QIZIL HAQQINDA NƏ BİLİRİK?!

Qızıl insana məlum olan ən ilk metallardan biri olmuşdur. Hələ eramızdan 5-4 min il əvvəl qızıldan müxtəlif əşyaların hazırlanması bəllidir. Qızılın əksər hissəsi külçə və pul hazırlanmasına sərf olunur, nisbətən az hissə qızıl zərgərlikdə, elektron sənayesində, habelə xalq təsərrüfatının digər sahələrində işlənilir.
Qızıl müxtəlif bəzək əşyaları şəklində artıq Amra epoxasında tətbiq edilirmiş. Qızıl hasilatı, xüsusən böyük miqyasda eramızdan bir əsr əvvəl Misirdə və Romada aparılırdı. Keçmiş İttifaq ərazisində qızıl qədim dövrlərdən çıxarılırdı. Onun istismarı ilə skiflər məşğul olurdular. Eramızdan VI əsr əvvəl Aristey yazırdı ki, Rifey dağlarında (yəni Uralda) qızıl vardır. Eramızdan V əsr əvvəl isə Herodot yazırdı: «Avropanın şimalında, heç şübhəsiz, külli miqdarda qızıl vardır». Bununla o da, həmçinin Ural dağlarını nəzərdə tuturdu.
Qızıl qədim zamanlarda Ukraynada, Qazaxıstanda, Azərbaycanda və digər yerlərdə da çıxarılırmış. V.İ.Sobolevskinin (1970) məlumatına görə, qədim zamanlardan başlayaraq Amerikanın kəşfinə qədərki müddət ərzində 12569 t cəmində qızıl çıxarılmışdır. Daş, mis və tunc dövrlərində qızıl hasilatına görə birinci yer Afrikaya məxsus olmuşdur, dəmir əsri və Roma imperiyası epoxasında birincilik Avropaya, orta əsrlərdə Asiya və Afrikaya keçmişdir. Hazırda çıxarılan qızılın böyük bir hissəsi külçə şəklində dövlət fondlarında saxlanılır. Bu, dövlət xəzinədarlığında və emissiya banklarında saxlanılan "qızıl ehtiyatı"dır.
"Qızıl ehtiyatı"nın məqsədi beynəlxalq (dövlətlər­arası) ödənişlərdə və hesablamalarda təminetmə və valyuta rolunu oynamaqdır.

Qısa geokimyəvi səciyyəsi və mineralogiyası
Qızılın 14 izotopu məlumdur: 192-206, onlardan yalnız 197Au sabitdir. Qızıl xeyli dərəcədə səpələnmiş elementdir, onun Yer qabığında klarkı 4,5-10’7%-dir (4,5 mq/t). Müxtəlif süxurlarda, torpaqda, bitkilərin külündə, çay sularında qeyd olunur. Dəniz sularında qızılın klarkı l-10’7%-dir. Mantiya maddəsində də qızılın klarkı yüksəkdir (S.D.Şer). Lakin qızıl yataqlarının formalaşmasında maqmatik məhlulların mantiyaya nə dərəcədə təsir etməsi, yaxud, mantiyada gedən reaksiyaların rolu haqqında konkret məlumat yoxdur.
Ehtimal ki, endogen mənşəli qızıl yataqlarındakı Au-nun əsas mənbəyi yuvenil maqmatik və qismən anatektik törəmə ərintilər olmuşdur.
Qızılın postmaqmatik yataqlarda konsentrasiyası tiosulfat (Au(S2O3)] və xlorid (AuCl2 və AuCl)2' birləşmələri hesabına baş vermişdir. Ekzogen şəraitdə qızıl assosiasiyada olduğu hipogen minerallardan ayrılaraq «dəmir papaqları»nda çökür və ya səpintilər əmələ gətirir.
Qızılın sənaye əhəmiyyətli əsas mineralları sərbəst qızıl Au və onun tellurlu birləşmələridir. Sərbəst qızıl tərkibində adətən Ag, Cu, Fe, bəzən Bi, Pd və Rh kimi qatışıqlar saxlayır.
