GÖRKƏMLİ COĞRAFİYAÇI ALİM-EKOLOQ

Azərbaycan şimal-cənub, qərb-şərq istiqamətlərində kəsişən qədim karvan yollarının qovşağında yerləşməklə əlverişli təbii şəraitə, zəngin təbii resurslara malik olduğundan dünya şöhrətli səyyahların, coğrafiyaşünasların və digər sahədən olan alim və tədqiqatçıların diqqətini cəlb etmişdir. Eyni zamanda tarixən yaxın və orta Şərqin, Avropanın mədəni-elmi mühiti ilə bağlı olan həmin diyarda coğrafiyaşünaslar, ölkəşünaslar, etnoqraflar və b. yetişmişlər. Parlaq zəkaya malik çoxsaylı alimlərin, mütəxəssislərin hamısının adlarını sadalamaq mümkün olmasa da, bəzilərini yada salmaq yerinə düşər. XVI əsrdə yaşamış Mahmud Şirvanini, XVIII-XIX əsrdə yaşamış Hacı Zeynalabdin Şirvanini, Abbasqulu Ağa Bakıxanovu, İşmayıl bəy Qutqaşınlını, İsa Sultan Şaxtaxtinskini, Həsənbəy Zərdabini və bir çox başqalarını göstərmək olar.
Ölkəmizdə tədriclə ictimai və coğrafi əmək bölgülərinin inkişafı, xüsusilə XIX əsrin axırlarından başlayaraq çoxtərəfli elmi tədqiqatların və axtarışların aparılması məqsədilə yeni birliklər, cəmiyyətlər və digər nüfuzlu qurumlar yaradılmışdır. Bu işdə ali məktəblərin - ADU (indiki BDU-1919), APİ (indiki ADPU -1921) və digər qurumların böyük rolu olmuşdur. 1923-cü ildə “Tədqiq və tətəbbö”, 1939-cu ildə Coğrafiya cəmiyyəti yaradılmışdır. Daha sonra SSRİ EA-nın Qafqaz filia­lının Azərbaycan bölməsi (1932-1935), onun ardınca SSRİ EA-nın Azərbaycan şöbəsi (1935-1941) fəaliyyət göstərmişlər. Nəzərə almaq lazımdır ki, bir çox əzmkar vətənpərvər alimlərimiz ötən əsrin 30-40-cı illərində törədilmiş siyasi repressiyanın qurbanları olsalar da onların elmin bir çox sahələrində və eləcə də coğrafiya, geodeziya və kartoqrafiya, təbiətdən səmərəli istifadə və s. dair ideyaları qismən də olsa sonralar davam etdirilirdi. Onlara Mustafa Vəkilovu, Yusif Vəzir Çəmənzəminlini, Məmmədbəy Əliyevi, Məmmədhəsən Vəlilini (Baharlını) və b. misal göstərmək olar. Bunlardan isə Məmmədbəy Əliyev ağır basqılardan sonra ali məktəblərdə və eləcə də BDU-da fəaliyyət göstərmiş və yüksək fəxri ada layiq görülmüşdür.
1945-ci ildə AMEA-nın, onun müvafiq institutlarının, o cümlədən Coğrafiya İnstitutunun yaranması elmi təfəkkürlərin və tədqiqatların inkişafına təsir göstərmişdir. Elmin və elmi kadrların, eləcə də coğrafiyanın inkişafında ali məktəblərin müvafiq fakültələrinin, xüsusilə coğrafiya fakültələrinin yaradılması mühüm yer tutmuşdur. Eyni zamanda elm-təhsil ocaqları arasında inteqrasiyanın getməsi elmlərin strukturlaşdırılmasına, predmetləşdirilməsinə və kadr hazırlığına müsbət təsir göstərmişdir. Beləliklə, elmin tətbiq sahələri genişlənməklə idarəetmə sahəsində də irəliləyişlər yaranmışdır. Lakin sovet dövründə əsassız olaraq elmlər sovet və burjuaziya elmlərinə ayrılmışdır. Onları təmsil edənlər də bir-birlərinin ideyalarını inkar etməli idilər.
