EKSPEDİSİYALAR GEOLOQLARA NƏ VERİR?!

XXI əsrin əvvəllərində planetimizin geoloji xəritəsində, demək olar ki, “ağ ləkələr" qalmamışdı. Bu isə Yer səthi tərkibinin, quruluşunun, yaşı və mənşəyinin qarış-qarış müəyyən edilməsi deməkdir. Seysmik baxımdan daha təhlükəli və vulkan püskürməsi ehtimal olunan rayonlar artıq məlumdur. Faydalı qazıntıların ehtiyatları öyrənilmişdir. İstənilən hər bir dövlətin rifahı onun ərazisində olan təbii sərvətlərdən çox asılıdır. Ancaq təbiət bu sərvətləri dünya ölkələri arasında insafsız dərəcədə ədalətsiz bölüşdürmüşdür. Planetimizə kosmosdan daim meteorit və kosmik toz şəklində maddələr daxil olur. Alimlər onları öyrənərək Qalaktika və hətta Kainat haqqında biliklərini genişləndirirlər. Planetin inkişaf tarixinə aid külli miqdarda məlumat ehtiyatı toplanmışdır. Bunlar mütəxəssislərə bütövlükdə materiklərin və yer səthinin ayrı-ayrı hissələrinin hərəkətini dəqiqliklə proqnozlaşdırmağa, yeni yataqların aşkar edilməsinə imkan verir. Bütün bu faktiki material yerin sirlərini çöl şəraitində - geoloji ekspedisiyalarda öyrənən təbiətşünasların bir çox nəslinin fədakar əməyi nəticəsində toplanıb. Çöl işləri bütün Yer kürəsi üzrə aparılır, o cümlədən, okeanların ənginliklərində, buzlarla örtülmüş Antarktidada, çətin keçilən tayqa cəngəlliklərində, sıldırım dağlarda və s. Son dövrlərdə ayrı-ayrı ölkələrin alimləri birgə kompleks tədqiqatlar aparmaq üçün beynəlxalq geoloji partiyalarda daha tez-tez birləşirlər.


EKSPEDİSİYALARA NƏ ÜÇÜN GEDİRLƏR?

Kütləvi şüurda geoloq əynində gödəkçə, arxasında çanta, əlində çəkic olan bir adamdır. O, daş toplayır, çantasına yığır, axşamlar isə qazançada paketdəki yarmadan şorba bişirir, boğazını spirtlə yaşlayır və tonqal ətrafında ulduzlar altında mahnı oxuyur. Deyilənlərdə, şübhəsiz ki, az da olsa, həqiqət var. Geoloq tonqal qalamağı bacarmalıdır, əgər o, gitara çala bilirsə, bu da çox yaxşıdır. Lakin tədqiqatçının əsas vəzifəsi çöl mövsümündə ərazisində olduğu rayon haqqında minimum vaxt ərzində maksimum informasiya toplamaqdır. Həm də o, bu əraziyə təsadüfən gəlmir. Vaxt səmərəli keçsin deyə alimlər həll edəcəkləri məsələləri əvvəlcədən dəqiq müəyyənləşdirirlər: məsələn, ərazinin dəqiq xəritəsi tərtib olunmalıdır, potensial yatağın faydalı qazıntılarının ehtiyatları qiymətləndirilməlidir, cürətli fərziyyə təsdiq (və ya inkar) olunmalıdır. Əgər zəlzələ baş veribsə, yaxud meteorit düşməsi qeyd olunubsa, geoloq dərhal “hadisənin tədqiqatını” aparmalıdır. Bu, doğrudan da, əsl tədqiqatdır: buraya həm şahidlərlə (yerli əhali ilə) sorğu-sualın aparılması, həm də maddi sübutların toplanması daxildir. Geoloqun çöl gündəliyində ekspedisiyada toplanmış materialın mütləq qeydiyyatı (onun haradan götürüldüyü) aparılmalıdır. Bu məlumatlar hətta illər keçdikdən sonra da lazım ola bilər. Hətta belə bir əhvalat da məlumdur ki, məşhur rus mineraloqu N.A.Smolyaninov öz kabinetindən çıxmadan volfram yatağı kəşf etmişdir. Tələbələrlə məşğul olmaq üçün nümunə kolleksiyasını araşdırarkən içərisində parıltısız ağımtıl mineral möhtəviləri olan süxur parçası onun diqqətini cəlb etmişdir. Bu nümunəni laboratoriyada tədqiq edərək alim müəyyənləşdirmişdir ki, sən demə, bu görkəmsiz mineral şeyelitdir (volfram almaq üçün filiz). Smolyaninovu maraqlandıran nümunəni gətirmiş geoloqun gündəliyində tapıntının dəqiq yeri göstərilmişdir. Oraya ekspedisiya göndərildi və bu nadir metalın yeni yatağı ölkənin xəritəsində öz yerini tutdu. Çöl mövsümü qurtardıqdan sonra süxur nümunələri, geofiziki tədqiqatların nəticələri, qazılmış quyulardan çıxarılan kern, su hövzələrinin dibindən götürülmüş çöküntülər laboratoriyalara gətirilir. Orada nümunələrin hamısı öyrənilir və bu yolla gələcək tədqiqat işləri üçün baza yaradılır. Beləliklə, ildən-ilə insanların bilik “boğçası” yeni-yeni məlumatlarla doldurulur.