Qızılın keyfiyyəti onun əyyarı ilə müəyyən edilir. Yüksək əyyarlı qızıl 900-dür, başqa sözlə, 1000 hissədən 900 hissəni qızıl, 100 hissəni isə digər qatışıqlar (Ag, Cu, Fe və s.) əmələ gətirir. Bu cür qızıl açıq-sarı rənglidir. Qızılın əyarı azaldıqca və müvafiq olaraq gümüşün miqdarı artdıqca onun rəngi dəyişir və demək olar ki, gümüşü-ağ rəngli (elektrumda) olur. Misin yüksək miqdarı qızıla çəhrayı rəng verir.
Qızıl yumşaq və sürtünməyə tez məruz qalan metal olduğundan ondan əşyalar hazırlanarkən Au-a mis, gümüş və digər metallar əlavə edirlər. N.Fişerə görə, filiz kütlələrinin əmələgəlmə temperaturu ilə qızılın əyyarı arasında qanunauyğun əlaqə vardır: yüksək temperaturlu filiz kütlələrində qızılın əyyarı yüksəkdir - 850-900 və artıq, orta temperaturda əmələ gələn filiz kütlələrində 800-850 və aşağı temperaturlularda isə - 500-750-dir.
N.V. Petrovskaya göstərir ki, cavan yaşlı yataqlardan qədim yaşlı yataqlara, aşağı temperaturlu və az dərinlikli yataqlardan yuxarı temperaturlu və dərində yerləşmiş yataqlara, nəhayət, erkən, dəyişməmiş filizlərdən təkrar çökdürülmüş filizlərə keçdikcə qızılın əyyarı artır. Telluridlərin oksidləşməsi nəticəsində əmələ gələn sərbəst qızılın əyyarı 900-990-dır. Köklü mənbədən uzaqlaşdıqca qızılın tərkibinə daxil olan kənar qatışıqlar həll olduqlarından səpintilərdə qızılın əyyarı bir qayda olaraq yüksəkdir.
Filizlərdə qızıl qeyri-düzgün ayrılmalar (damarcıq, dənəvər, dendrit, örtük və s.) şəklində olur. Nadir hallarda kub, oktaedr və pentaqon dodekaedr şəkilli qızıl kristalları rast gəlinir.
Filizlərdə qızılın əsas hissəsi vizual şəkildə müşahidə olunmayan incə hissəciklərdən ibarətdir. Hissəciklərin ölçülərinə (mkm) görə qızıl ayrılmaları dispers (10 mkm), xırda (0,1 mm-ə qədər), orta (1 mm-ə qədər), iri (5 mm-ə qədər) və külçə (5 mm-dən artıq) şəklində olurlar.
Köklü və səpinti yataqlarında tapılan qızıl külçələrinin çəkisi bəzən çox böyük olur. Viktoriya (Avstraliya) əyalətinin səpintilərində dünyanın ən iri qızıl külçələri – “naməlum gözəl” (59,67 kq). “Arzuolunan” (68,08 kq), “Xolterman piltəsi” (235 kq) tapılmışdır. Uralda Mias rayonunda da iri qızıl külçəsi tapılmışdır (Böyük üçbucaq”-36,22 kq).
Qızıl kvarsda və ya filiz kütləsində qeyri-bərabər yayılması ilə səciyyələnir. O, adətən filiz kütləsinin yatıq və ya asılı yanında, filiz sütunlarında, yuvalarda konsentrasiyalaşır.
Sərbəst qızılın 20-ə yaxın qızıl saxlayan mineralı məlumdur, lakin onlar bu metalın istehsalı üçün böyük rol oynamırlar. Bu minerallar aşağıdakılardır: elektrum (Au, Ag) 25-45% Ag, küstelit Ag (Au), aurikuprit Au2Cu3, aurostibit AuSb2, rodit Au(Pt, Rh, Ir, Pd) və b.; telluridlər-kalaverit AuTe2, silvanit (Au, Ag) Te4, krennerit (Au, Ag) Te2, petsit Ag3AuTe2, nagiagit Au(Pb, Sb, Fe)8 (S, Te)H, mutmanit (Ag, Au)Te; montbreyit Au2Te3 və b.
