Dağ-mədən sənayesinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır - TƏHLİL

Doğrudan da Ulu Öndərin sovet idarəçiliyi dövründə və sərt konyunktura ənənələrinin hökm sürdüyü bir şəraitdə keçmiş ittifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərdiyi gənclər sonrakı illərdə müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verdilər. Onların arasında dağ-mədən sənayesi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması da prioritet məsələlərdən idi. Məhz Ulu Öndərin xeyir-duası ilə keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən tələbələrdən biri olaraq Moskva Dağ-Mədən İnstitutunda ali təhsil almaq imkanı qazandım. Qeyd edə bilərəm ki, sovet dövründə Ümummilli Lider Heydər Əliyev dağ-mədən sənayesinin perspektivini görərək, azərbaycanlı gənclərin ittifaqın müxtəlif respublikalarında bu sahə üzrə təhsil almasına xüsusi diqqət yetirirdi. O dövrdə Azərbaycanda Daşkəsən, Gədəbəy kimi ittifaq əhəmiyyətli filiz mədənləri var idi və həmin mədənləri istismar etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac çox idi. Məhz bu səbəbdən ixtisaslı kadrların yetişməsi, onların dağ-mədən sənaye işlərinə cəlb edilməsi ölkə iqtisadiyyatının bu sahəsi üçün olduqca əhəmiyyətli idi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda bu sahədə müəyyən geriləmələr olmuşdu. İttifaqda olan imkanlar bizdə olmadığı, eyni zamanda, Azərbaycanda dağ-mədən sənayesi tənəzzülə uğradığı üçün kadr hazırlığı arxa plana keçmişdi. Lakin bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dağ-mədən sənayesinin inkişafı bu sahə üzrə milli kadrların hazırlanması ilə sıx bağlı idi.

Əvvəllər bu sahə üzrə Azərbaycanda bir ali məktəb (keçmiş Azərbaycan Neft – Kimya İnstitutu) və iki texnikum fəaliyyət göstərirdi. Keçmiş SSRİ-də kadrların hazırlığı, yenidən hazırlığı, ixtisaslaşdırma, kadrların seçilməsi və yerləşdirilməsi dağ-mədən sənayesinin idarə olunması və işinin təşkilinin əsas hissəsi hesab olunurdu. O zaman dağ-mədən sənayesi üçün 48 ali məktəb, 151 texnikum və 295 peşə məktəbi kadr hazırlayırdı.Azərbaycan Respublikasında dağ-mədən sənayesinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. O dövrdə Azərbaycan yeganə respublika idi ki, burada imtahan verən və yaxşı qiymət alan tələbələr ittifaqın bu sahədə ixtisaslaşmış istənilən tədris müəssisəsində təhsil ala bilirdilər. Bu imkan digər ittifaq respublikalarında yox idi. Qeyd etmək lazımdır ki, bu, bütün elm sahələrinə aid idi və Heydər Əliyevin ölkəmizdə dərin biliyə malik kadrların yetişməsində xüsusi xidməti idi.

Ulu Öndərin uzaqgörənliyi nəticəsində keçmiş Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geologiya və dağ-mədən kafedrası yaradılmışdı. Belə bir kafedranın yaradılması gələcəkdə Azərbaycanda dağ-mədən sektorunun inkişafı və bu sahədə işləyəcək kadrların hazırlığı üçün nəzərdə tutulmuşdu. 1988-ci ildə SSRİ Təhsil Nazirliyi Azərbaycanda həmin kafedranın bağlanmasını müzakirəyə çıxarmışdı. Ancaq o zaman artıq bizim təhsil aldığımız institutun – Moskva Dağ-Mədən İnstitutunun rektoru akademik V.V. Rjevski bu kafedranın bağlanmasına qarşı çıxdı. Çünki gələcəkdə Azərbaycanın bu sahənin kadrlarına böyük ehtiyacı olacaqdı. Buna görə də bu kafedranın bağlanmasına imkan vermək olmazdı.Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələ yenidən aktuallıq kəsb etməyə başladı. Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının, o cümlədən yeraltı sərvətlərinin aşkar olunması və qiymətləndirilməsinə önəm verməsi idi. Ölkəmizin ərazisinin yer təkinin planauyğun və kompleks şəkildə öyrənilməsi, mineral-xammal bazasının inkişafı və genişləndirilməsi işləri ötən əsrin 70-ci illərinin əvvəllərindən daha geniş vüsət almağa başladı.Ulu Öndərin hakimiyyətinin ilk illərindən Azərbaycanın aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçidinin təməli qoyuldu ki, bu da ölkəmizdə dağ-mədən sənayesi üçün yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, mövcud kadr ehtiyatının yenidənhazırlanması kimi mühüm vəzifələrin reallaşdırılmasını labüd etdi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya və dağ-mədən mühəndisliyi üzrə bakalavr və magistratura səviyyələri üzrə mütəxəssis hazırlığının davam etdirilməsi Ulu Öndərin ölkənin sənaye qüdrətinin gücləndirilməsi istiqamətində dağ-mədən sahəsinin inkişaf etdirilməsinə olan xüsusi diqqətinin təzahürü kimi qiymətləndirilməlidir.Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Heydər Əliyev mütəxəssis hazırlığı məsələsinə çox həssaslıqla və kompleks yanaşır və bu sahədə fəaliyyətin planlı şəkildə aparılmasını çıxışlarında müntəzəm olaraq ali təhsil müəssisələrinin qarşısında qaldırırdı. Ulu Öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi, ölkəmizin tərəqqisi və rifahı naminə üzərinə götürdüyü bu tarixi missiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi öz töhfələrini verməkdədir.

Azər Şükürov

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru

sia.az