Bununla yanaşı güclü genetik inkişafa, yüksək təxəyyülə malik insanlar sovet dövrünün sonrakı mərhələsində elm və təhsil sahəsində yeni yüksəlişlərə nail oldular. Ümumiyyətlə, istər müharibə və istərsə də müharibədən sonrakı dövrlərdə elmi təşkilatlar və elmi məktəblər AMEA-nın elmi tədqiqat institutları və ali məktəblərin alimlərinin əməkdaşlıqları nəticəsində, əsasən təbii məhsuldar qüvvələrin öyrənilməsində mühüm irəliləyişlərə nail olunmuşlar. Eyni zamanda keçmiş SSRİ-nin böyük dövlətçilik siyasəti ilə respublikalarda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafında müəyyən məhdudiyyətlər yaradılırdı. Bunlara baxmayaraq 1970-ci illərdən Azərbaycanın idarə edilməsində konstruktiv münasibətlər yaradılmış, eləcə də elm və təhsil sahəsində riyaziyyatlaşma, ekologiyalaşma, sosiallaşma, humanitarlaşma prosesləri getmişdir.
Elmi tədqiqat institutlarında, ali təhsil ocaqlarında fəaliyyət göstərən şöbələrin və kafedraların əsasında sintetik, milli, kompleks elmi məktəblərin fəaliyyətində canlanma müşahidə edilmiş və yeniləri yaradılmışdır.
Həmin elmi məktəblərin yaradıcıları, 30-40-cı illərin siyasi repressiyasından, 1941-1945-ci illərin od-alovlarından salamat qala bilən əzmkar, zəhmətkeş və fədakar insanlar həyatlarını elmə və təhsilə sərf etmişlər. Bu insanlar elmi, təhsili inkişaf etdirməklə yanaşı, yeni gələn nəslə doğma münasibət bəsləməklə, onların bir çoxlarını öz arxalarınca apara bilmişlər.
Deyilənlərlə əlaqədar təbiət, yer, humanitar, dəqiq elmləri təmsil edənlərin üzərinə böyük, şərəfli və məsuliyyətli vəzifələr düşürdü. Təkcə Bakı Dövlət Universitetində çalışan və eləcə də AMEA-nın müvafiq institutları ilə əlaqəli fəaliyyət göstərən alimlərə misal olaraq Yusif Məmmədəliyevi, Mirəli Axundovu, Abdulla Qarayevi, Həsən Əliyevi, Şəfayət Mehdiyevi, Abbasqulu Abbaszadəni, Həsən Abdullayevi, Yusif Əmənzadəni, Mircəlal Paşayevi, Cəfər Xəndanı, Feyzulla Qasımzadəni, Mübariz Əlizadəni, Mehbalı Qasımovu, Bəxtiyar Vahabzadəni, Əşrəf Hüseynovu, Maqsud Cavadovu, Qoşqar Əhmədovu, İsmayıl Hüseynovu, Zülfəli İbrahimovu, Qasım Gülü, Məmmədbəy Əliyevi, Hadi Əliyevi, Səttar Süleymanovu və bir çox başqalarını misal göstərmək olar.
Göstərilənlərin və həmin qəbildən olan başqa alimlərin səyi ilə formalaşan elmi məktəblər sonradan gələn nəslin yetişməsinə öz təsirlərini göstərə bilmiş, onlar da bu sahədəki estafeti sonrakı nəslə ötürmüşlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş təntənəli yubiley yığıncağında demişdir: “Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərərək öz bilik və bacarığını nümayiş etdirmişlər. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm dövlət müstəqilliyi ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir”.
Həqiqətən 1970-ci illərdən sonra ölkəmizin konstruktiv idarə edilməsi yeni dünyagörüşlü kadrların yetişdirilməsinə əlverişli şərait yaranmışdır. Xüsusilə yaradıcı kadrlara yüksək münasibət bəslənilmişdir.
Elm və təhsil sahəsində qazanılan nailiyyətlər, nəinki məhsuldar qüvvələrin inkişafına, eyni zamanda ümumi mədəniyyətimizin inkişafına təsir göstərir. Göstərilən şərəfli yol elm, təhsil sahəsində çalışanların fədakar, ağır zəhmətlərindən asılı olmaqla elmi məktəblərin fəaliyyəti ilə də çox əlaqədar olmuşdur.