Qızılın affinajı (qatışıqlardan təmizlənməsi) zamanı bütün faydalı qatışıqlar itkiyə getmir. Digər metalların (mis, qurğuşun, sink) hasilatı prosesində qızıl yanaşı element kimi iştirak edirsə, o, filizlərdə çox xırda submikroskopik ayrılmalar şəklində iştirak edir və “görünməzdir”. Nisbətən iri qızılcıqlar - "görünən qızıl" - ümumən nadir rast gəlinir.
Dünya ehtiyatı və yataqları
Yer təkindən bu günə kimi 130 min t qızıl çıxarılmışdır. Hər il dünya qızıl istehsalı təxminən 2500 t-a yaxın olur. XXI əsrin əvvəli üçün hesablanmış dünya qızıl ehtiyatı 75 min t, balansdan kənar ehtiyatla birlikdə 100-105 min t-dur.
Köklü yataqlarda qızılın miqdarı 3 q/t olarsa, yataq kondisiyalı hesab olunur, səpintilərdə (qumda) - 0,1 q/t.
İri qızıl yataqları Cənubi Afrika Respublikasındadır. Belə ki, dünya qızıl ehtiyatının 60%-i bu ölkənin payına düşür. Burada Vitvatersrand rayonunda 35 iri yeraltı mədəndən hər il 75 mln. t qızıl daşıyan filiz çıxarılır. 1970-ci ildə bu yataqlardan 1000,4 t qızıl hasil edilmişdi ki, bu da dünya qızıl hasilatının 79,1%-ni təşkil edirdi (keçmiş sosialist ölkələrini çıxmaq şərtilə; onlar ümumilikdə 180 t qızıl hasil edirdilər). 1998-2003-cü illərdə Vitvatersrand qızıl rayonunda Au istehsalı 400-420 t-dan artıq olmur. Başqa sözlə, Vitvatersrand qızıl yatağı dünya qızıl istehsalında artıq aparıcı mövqe tutmur. Bu yataqlardan dünya qızıl hasilatının təxminən 20%-i qədər nəcib metal çıxarılır. Qızıldaşıyan konqlomeratlar habelə Şimali Amerika (Xurvits, Sakami, Quron - Kanada; Vayominq - ABŞ), Cənubi Amerika (Yakobina, Moyeda - Braziliya), Avstraliya (Nulageyne) kontinentlərində, habelə Hindistan (Bababudan) və Baltik qalxanlarında da məlumdur. Bununla belə, qızıl- və urandaşıyan konqlomeratların yayılma sahələri xeyli kiçikdir və ən aşağı halda iri yataqlara uyğun gələ bilirlər. Məsələn, Cənubi Afrikadakı Tırkva qızıl yatağı (ehtiyatı 250 t). Buradakı konqlomeratlar sırf hematit tərkiblidirlər. Digər yataqlarda kvars və pirit-kvars tərkibli konqlomeratlar məlumdur. ABŞ-da (Kripl-Krik, Raund-Mauntin), Kanadada (Eskey-Krik), Rusiyada (Suxoy Loq - ehtiyatı 1100 t), Özbəkistanda (Muruntau - ehtiyatı 3300 t-a yaxm+resursları - 1400 t; 2002-ci ildə 56 t qızıl hasil edilib), Qazaxıstanda (Bakırçık - ehtiyatı 540 t), Qırğızıstanda (Kumtor - ehtiyatı 510 t), Avstraliyada (Telfer - ehtiyatı 740-840 t; Bendiqo - qalıq ehtiyatı 395 t; Olimpik Dem - ehtiyatı 370 t), İndoneziyada (Qros- berq - ehtiyatı 3450 t), Monqolustanda (Uyu-Tolqoy - ehtiyatı 800 t), Çilidə (Serro-Kasale - ehtiyatı 1000 t), Braziliyada (Salobo - ehtiyatı 950 t), Papua-Yeni Qvineyada (Lixir - ehtiyatı 1270 t; Porgera - ehtiyatı 510 t; Bugenvil - ehtiyatı 630 t), Hindistanda (Kolar) da kifayət dərəcədə iri qızıl yataqları məlumdur.
Unikal köklü qızıl yataqlarının ehtiyatı 100 t və artıq, səpintilərdə 50 t və daha çox olur. Müvafiq olaraq bu rəqəmlər iri yataqlar üçün 100-50 t və 50-25 t, orta yataqlar üçün 50-10 t və 25-1 t, xırda yataqlar üçünsə 10 tondan az və 1 t qəbul edilir.