GEOLOQA NƏ LAZIMDIR?

Ekspedisiyada, hər şeydən əvvəl, ayaq üstündə möhkəm dayanmaq lazımdır, bunun üçün geoloqlar turistlərə yaxşı tanış olan dağ çəkməsi geyirlər. Bu, möhkəm altı, sərt boğazı olan rahat ayaqqabıdır. Belə ayaqqabıda dik yamaclarda ayağın burxulma qorxusu yoxdur. Geoloqa həşəratlardan, ağcaqanadlardan və s. qorunmaq üçün tor örtük lazımdır. Həşəratlar insana böyük təhlükə yarada bilər. Ensefalit gənələrinin, başqa həşərat və ilanların sancmasından möhkəm qalın parçadan tikilmiş gödəkcə və şalvar qoruyur. Belə güman edirlər ki, gödəkcə tünd-yaşıl rəngdə olmalıdır. Əslində isə, bu, düzgün deyil. Allah eləməsin, əgər bədbəxtlik üz verərsə və ya insan azarsa, onun tapılmasını uzaqdan daha yaxşı görünən qırmızı və ya narıncı rənglər asanlaşdırar. Aydındır ki, gitaradan, səfər geyimindən və ayaqqabıdan başqa, geoloqa ərazinin müfəssəl xəritəsi, xüsusi geoloji kompas və çəkic, müşahidələri qeyd etmək üçün çöl gündəliyi, ehtiyat karandaşlar, geoloji çəkic, kompas, fotoaparat, süxur nümunələrini yığmaq üçün kağız və torbalar, lupa və əlbəttə ki, bunların hamısını daşımaq üçün arxa çantası olmalıdır. Ekspedisiyaya mütləq qida ehtiyatı, kibrit və isti paltar götürmək lazımdır. Vizual müşahidə əvəzolunmazdır, lakin onun üçün heç də obyektlərin hamısı əlçatan deyil. Ona görə də müxtəlif cihaz və avadanlıqlar tədqiqatçının köməyinə gəlir. Məsələn, seysmik qəbuledicilər, maqnitometrlər, qravimetrlər, geofiziki zondlar, buruq qurğuları və hətta partladıcı. Təyyarədən xüsusi stereoskopik fotoaparatla çəkilmiş aerofotoşəkillər çox qiymətlidir. Bu fotolarda yer səthinin ayrı-ayrı hissələri necə varsa, elə təsvir olunur, bu da geoloqa qarşısına qoyduğu vəzifəni daha dəqiq yerinə yetirməyə imkan verir.

ÇÖL ŞƏRAİTİNDƏ ÖZÜNÜ NECƏ APARMALI?