Mətnin davamı həmin sahə ətrafında maraqlı elmi fikirləri olan görkəmli coğrafiyaçı alim-ekoloq Şövqi Göyçayskiyə həsr olunur.
Özünün dediyinə görə o, əzmkar, şərəfli orta məktəb müəllimlərindən, sonra isə Azərbaycanın tanınmış alimlərindən, ziyalılarından yüksək səviyyədə dərs və xeyir-dualar almışdır. İlk növbədə Hadi Əliyevdən, Qasım Güldən, Abdurahim Hacızadədən, Rizvan Piriyevdən və başqalarından bəhrələnmişdir. O, gənc dosent kimi akad. Həsən Əliyevin təklifi ilə 1980-ci ildə ADU-da (indi BDU) yaradılan “Ətraf mühiti mühafizə” kafedrasına 1981-ci ildə, seçki yolu ilə müdir təyin edilmişdir. Alim, kafedranı təşkilati cəhətdən formalaşdırmaqla yanaşı, Coğrafi ekologiya üzrə elmi məktəbin əsasını qoymuşdur.
Şövqi Yusifziya oğlu Göyçayski 1935-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Göyçayda orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Coğrafiya şöbəsinə daxil olmuş və 1958-ci ildə iqtisadi-coğrafiya ixtisasını müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Dövlət Hidrometeorologiya İdarəsində əmək fəaliyyətinə başlamış, 1959-1961-ci illərdə Dövlət Mərkəzi Statistika İdarəsində mühəndis-iqtisadçı vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Elmi yaradıcılıqla məşğul olmaq istəyi gənc Şövqi Göyçayskini 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına istiqamətləndirmiş və 1964-cü ildə o, aspiranturanı başa vuraraq “Azərbaycan SSR-in kənd əhalisinin məskunlaşmasının coğrafiyası” adlı elmi-tədqiqat işini tamamlamışdır. 1965-ci ildə coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Ş.Göyçayskinin əmək fəaliyyəti 1961-ci ildən universitet ilə bağlı olmuşdur. O, 1964-1965-ci illərdə universitetin elmi tədqiqat sektorunda elmi işçi, 1965-1967-ci illərdə isə Geologiya-coğrafiya fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
Ötən əsrin 60-cı illərinin demoqrafik artım dövründə bütün dünyada “demoqrafik partlayış prosesi”nin getməsi ilə əlaqədar olaraq, əhali problemlərinin elmi tədqiqatlarında öncül yerlərdən birini tuturdu. Həmin mərhələdə Azərbaycanın məhsuldar qüvvələri üç mühüm sahənin (sistemin) - təbiətin, əhalinin, təsərrüfatın əlaqəli öyrənilməsi əsasında həyata keçirilirdi.
Onun daxil olduğu elmi məktəb Coğrafiya fakültəsində Abdurahim Hacızadənin rəhbərliyi ilə Azərbaycanda kompleks coğrafi tədqiqatlara başlayan ilk elmi məktəb idi. Həmin elmi məktəb Moskva, Leninqrad universitetləri Coğrafiya fakültələrinin elmi məktəbləri ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.
Şövqi müəllim hələ BDU-nun aspirantı olduğu dövr­dən keçmiş SSRİ-nin və müstəqil Azərbaycan Respublikasının əhali və ekologiya problemlərinə həsr edilmiş beynəlxalq elmi konfranslarında çıxışlar və məruzələr etmişdir.
Alim Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin qurultaylarında BDU-nu, SSRİ-nin Coğrafiya Cəmiyyətinin qurultaylarında Azərbaycanın coğrafiyaçılarını təmsil edən nümayəndəliyin üzvü olmuşdur.
Şövqi müəllim BDU-da işlədiyi müddətdə bir sıra fənləri tədris etmiş, bir neçəsini indi də tədris edir. Onların içərisində “Coğrafiya və iqtisadi coğrafiyaya giriş”, “Coğrafi ekologiyanın əsasları”, “Ekologiya və ətraf mühiti mühafizə” , “Antropoekosistemlər və insanın ekologiyası” və s. misal göstərmək olar. Onun mühazirələri maraqlı və məzmunlu olmaqla müasirliyi ilə də fərqlənir.
