vasitəçi sifətini itirdiyini bildirdi. Fransa ATƏT-in Minsk Qrupu kimi artıq laxlamağa başlayıb. Böyük ehtimalla onun da vasitəçiliyini elə üzvü olduğu təşkilatın ATƏT-in Minsk Qrupunun taleyi gözləyir.
Bununla yanaşı Azərbaycan Prezidenti görüşlərin digər platformalarda davam etdiriləcəyini istisna etməliyib. Bəlkə Makronla yanaşı Türkiyə Respublikası Prezident Rəcəb Təyyib Ərdoğanın da danışıqlar prosesinə qatılmasının zamanı gəlib? Düşünürəm ki, bundan sonra Azərbaycan məhz bu format üzərində fəaliyyətini davam etdirməlidir. Bu format həm də Qərb dairələrinin qəbul edəcəyi bir format olacaq, çünki, Rusiya prosesdən kənarlaşdırmaq üçün imkan yaranıb Amerika və Avropanın da istədiyi elə budur. Bəlkə elə məqsədyönlü şəkildə Makron ortalığa atılır?