“Təhlükə geoloqu hər addımda gözləyir" - bu ifadə çeynənilmiş olsa da, amma həqiqətdir. Görkəmli rus geoloqu Vladimir İvanoviç Smirnov özünün “Geoloqun cığırı ilə” kitabında yazır: “Mən iki dəfə atla birlikdə batmışam; ağır dağ çəkmələri geydiyim ayağımın altından daş qaçanda qanamış barmaqlarımın ucunda sıldırım uçurumdan asılı qalmışam, dəfələrlə yalnız yabanı meyvələr və otlarla qidalanaraq tamamilə arıqlayıb gücdən düşənədək ac qalmışam, məni ayı parçalaya bilərdi, əqrəb və ilan sancıb, iki dəfə avtomobil, bir dəfə isə təyyarə qəzasına düşmüşəm. Ona görə də geoloqdan soruşanda ki, sənətin təhlükəlidirmi, “hə” cavabını alırlar”. Çöl şəraitində müəyyən vərdişlər tələb olunur. Geoloqa yaxşı fiziki hazırlıq, yerin səmtini müəyyənləşdirə bilmək, təhlükəsizlik texnikası qaydalarına riayət etmək vərdişləri vacibdir. Axı sıldırım dağlara qalxmaq və oradan düşmək, təbii maneələri - çayları, dərələri, bataqlıqları keçmək lazım gəlir. Bunun üçün saldan və rezin qayıqlardan istifadə etməyi, əsl alpinist kimi sıldırım qayalara dırmaşmağı bacarmaq lazımdır. Geoloq dəniz düyünü bağlaya bilməlidir, çətin yerləri keçmək və avadanlığı daşımaq üçün qarşı tərəfə məharətlə kanatı atıb, onu bərkitməyi bacarmalıdır. Avtomobil sürmək, hətta odlu silahdan istifadə etməyi bacarmaq da artıqlıq etməz – güllə səsi həm də vəhşi heyvanları qorxudur. Tüfəngin çox yararlı ola biləcəyinə sübut kimi Sibirdə “tayqanın sahibi” ilə görüşlərdən bir əhvalat danışaq: “Geoloji partiya səhər tezdən sahilə yan alıb əl-üzlərini yuyub paltarlarını geyinmək üçün quruya çıxır. Qəflətən cavan və dəcəl bir ayı peyda olur, qayıqların bir ikisini aşırır və qravimetrçilərlə oynamağa başlayır, yazıqlar çaşıb qalır, pis vəziyyətə düşürlər çünki, şalvarlarını belə geyməyə macal tapmamışdılar. Əyləncədən sonra isə qayıqları tutmaq və avadanlığı sudan çıxarmaq lazım gəlmişdi”. Bu cür hadisələr sonradan uydurmalarla şişirdilir, ləzzətlə yada salınır, lakin hadisə baş verəndə, bu heç də gülməli olmur. Tələbələrə çöl həyatının romantika ilə dolu hikmətləri geoloji ali məktəblərdə, texnikumlarda oxuduqları illərdə, tədris təcrübələrində aşılanır. Məsələn, mədən-filiz işlərinə hazırlıq dərslərində Moskva Dövlət Universitetinin geologiya fakültəsinin tələbələri qışda Vorobyov dağlarındakı baxış meydanından Moskva çayına enən yamaca yürüş edirlər. Onlar müvafiq qaydada geyinmiş və buzqıranlarla (axı yamac sürüşkəndir, buz qabığı ilə örtülüb) silahlanmışlar. Vorobyov dağından Moskvanı seyr etməyə gəlmiş xeyli turist, güman ki, elə fikirləşir, onlar desantlardır, çünki tələbələr turistlərin gözləri qarşısında yamacla müvəffəqiyyətlə qalxaraq, qranit hasarın üzərindən aşıb universitetin binasına doğru irəliləyirlər.


ÇÖL MÖVSÜMÜ QURTARDI... BƏS, SONRA?!