Alim bir sıra dövlət əhəmiyyətli proqramların, təsərrüfat müqaviləli mövzuların hazırlanmasında iştirak etmişdir. 1986-cı ildə Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbərliyi ilə həyata keçirilən 6 cildlik “Azərbaycan Respublikası Təbiəti Mühafizənin Kompleks sxemi”nin ideya rəhbərlərindən biri, tərtibinin həmmüəlliflərindən olmuşdur. Azərbaycan Respublikası Şahdağ və Hirkan Milli parklarının yaradılmasının qiymətləndirilməsinə dair proqramların, Sahil zonalarına dair prioritet mövzuların tərtibində iştirak etmişdir. Azərbaycanda əlvan metallurgiyanın inkişaf etdirilməsi məqsədilə Filizçay polimetal filiz yatağının istifadəsinin coğrafi qiymətləndirilməsi mövzusunun yerinə yetirilməsində iştirak etmişdir.
Təbii resurslardan səmərəli istifadə və təbiəti mühafizənin kompleks proqramının tərtibi (Azərbaycan SSR Dövlət Plan Komitəsinin ETİ-nun əməkdaşları ilə həmmüəllif. B.1985), Naxçıvan MR-də xidmət sahələrinin qiymətləndirilməsinin perpspektivlərinin tədqiqinə dair xüsusi layihənin tərtibi ilə əlaqədar AR Arxitektura və Şəhərsalma Dövlət Komitəsinin Cənub kənd tikinti layihə İnstitutu ilə birlikdə Naxçıvan ekspedisiyasının iştirakçısı və elmi məsləhətçisi olmuşdur. Quba-Xaçmaz iqtisadi rayonunda ekoloji şəraitin qiymətləndirilməsi və əhalinin plansız köçürülməsinin qarşısını almaq məqsədilə həmin zonaya ekspedisiya təşkil etmişdir. AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları ilə birlikdə “Fiziki coğrafiya” monoqrafiyasının “Türk dünyasının ekoloji şəraitinin qiymətləndirilməsi” bölməsini yazmışdır.
Azərbaycan Respublikasının irimiqyaslı İqtisadi xəritəsinin tərtibinin həmmüəlliflərindəndir. İlk dəfə tərtib edilən iri və orta miqyaslı Əhali xəritələrinin müəllifidir. Ş.Göyçayskinin çoxillik elmi-pedaqoji fəaliyyəti dövründə üzərində çalışdığı problemlər aktual olmaqla xüsusi maraq doğurur. O, elmin konstruktiv, konseptual təhlilləri ilə yanaşı, elmi-populyar səviyyədə təbliği ilə də məşğul olmuşdur. Alim coğrafiya, coğrafi ekologiya və ümumi ekologiya sahəsində bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, bəzi problemlərin konseptual həlli barədə fikirlərini ifadə edir, bəzi məsələlərin həllini açıqlayır, yaxud da onlar haqqında indi də düşünməyin zəruri olduğunu tövsiyə edir.