Gözoxşayan füsunkar sarı rənginə, ecazkar gözəlliyinə, dəyişilməzliyinə görə qızıl ta qədimlərdən indiyədək sevilib və sevilməkdədir. Maraqlısı budur ki, zaman ötdükcə bu metal insanlara daha çox gərəkli olur. Tarix boyu qızıl mənəvi saflıq, gözəllik, səxavət simvolu olmuşdur. Ən çox sevdiyimiz şeyləri biz qızılla müqayisə etmişik. Yaxşı insana biz “Qızıl insan”, pambığa “Ağ qızıl”, neftə “Qara qızıl”, bəzəriyyət tarixinin ən gözəl dövrlərinə “Qızıl əsr” adı vermişik. Buradan sual yaranır, bəs nəyə görə insanlar bu sarı metalı belə dəyərləndirirlər?
-Təmiz qızıl sarı rəngli yumşaq metaldır. Qızıldan hazırlanmış bəzi məhsullara, məs. sikkələrə qırmızımtıl boya çalarını digər metalların, xüsusilə də misin qatışıqları verir. Olduqca nazik təbəqə halına salındıqda qızıl yaşılımtıl işıq saçır. Qızıl yüksək istilik keçiriciliyinə və zəif elektrik müqavimətinə malikdir.
O, çox ağır metaldir: təmiz qızılın sıxlığı 19,32 q/sm3-dur. 4,6237 sm diametri olan xalis qızıl kürə 1 kq ağırlığına malikdir. Sıxlığına görə metalların arasında osmium, iridium, platin, renium, neptunium və plutoniumdan sonra yeddinci yeri tutur.
Amma qızılın yüksək sıxlığı onun hasilatını asanlaşdırır, buna görə hətta sadə texnoloji proseslər - məs. şlüzlərdə yuyulma zamanı süxurdan qızılın çıxarılmasının yüksək dərəcəsini təmin edə bilər. Qızıl həm də çox yumşaq metaldır: Moos şkalasında sərtliyi 2,5-dir, yəni onu dırnağın sərtliyi ilə müqayisə etmək olar.
Qızıl yüksək plastikliyə malikdir; ondan 0,1 mkm-ə qədər qalınlıqda təbəqə döymək olar, bu qalınlıqda qızıl yarımşəffafdır və yaşılımtıl çalarlı olur.
Qızılın ərimə temperaturu 1064,180C-dir, 28560C-də qaynayır. Qızılın sənaye tipli yataqları köklü və səpinti tipli olurlar.
İnsanlar çox qədim zamanlardan qızıl çıxarmışlar. Külçə şəklində yayılmasına görə artıq e.ə. 5-ci minillikdə-neolit dövründə bəşəriyyət qızıldan istifadə etməyə başlamışdır.
2011-ci ilin məlumatına görə, bəşəriyyət tarixi ərzində 161 min ton qızıl hasil edilmişdir.
2014-cü ildə dünya ölkələri arasında qızıl hasil edilməsində lider ölkələr aşağıdakılar olmuşdur:
1. Çin — 450 t;
2. Avstraliya — 270 t;
3. Rusiya-245 t;
4. ABŞ — 211 t;
5. Kanada — 160 t;
6. Cənubi Afrika-150 t;
7. Peru — 150 t;
8. Özbəkistan — 102 t;
9. Meksika —92 t;
10. Qana — 90 t;

QIZIL HƏYƏCANI

Qızılı heç nə ilə qarışıq salmaq mümkün deyil: ona bənzər başqa metal yoxdur. Onun üstün cəhətləri çoxdur və yalnız bir çatışmayan cəhəti var ki, o da miqdarının həmişə çox az olmasındadır. Qızıl tez bir zamanda hamı tərəfindən qəbul edilən zənginlik və hakimiyyət rəmzi oldu. Ona görə də bu sarı metala olan böyük tələbat saysız müharibələrə və ekspedisiyaların təşkilinə səbəb oldu. XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqaliyalılar tərəfindən işğalı - konkista (ispanca “conquista” - istila deməkdir) da elə tükənməz var-dövlətin və qızıl səpintilərinin zəbt edilməsi şüarı altında həyata keçirilirdi.