Beləliklə, çöl mövsümü bitdi. Axır ki, hamama getmək, paltarları çayda deyil, paltaryuyan maşında yumaq, doyunca dondurma yemək olar. Görülmüş işlər haqqında hesabat yazılıb, fotolar çap olunub. Materiallar gəlib çıxıb və tədqiq olunur. Artıq ilk nəticələr alınıb, yeni ideyalar yaranıb, onları növbəti il çöldə yoxlamaq lazımdır. Çöl mövsümündən getdikcə bizi daha çox vaxt ayırır və yavaş-yavaş çöllər üçün həsrət hissləri oyanır. “Yadındadır, sənin iki cüt corabının hərəsinin bir tayını köstəbək aparmışdı, sən isə elə fikirləşirdin ki, çadırda güvə əmələ gəlib!”... “Yadındadırmı səhər dörd dərəcə isti var idi, günortaya yaxın isə artıq qırx dərəcəydi və biz az qala bişmişdik!”... Hərə yada salmağa nə isə bir əhvalat tapır. Biz çöl mövsümündə daha da varlanırıq, bütün bəşəriyyət də bizimlə birlikdə. Kaş yeni çöl mövsümü tez gələydi!

QUYULARIN QAZILMASI

Yerin daxili quruluşu haqqında biliklərimiz nə qədər dəqiq və planeti “işıqlandırma” və “dinləmə” üsulları nə qədər kamil olsa da, verilən hər hansı bir yerdə hansı dərinlikdə bu və ya digər faydalı qazıntının mövcudluğu barədə biz yalnız oradan süxur nümunəsi əldə etdikdən sonra fikir söyləyə bilərik.
Qazıma işlərinin tarixinə nəzər salsaq görərik ki, misirlilərin tikinti daşları əldə etmək üçün qazdıqları quyuları ən qədim qazıma quyuları hesab etmək olar. Eramızdan əvvəl III minillikdə belə işlər üçün boru şəkilli qazıyıcı və kvars qumundan (abraziv kimi) istifadə edilirdi. Bu sadə qurğular 0,5 m dərinliyə qədər qazımağa imkan verirdi. Əldə edilmiş məlumata görə, faydalı qazıntılar üçün eramızın əvvəllərində Çində quyu qazılmasına başlanılmışdır. Belə ki, 2 min il bundan əvvəl dünya təcrübəsində ilk dəfə Çində duz məhlulları hasil etmək üçün əl ilə quyuların (12-15 sm diametrli və 900 m dərinlikli) qazılmasına başlanmışdır. Qazıma aləti (balta və bambuk ştanqları) hind qamışından hörülmüş 1 -4 sm qalınlığı olan kəndirlə quyuya endirilirdi. Qazıma aləti vasitəsilə zərbələr nəticəsində xırdalanmış süxuru quyuda su ilə qarışdırıb kiçik vedrə ilə çıxarırdılar. Əməliyyat bir neçə dəfə təkrar olunmaqla quyu dərinləşirdi. Rusiyada ilkin quyuların qazılması IX əsrə aiddir və xörək duzunun hasilatı ilə əlaqədardır. Duz mədənlərinin istismarı ilə bağlı XIII əsrdə Şimalı Dvina və Kama çayları yaxınlığında qazıma işləri aparılmışdır. Müəyyən vaxt keçdikdən sonra belə quyular dərinləşdirilmişdir. Belə ki, XV-XVII əsrlərdə Perm ətrafinda dərinliyi 100 m-ə qədər olan qazılmış quyular aşkar edilmişdir. Rusiyada duz mədənlərində qədimdən vurucu ştanq qazıma üsulu tətbiq olunur. Paslanmanın qarşısını almaq üçün qazıma ştanqları taxtadan düzəldilir və quyu divarları taxta borularla bərkidilirdi. Borularla bərkidilmiş qazıma quyusu 1126-cı ildə Artua əyalətində (Fransa) su əldə etmək məqsədilə qazılmışdır və buna görə də basqılı suyu olan dərin quyular artezian quyuları adlandırılır. XIX əsrin 30-cu illərində qazma texnologiyasından su hasil etmək üçün istifadə edilmişdir. 1831-ci ildə Odessada “Artezian fontanları cəmiyyəti” yaradılmış və dərinliyi 36 m-dən 189 m-ə qədər olan 4 quyu qazılmışdır. 1831-1832-ci illərdə Peterburqda (Vıborq tərəfində), 1833-cü il Çarskoe Selo, Simferopol və Kerçdə, 1834-cü ildə Tambov, Kazan və Yevpatoriyada, 1836-cı ildə Həştərxanda quyular qazılırdı. 