Şövqi müəllim yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıdakıları bildirdi:
- “Milli lider Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə idarəetmənin yeni strateji əsaslarını yaratmaqla yanaşı, təbii şəraitdən, təbii və insan resurslarından səmərəli istifadə sahəsində yeniliklər həyata keçirtməyə başlamışdır. Həmin məsələlər aktuallığına və əhatə dairəsinə görə mərkəzi hakimiyyətin respublikalar üçün yaratmış olduğu məhdud mühitdən kənara çıxmasına siyasi iradə göstərə bilmişdir. Deyilənlər elm-təhsil və kadr hazırlığı sahəsini də əhatə edirdi. Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıtdığı dövrdə yuxarıda göstərilən problemlər ölkənin inkişaf strategiyasında və proqramlarında öz əksini tapmışdır. Bir çox elm və təhsil sahəsində çalışan kadrlar kimi həmin ideyalar mənim də fəaliyyətimdə istiqamətverici əhəmiyyət kəsb etmişdir;
- Coğrafiya elmi yalnız, vahid coğrafiya elmləri sisteminə əsaslandıqda təbiət və humanitar elmlər arasında sintetik məzmun kəsb edir və böyük ekologiyaya əvəzsiz töhfələr verə bilir;
-Coğrafiyanın qollarının ekologiyalaşması elmin transformasiyasına təsir göstərən başlıca cəhətlərdəndir;
- Demoqrafik siyasət və vahid məskunlaşma sistemi təbiətin ritminə uyğunlaşdırmaqla davamlı inkişafın əsaslarındandir;
- Noosferin biosferə qarşı risklər yaratması daimidir və noosferi “antisfer” adlandırmaq olar. Bu sahədə ziyanların minimuma endirilməsi məqsədilə elmlərarası fəaliyyəti genişləndirməyi məqsədəmüvafiq sayıram;
- Maddə və enerji axınlarının mühit yaratma xassəsini ekocoğrafiyanın əsaslarından hesab edirəm;
- Ətraf mühitin fiziki coğrafi rayonların sərhədləri daxilində qiymətləndirilməsi idarəetmənin əsas şərtlərindəndir;
- Coğrafi ekologiyanın “Böyük ekologiyanın” formalaşmasında mühüm yer tutmasını əsas amillərdən biri kimi qəbul edirəm;
- Ekoloji müddəaların elmşünaslığın formalaşmasında və inkişafında mühüm yer tutmasını, həmin sahənin təbiət və humanitar elmlərin inteqrasiyasında əvəzedilməz rol oynamasını xüsusiilə qeyd etmək lazımdır;
- Əhali artımının balanslaşdırılmasını təbii təkrar istehsal ilə ictimai istehsal arasında tarazlığın yaradılması ideyasını mühüm elmi-tədqiqatların və tətbiqi naliyyətlərin nəticəsi kimi qiymətləndirirəm;
- Yer kürəsinin bütövlüyünü və kontrastlığını bio­sferdə biomüxtəliflik yaradan amillərdən biri kimi qəbul etməklə yanaşı, onun mühafizəsində landşaft-topoloji metodun tətbiq edilməsinə üstünlük verirəm;
- Günəş fəallığı haqqında V.Vernadski və A.Cijevskinin konsepsiyasına əsaslanaraq həmin sahədə ekocoğrafi tədqiqatların aparılması ideyasını XXI əsrdə qarşıda duran əsas problemlərdən biri kimi qiymətləndirirəm;
- Günəş fəallığı nəticəsində, geoekoloji, geokimyəvi və s. proseslərlə bağlı dəyən ziyanların minimuma endirilməsində meşəliklər və yaşıllıqlar salınmasını, sututarlar və s. yaradılmasının həyata keçirilməsini təbiəti mühafizənin və bərpanın əvəzolunmaz sahəsi kimi zəruri hesab edirəm;
- Ekoloji təfəkkürün formalaşmasında torpaqların təbiətin tarixinin əsaslarından olduğunu nəzərə alaraq, torpaq-landşaft sistemini etnik birliklərin formalaşmasına olan təsirin ayrılmaz hissəsi hesab edirəm;
- Təbiətdə “maddələrin və enerjinin dövr etməsi prosesini ekosistemlərin nizamlanmasına yönəldilməsi”- ideyasını XXI əsrin inkişaf proqramına daxil edilməsini məqsədəmüvafiq sayıram;
- Xəzər dənizi səviyyəsinin müasir dövrdə enməsinin ümumi okeanoloji qanunauyğunluqdan çıxması və həmin prosesdə qlobal iqlim dəyişikliyi ilə regionlarda (xüsusən Volqa çayı hövzəsində) antropogen təsirlərin artması ilə əlaqədardır.
- Heç bir elm sahəsi coğrafiya qədər təbiət-əhali-təsərrüfat sahələri və sahələrarası informasiyaya malik olmadığına görə coğrafi informasiya sistemlərinin (CİS-in) idarəetmədə əsas üsullardan hesab etməklə, ali məktəblərdə ekoloji ixtisasa qəbul imtahanlarında coğrafiya fənnindən imtahan salınmasını zəruri hesab edirəm.
- Yaşıl ekologiyanı dayanıqlı inkişafın əsaslarından hesab etməklə şüurlu insandan ali insanın formalaşması mərhələsinə keçilməsində əvəzedilməz amil kimi qiymətləndirirəm.”