1519-cu il martın 4-də səhər erkən düşüncəsiz macəra axtaran qumarbaz Eman Kortesin komandanlığı altında 11 ispan karavellası Meksika körfəzində lövbər saldı. Konkistanın ən amansız səhifəsi başlandı. Atsteklər dövləti zəbt edildi, onun paytaxtı Tenoçtitlan qarət olundu, hökmdar Montesuma öldürüldü. Atsteklər sadəlövh, xoşxasiyyət, dözümlü və zəhmətkeş xalqdır. Onlar əla təşkil olunmuş və çox gözəl idarə edilən, amma daş və bürünc dövrləri səviyyəsində olan dövlət yaratmışdılar.
Avropalılar silahlı qarşıdurmada onların imperiyasını məhv etdilər. Konkistadorlara yalnız qızıl lazım idi. Zərgərlik şah əsərləri, atstek allahlarının zərif heykəlcikləri əridilib külçə halına salınırdı. Amerikanın kəşf edilməsi ilə onun zəngin yataqlarından qul əməyindən istifadə edilməklə çıxarılmış qızıl və gümüş Avropaya sel kimi axmağa başladı.
Xristofor Kolumb 1503-cü ildə Yamaykadan göndərdiyi məktubunda yazırdı: “Qızıl qəribə şeydir! Ona malik olan adam hər şeyin ağasıdır. Qızıl hətta ruhlar üçün cənnətə yol aça bilər". Hələ tarixin ilk çağlarından bəşəriyyəti heyrətə salan qızıl həyəcanı vaxt ötdükcə nəinki səngimir, hətta şiddətlənirdi. 1500-cü ilədək (mədəniyyətin mövcudluğunun birinci beş yarım minilliyi ərzində) dünyada 31 min tondan artıq, növbəti 470 ildə isə 70 min tondan çox qızıl hasil edilmişdir. Hazırda hər il təxminən 1500 ton qızıl çıxarılır.
XIX və XX əsrlərin qızıl həyəcanı bütün dünyanı bürüyən epidemiyalara bənzəyirdi. Onlar geniş əraziləri əhatə edir və xüsusi adlar alırdılar: Kaliforniya, Alyaska, Sibir, Amazon qızıl həyəcanı. Kaliforniyada ilk qızıl 1848-ci il yanvar ayının 24-də ştatın hazırkı paytaxtı Sakramento yaxınlığında tapılmışdır. Həmin gün taxta zavodunun suboşaldılanını dərinləşdirən Con Marşal bir neçə qızıl dənəsi tapdı. Bu yerlərin sahibi, borc əlindən baş götürüb Amerikaya qaçmış isveçrəli mühacir, qızıl­axtaranların gəlişinin qarşısını almaq üçün bu tapıntını gizlətmək qərarına gəldi.
Lakin bu kəşf cəmi bir həftə sirr olaraq qaldı. Tezliklə xəbər bütün ölkəni, sonra isə dünyanı dolanaraq yüz minlərlə insanın taleyini alt-üst etdi. Syerra Nevadanın (ABŞ-ın cənub-qərbində) qərb yamaсları boyunca 320 km məsafəyə uzanan, eni 130 km olan zolağın qızıllı olduğu aşkar edildi. Buraya nəinki bütün Yeni Dünyadan, həmçinin Avropadan, Çindən, Avstraliyadan, Yeni Zelandiyadan da qızılaxtaranlar üz tutdular.
On ildən sonra Kaliforniyanın əhalisinin sayı 400 min nəfərə çatdı. Kaliforniyada qızıl həyəcanı bir neçə il davam etdi. Onun zəngin səpintilərindən qızılın hasilatı tarixində fironlar dövründən sonra ən yüksək miqdarda qızıl əldə edildi. Lakin qarşıda Kaliforniyanı bundan daha böyük kəşflər - artıq səpintilərin deyil, qızıl filizlərinin kəşfləri gözləyirdi. 1850-ci ilin oktyabrında Qold-Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada-Siti şəhəri salındı. Uzunluğu 190 km, eni isə cəmi 1,5 km olan bu filiz zonası məşhur “Ana damar” idi. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olundu. “Damar"ların çoxu 1350 m dərinliyə qədər istismar olunurdu, ümumilikdə isə Kaliforniya ABŞ qızılının cəmi üçdə birindən çox hissəsini verdi.