1844-cü ildə Kiyevdə artezian suyu üçün ilk qazıma quyusu inşa edilmişdir. Moskvada ilk artezian quyusu 1876-cı ildə 458 m dərinlikdə Yauza bulvarında qazılmışdır. ABŞ-da ilk qazma quyusu 1806-cı ildə duz məhlulu hasil etmək məqsədilə Qərbi Virciniyada, Çarlston yaxınlığında qazılmışdır. Qazımada güclü tərəqqinin əsas səbəbkarı neftçıxarma olmuşdur. İlk neft quyusu ABŞ-da təsadüfən 1826-cı ildə Kentukkidə, Bemsvill yaxınlığında duz məhlullarının axtarışı zamanı qazılmışdır. Bizə gəlib çatan məlumatlara görə, 1825-ci ildə Abşeron yarımadasının beş nöqtəsində - Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanı sahələrində əl ilə neft hasil edilirdi. Əl ilə çıxarmaq üçün dərin olmayan neft quyularının qazılması Pirallahı adasında başlanmışdır. 1848-ci ildə Azərbaycanda rus mühəndisi Semyonov tərəfindən neft quyusu qazılmışdır. 1863-cü ildə Pirallahı adasında mexaniki üsul ilə quyunun qazılması müvəffəqiyyətsizliyə uğramışdır. 1869-cu ildə Balaxanıda yeni üsul ilə quyu qazarkən 10-15 m dərinlikdə güclü gurultu eşidilmiş və buruqətrafinı titrətmişdir. Bundan qorxuya düşən usta və fəhlələr tez quyunu basdırmışlar. Ancaq üç il sonra Balaxanıda mexaniki üsul ilə quyunun qazılması artıq baş tutdu. Bu quyu gün ərzində 45 min pud (700 ton) neft verirdi. Manaf Süleymanovun qeydlərinə görə, 1863-cü ildə Cavad adlı sahibkar Suraxanıda ağ neft istehsal edən zavodu işə salmışdır. Belə bir zavodda 1859-cu ildə Atəşpərəstlər Məbədi yaxınlığında Kokoryev və Qubanin tərəfindən inşa edilmişdir. ABŞ-da ilk neft quyusu 1859-cu ildə Pensilvaniyada Taytesvill şəhəri yaxınlığında amerikalı Dreyk tərəfindən qazılmışdır. 1859-cu ilin 29 avqustunda 71 fut dərinlikdə (20 m-ə yaxın) neftə rast gəlinmişdir. Beləliklə, ABŞ-da neft sənayesinin bünövrəsi qoyulmuşdur. Rusiyada ilk neft quyusu 1864-cü ildə Anapa yaxınlığında qazılmışdır. Quyu 1866-cı ildə fontan vurmuşdur. 1964-cü ildə Şimali Qafqazda neftçıxarmanın yüzilliyi qeyd olunarkən həmin quyunun yanında “Rusiyada ilk neft kəşfiyyatçısına” sözləri yazılmış xatirə lövhəsi asılmışdır. Bütün neft çıxaran ölkələr özlərinin neft sənayesinin başlanğıcını qazılmış və ilk dəfə neft vermiş quyuların tarixi ilə hesablayırlar. Bu tarix Rumıniyada 1857-ci, Kanadada 1858-ci, ABŞ-da 1859-cu, Venesuelada 1863-cü, Rusiyada 1864-cü, Azərbaycanda isə 1848-ci ildən başlanır. Bərk faydalı qazıntıların axtarışı və kəşfiyyatı zamanı qazılan nisbətən kiçik, dayaz (adətən 1 km aşağı) quyulardan fərqli olaraq quruda qazılan tədqiqat quyuları, bir qayda olaraq, dərin (3-7 km) və çox dərin (7 km çox) növlərə ayrılır. 30 il ərzində Texas və Oklaxoma ştatlarında 6,5-7,0 km dərinlikli 350-yə qədər, 7 km-dən çox dərinliyi olan 50 quyu qazılmış, 4 quyu 9 km-dən çox dərinliyinə çatmışdır. Ən dərin quyu - Berta Rojers (9583 m) 1973-1974-cü illərdə cəmi 502 günə qazılmışdır. Bu cür qazıma sürəti Amerika texnikasının imkanları və həm də kern götürülmədən, yəni mədən süxurlarının nümunələrini yer səthinə çıxartmadan, qazmaq hesabına alınmışdır. Kernin götürülməsi çox böyük əlavə vaxt tələb edir, lakin bu, elmi məqsədlər üçün qazıma zamanı zəruri hesab olunur. Elmi məqsədlər üçün quruda çox dərin qazımanın ilk proqramı keçmiş Sovet İttifaqında işlənilmiş və həyata keçirilmişdir. Bu proqramın əsaslandırılmış ideyaları 1960-1962-ci illərdə formalaşmış və 1970-ci ilin may ayında Murmansk vilayətinin şimalında, Zapolyarnı şəhərindən 10 km kənarda Kola yarımadasında çox dərin quyunun qazılmasına başlanılmışdır. Onun layihə üzrə dərinliyi 15 km müəyyən edilmişdi. 1991-ci ildə qazıma prosesi 12261 m dərinliyində dayandırıldı. Kola quyusu bu günə kimi dünyada ən dərin quyu hesab edilir. 1977-ci ildə Azərbaycan ərazisində Kür çökəkliyində Saatlı quyusunun qazılmasına başlandı, qarşıya qoyulmuş elmi məsələlərin heç də hamısını həll etmədən bu quyunun qazılması 8324 m dərinlikdə dayandırıldı. Bavariyada KTB-Oberpfaltsda almanların qazıdığı dərin quyu da elmi baxımdan maraq doğurur (1990-1994). Bu quyunun qazıma dərinliyi 9101 m-ə çatmışdır.