Yuxarıda deyilənləri alim eyni zamanda coğrafi ekologiyaya dair elmi məktəbin prioritet sahələrindən hesab edir.
Şövqi müəllim bildirir ki, Azərbaycan elm və təhsil sistemi yenidənqurma dövrünün çətinliklərinə, Qarabağ müharibələrinə və s. baxmayaraq ölkələrin idarə edilməsində ön cərgədə irəliləyir. Onun nəticəsidir ki, vaxtaşırı olaraq yuxarıda göstərilən elmi məktəblərin hesabatları yüksək səviyyədə dinlənilir.Təkcə son yarımildə prof. İzzət Rüstəmovun “Nəzəri və praktiki maarifçiliyin əsasları”; böyük ədibimiz və alimimiz Mircəlal Paşayevin elmi məktəbinin davamçısı, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibovun “Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatın fəlsəfi problemləri”; akad. Rəfiqə xanım Əliyevanın “Kimyanın nəzəri və praktiki problemləri” mövzularında tədqiqatlarının nəticələri keçirilən konfranslarda dinlənilmiş, həmin tədqiqatlarla bağlı yeni ideyalar və problemlər müzakirə edilmişdir. Fərəhli haldır ki, akademik Rəfiqə xanım Əliyeva elmi fəaliyyəti dövründə ətraf mühitin ekokimyasına dair elmi məktəbin əsasını qoymuşdur.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatların müvəffəqiyyətlə başa çatması, Qarabağın düşmənlərdən azad edilməsi, karbohidrogen ehtiyatlarının nəql edilməsinin, infrastrukturların Qafqazda ərazi əmək bölgüsünün inkişaf etdirilməsinə təsir göstərməsi Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirməkdədir. Göstərilən sistemdə Azərbaycan modelinin XXI əsrə uyğun formalaşması ekoloji standartların da müasir tələblərə uyğunlaşmasını tələb edir. Məhz ona görə də həmin sahədə çalışan mütəxəssislərin və alimlərin üzərinə məsuliyyətli və şərəfli vəzifələr düşür.
Alim “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının müvafiq Fərmanını alqışlayır. Hər iki sahənin potensial imkanlarının qiymətləndirilməsi ilə kadr hazırlığında yeni-yeni nailiyyətlər qazanılacağı yollarında rəhbərliyə və alimlərə, xidmət sahəsində çalışanlara uğurlar diləyir. Eyni zamanda aqil insanların kəlamını yada salır: “Elm və təhsil müqəddəs sahədir, yalnız yüksək əxlaqi nurdan qidalanan elm bəşəriyyətə töhfələr verə bilər”.
Şövqi müəllim ilk növbədə, özünə qarşı çox tələbkar, üzərində daim işləyən və təvazökardır. O, qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də əsl vətəndaş, vətənini bütün qəlbi ilə sevən və bütün yüksək keyfiyyətlərə malik olan insandır.
Onun fədakar əməyi yüksək qiymətləndirilərək bir sıra fəxri adlar və təltiflərə layiq görülmüşdür, 2000-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilmişdir.
O, K.Polinq adına Beynəlxalq Elmi İnkişaf Akademiyasının Azərbaycan filialının üzvü, Rusiya Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Mühafizəsi Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2008-ci ildə Ş.Göyçayski Amerikanın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” elan olunmuşdur.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona “Şöhrət” ordeni verilmişdir.
Şövqi müəllim 2014-cü ildə Avropa Nəşr evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl Medalına layiq görülmüş, “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi Heydər Əliyev zirvəsi Diplomu və medalı ilə təltif edilmişdir.
Bundan başqa, Ş.Göyçayski müvafiq nazirliklərin fəxri fərmanları və təşəkkürləri ilə də mükafatlandırılmışdır.
Görkəmli coğrafiyaçı-ekoloq alim bütün qəlbi və canı ilə Azərbaycana bağlıdır. Onun havasını, suyunu, torpağını saf, insanlarını hər zaman xoşbəxt görmək arzusundadır. Hörmətli Şövqi müəllimə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

AĞAMAHMUD SƏMƏDOV
“Yer və İnsan” jurnalının elmi redaktoru