İkinci Amerika qızıl həyəcanı Alyaskanın və Kanadanın şimal-qərbini bürüdü. Balıqçı və qızılaxtaran C.Karmak tərəfindən 1896-cı il avqust ayının 16-da Klondayk çayında qızıl tapılması xəbəri Amerikanı hərəkətə gətirdi. Amma bundan da əvvəl...
Ruslar nəinki Alyaskanı kəşf etmiş, hətta orada qızıl nişanələrini də ilk dəfə aşkar etmişdilər. 1741-ci ildə Vitus Berinqin ekspedisiyası yarımadaya gəldi. Alyaskadakı körfəzlərə, dağlara, vulkanlara verilmiş rus adları onu ilk kəşfedən cəsurların canlı xatirəsidir. 1864-cü ildə mədən mühəndisi Doroşin Alyaskanın cənubunda Kent yarımadasında səpinti qızıl yataqları tapdı.
1889-cu ildə kanadalı fransız Jyuno da qızıl tapdı. Lakin Alyaskada həqiqi mənada qızıl həyəcanı zəngin Klondayk səpintilərinin kəşfindən sonra başlandı. Dəniz yolu ilə Alyaskanın Skaquey limanına gələn qızılaxtaranlar çox çətin və təhlükəli Çilkut aşırımını piyada dəf edir, sonra isə Yukon çayının vadisinə çıxırdılar. Dar kanyon boyunca düşərək, onlar qayıqlarla “ağcaqanadların, itlərin və qızılaxtaranların məskən saldıqlan” Dousona qədər üzürdülər. Qızılaxtaranlar sırasında olan gənc Cek London belə yazırdı: “Aydındır ki, bizim adamların bir hissəsi yollarda həlak oldu, bir hissəsi buzların yaratdığı çətinliklərlə üzləşdi, minlərlə yorulub əldən düşmüş və öz gücünə inamını itirmiş insan aşırımlardan geri qayıtdı”.
İki ildən sonra daha bir kəşf oldu. Berinq dənizinin sahilində, Nom burnu yaxınlığında baş verən tufan isveçli qızılaxtaranların qayığını burada lövbər salmağa məcbur etdi. Onlar orada çox zəngin qızıl səpintisinin üstünə çıxdılar. Ehtiyatda olan bir əsgər isə 1899-cu ildə təsadüfən bu sahildə qumu yudu və iri dəniz səpintisi tapdı. Təkcə birinci iki ay ərzində burada bir milyon dollarlıq qızılı yuyub ayırdılar. Sonuncu kəşf Yukona çayının qolu Tanana çayında oldu. Bu, Klondayk səpintilərinə oxşar yataqlar idi. Ancaq onların tam istismarı 1950-ci ildə başa çatdırıldı.
Lakin Alyaskada qızılın iri ana yataqları tapılmadı. Səpinti yataqlarında isə qızıl tez tükəndi və XX əsrin əvvəllərindəki coşqun hadisələrdən sonra Alyaska tədricən balıqçı və ovçularla məskunlaşmış az əhalisi olan əyalət ştatına çevrildi.
Rus çarları əsrlər boyu öz “ev” qızılını tapmağa səy göstərmişlər. Pul sistemini möhkəmləndirmədən Rusiya dövlətinin təşəkkül tapmasını təsəvvür etmək mümkün deyildi. Hələ 1488-ci ildə III İvan Avropa mütəxəssislərinin köməy ilə Rusiyada qızıl yataqlarının axtarışına səy göstərmişdi. Bu istiqamətdə I Pyotrun göstərdiyi həqiqətən çox böyük səylər müvəffəqiyyətlə nəticələndi.
1714-1721-ci illərdə Zabaykalyedə Nerçinsk mədənlərində bir neçə pud ilk rus qızılı hasil edildi. Bu qızıldan kəsilən sikkələrlə Şimal müharibəsinin Niştadtsk sülh müqaviləsinin bağlanması ilə sona yetməsi şərəfinə döyüşçüləri təltif edirdilər.