QUYU MƏLUMAT MƏNBƏYİDİR

Qazıma quyusu təkcə faydalı qazıntı yataqlarına yol açmır, həm də onların nümunələrini öyrənməyə imkan verir. Quyunun qazılması prosesində oradan geoloq üçün çox qiymətli material olan kern çıxarılır. Kern dərinlikdə yerləşən süxurlardan kəsilmiş silindr şəkilli sütuncuqdur. Lakin bəzi tədqiqatlarda, məsələn, süxurların maqnit və elektrik xüsusiyyətlərini öyrəndikdə süxur nümunəsinin Yer səthinə çıxarılması o qədər də vacib deyildir. Bu zaman ölçü cihazına birləşdirilmiş zondu quyu lüləsinə daxil etmək kifayətdir. Quyu dibinə neft və qaz axını yaratmaq üçün bir sıra üsullardan - süzgəc buraxma və perforasiya üsulundan istifadə edilir. Bunlardan ən geniş istifadə olunanı perforasiya üsuludur. Bu üsulda borular quyuya əvvəlcədən buraxılır, sonra onları perforator adlanan xüsusi qurğu vasitəsilə deşirlər (latınca “perforo” - deşirəm). Borunu deşmiş qüllələr sonra laya daxil olur. Əgər layda böyük təzyiq altında neft və qaz mövcuddursa, açılmış deşiklərdən onlar quyuya daxil olur, quyunun vasitəsilə yuxarı qalxır və hətta bəzi hallarda fontan yaranmasına səbəb olur. Təzyiq az olduqda neft və qazın qalxmasına qazıcı məhlul mane olur. Bu halda həmin mayeni su ilə əvəz edərək quyu doldurulur, bunun nəticəsində təzyiq aşağı düşür və karbohidrogenlərin yuxan qalxması üçün imkan yaranır. Son zamanlar yaradılmış müxtəlif ölçmə sistemləri və vasitələri quyu dibindən qiymətli informasiya əldə etməyə imkan verir. Qazıma prosesinin gedişatında real zaman rejimində əldə edilən informasiya prosesin effektivliyinə nəzarət və neftlilik-qazlılıq nöqteyi-nəzərindən maraq doğuran süxurları aşkar etməyə kömək edir. Bununla əlaqədar operativ surətdə qazıma haqqında informasiyanın toplanması zəruriliyi təkcə kompüterdən istifadə edilməsini deyil, hətta peyk rabitəsinin tətbiq olunmasına ehtiyac doğurmuş və bunların inkişafına gətirib çıxarmışdır. Beləliklə, qazılan quyu zəngin informasiya mənbəyinə çevrilir.
Aşağıda hər bir çöl geoloqu üçün ən zəruri sayılan 3 şey barədə qısa söhbət açacağıq.

"QEYDİYYAT APARILMAYIBSA, DEMƏLİ, MÜŞAHİDƏ DƏ APARILMAYIB"

Çöl gündəliyi (bu, xüsusi qeyd kitabçası da, adi dəftər də ola bilər) - geoloji ekspedisiyada ən vacib şeydir. Tədqiqatçı marşrutda müşahidə etdiklərinin hamısını - "öyrəndiyi süxurlar haqqında məlumatları, onların harada və necə yatdığını, tərkiblərinin nədən təşkil olunduğunu" - çöl gündəliyinə qeyd edir. Gündəliyin itməsi ekspedisiyanın nəticələrinin hədər getməsi deməkdir və marşrutu yenidən təşkil etmək lazımdır. Geoloqun istənilən hər bir xatirəsi və ya təsəvvürü qeydlərlə möhkəmləndirilməyibsə (yəni faktiki materialla), onlar fantaziyaya çevrilir. Geoloji nümunələr tapıldığı yerlə əlaqələndirilməsə, onlar öz qiymətini tamamilə itirir. Qeydlər sudan zərər çəkməsin deyə gündəlik karandaşla yazılır. Axtarış materialları baqajla göndərilir, gündəliyi isə, itməsin deyə, geoloq mütləq özü ilə aparmalıdır. Hətta əgər tədqiqatçı suya düşüb son paltarınadək islanarsa, o, ilk növbədə, çöl gündəliyinin vəziyyəti ilə maraqlanmalıdır. Özünü qurulamamışdan öncə, qeyd vərəqlərini səliqə ilə araşdırıb qurudur. Yakutiyada bir çöl mövsümündə geoloq işdə olarkən meşədə baş verən yanğından çadır da yanır. Geoloji nümunələr başqa yerdə saxlanılırdı, xəritələri isə o özü ilə gəzdirirdi. Belə ki, ancaq çöl gündəliyi yanmışdı. Lakin, məhz qeydlərin itməsi keçilmiş marşrutları yenidən təkrarlamağa, ekspedisiya kəşfiyyatını bir çöl mövsümü uzatmağa məcbur etdi.

GEOLOJİ ÇƏKİC NƏYƏ LAZIMDIR?

Geoloji çəkic artıq bir çox əsrlərdir ki, bütün ekspedisiyalarda geoloqu müşayiət edir. O, süxurun təzə (pozulmamış) kəsilişinə baxmağa və analizə nümunə götürmək üçün daş parçalarını qoparmağa xidmət edir. Çəkicin sapı kifayət qədər uzundur - 70 santimetrə qədərdir. Bu, zərbənin gücünü artırır və çəkici, sözün əsl mənasında, universal alətə çevirir. Baltadan şorba bişirən zirək əsgərin nağılı yadınızdadırmı? Geoloqun sadiq yol yoldaşı çəkicin onu necə çətin vəziyyətlərdən qurtardığını bilsəniz bu nağıl sizə o qədər də təəccüblü görünməz. Dik yerlərə qalxanda çəkicə söykənmək olar, sürüşkən yamaclarda onun köməyilə pilləkən düzəltmək, sərt enişli yamaclarla enərkən "əyləc" kimi istifadə etmək, çaylardan keçərkən dayaz yerləri tapmaq mümkündür. Sapına şkala çəkəndə o, layların qalınlığını ölçmək üçün xətkeşə çevrilir. Çıxışlarda layların fotoşəklini çəkəndə çəkic miqyas rolunu oynayır. Çəkic sapının uzunluğunun proyeksiyasını yamacın üzərinə salmaqla dağın hündürlüyünü təyin etmək olar. Çəkicin iti ucu ilə yerə düşmüş əşyanı asanlıqla qaldırmaq, küt tərəfilə çadırın payalarını yerə çalmaq olar. Balta yoxdursa, ağac budaqlarını çəkiclə qoparmaq, əgər bıçaq itibsə, konserv bankasını açmaq o qədər də çətin deyil. Çantanın qayışlarının altına qoyduqda ağır çantanı aparmağa kömək edir. Sapı yerə sancılmış çəkic oturacaq rolunu oynayır. Çəkicin sapı möhkəm olmalıdır, buna görə də onun üçün xüsusi ağac növü seçilir. Ən yaxşı sap zoğal ağacından düzəldilir, ancaq o hər yerdə bitmir. Sapı hamarlamaq lazımdır ki, ələ qamqalaq batmasın, çəkicin özünü isə sapa elə taxmaq lazımdır ki, zərbə vurarkən o çıxmasın. Çəkic yaxşı poladdan hazırlanmalıdır, əks halda, onunla sərt süxurları sındırmaq olmaz. Hər bir geoloq öz alətini səliqə ilə saxlayır, marşrutdan sonra çəkici isladır ki, ağac qurumasın, sapını bintlə sarıyırlar ki, çatlar əmələ gəlməsin, cızılmış yerləri isə hamarlayırlar.

NƏ ÜÇÜN GEOLOJİ KOMPAS DEYİRİK?

Geoloji kompası ilk dəfə görən, hətta təcrübəli türist belə, təəccüblənər. Sanki, əqrəbləri də var, yerin cəhətləri də qeyd olunub, lakin nə üçünsə qərb şimaldan sağda, şərq isə solda göstərilib. Məsələ burasındadır ki, geoloq, turistlər kimi, azimutu hər hansı bir əşyanın üzərinə deyil, süxur laylarının mailliyini ölçmək üçün öz üzərinə götürməli olur. Odur ki, rahat işləmək üçün cəhətlərin yeri dəyişdirilib. Doğrudur, geoloqa da işlədiyi ərazidə səmtləşmə lazım olur, ancaq o bunu nadir hallarda edir, layların mailliyini isə marşrut ərzində bir neçə dəfə ölçməli olur. Layların yalım bucağını ölçmək üçün geoloji kompas xüsusi bucaqölçənlə təchiz olunub. Əqrəblər üçün fiksator nəzərdə tutulub: düyməni basırsan, əqrəblər yerində donub tərpənmir, ölçülər fiksasiya olunur. Belə ki, ölçüləri götürmək üçün boynunuzu uzatmaq lazım gəlmir, sadəcə, kompası gözlərinizə yaxınlaşdırıb əqrəblərin vəziyyətini görmək olar. Olduğu yerin səmtini asanlıqla müəyyənləşdirmək və azimutu eyni vaxtda arxada və öndə yerləşmiş obyektə istiqamətləndirmək üçün kompasa nivelir sapı olan xüsusi güzgü yerləşdirilmişdir. Cihazın korpusuna içərisində maye olan ampula (səviyyə) bərkidilib ki, kompasdan əldə və ya hamar olmayan müstəvi üzərində istifadə etdikdə, onu yer səthinə düzgün paralelləşdirmək mümkün olsun. Əks halda, ölçülər səhv olar. Kompasdan xətkeş kimi də istifadə etmək mümkündür: onun tərəflərindən biri santimetr və millimetrlərə bölünüb. Kompas həmişə əl altında olmalıdır, zədələnməsin deyə o, plastmasdan, dəridən və ya brezentdən hazırlanmış qovluqda yerləşdirilir və kəmərə bərkidilir.

“Yer və İnsan”