Nerçinskdə az miqdarda - ildə cəmi on kiloqramlarla qızıl çıxarılırdı. Sonralar Altayda kəşf edilmiş yataqlar da vəziyyəti xilas edə bilmədi: Zmeinoqorsk mədənləri hər il 100-200 kq qızıl verirdi. Rusiyada xüsusi qızıl filizi sənayesi yalnız XVIII əsrin ortalarında Uralda, əsrin sonuna yaxın ildə 2,4 ton təmiz qızıl verən Beryozovsk yatağının istismara başlanması ilə inkişaf etdi.
Təəccüblü faktdır ki, Rusiya dünya praktikasındakı qızılçıxarma işlərindən uzun müddət kənarda qalmışdı. Avropada, Amerikada, Afrikada və Asiyada bel və külünglə silahlanmış qızılaxtaranlar təknələrdə qızıllı qumları yuduqları zaman, Rusiyada səpinti qızıl ələ gəlmirdi. Ola bilər, bunun bir səbəbi ölkə əhalisinin sayının azlığı, peşəkarların və dağ-mədən sənayesi ənənələrinin olmaması idi.
Rusiyada ilk qızıl səpintiləri 1814-cü ildə dağ mühəndisi L.İ.Brusnitsın tərəfindən Uralda, Pışma çayının vadisində aşkar edilmişdir. 1823-cü ildə orada artıq 200-dən çox qızıl mədəni fəaliyyət göstərirdi və onlardan ildə 2,5 tona yaxın metal alınırdı. Lakin bu hələ müqəddimə idi. Əsl qızıl həyəcanı 1830-1860-cı illərdə başlandı və bütün Sibiri əhatə etdi. Axtarış dəstələri qısa bir zamanda şərqə və şimal-şərqə irəlilədilər.
1830-cu ildə Tobolsk quberniyasında və Krasnoyarsk dairəsində, 1833-1836-cı illərdə Yeniseysk quberniyasında, 1838-ci ildə Yuxarı Tunquskanın (əvvəllər Anqara çayının aşağı axını belə adlanırdı) qollarında, 1843-cü ildə Lena çayı hövzəsində qızıl səpintiləri aşkar edildi. İlk çağlarda qızılaxtaranların əksəriyyətinin hətta elementar biliyi belə yox idi.
Qızıl sənayeçisi V.D.Skryabinin qeydlərindən görünür ki, Şərqi Sibirin bütün məlum səpintiləri Moşarov, İvanov, Şmayev, Familtsev və başqa bu kimi tacirlər tərəfindən aşkar edilmişdir. Bunlardan heç biri dağ-mədən işlərinə dair bir kitab belə oxumamışdılar. 8-13 nəfərdən ibarət olan axtarış partiyalarına sağlam və dözümlü kişiləri cəlb edirdilər. Baharın ilk günlərində havalar mülayimləşən kimi onlar piyada və ya atla bir neçə aylığa sərt tayqaya - daimi donuşluq, ağcaqanadlar, bataqlıqlar və gur axan dağ çayları aləminə yola düşürdülər. İyun günəşinin donmuş torpağın üst qatını hələ əritməyə imkan tapmadığı sahələrdə böyük tonqallar qalayır və torpağın donu açıldıqdan sonra qumlarda qızılın miqdarını təyin etmək üçün şurflar - dərinliyi bir neçə metr olan şaquli və ya maili quyular qazırdılar.
Zəngin - bir ton qumda on qramlarla qızıl olan səpinti tapmaq üçün qızılaxtaran dəstələri qışda da şurf qazırdılar. Çox zaman onlar az qızıllı qumluqları tərk edir və “qızıl səadəti” dalınca yeni ərazilərə yollanırdılar. Odur ki, səpintilərin bir çoxu düzgün qiymətləndirilməmiş qalırdı. Qızılaxtaranların kiçik dəstələri iri artellərlə əvəz olunurdu. Sibirin qızıl mədənlərində əsasən orada sürgündə olanlar işləyirdi. Axı bu, doğrudan da, katorqa işi idi. 1834-cü ildə sürgündə olanlar qızıl sənayesində çalışanların 82, 1850-1854-cü illərdə isə 50,5%-ni təşkil edirdilər.
Onlardan əlavə, qızılaxtaranlar ordusunda Rusiyanın mərkəzi quberniyalarının keçmiş kəndliləri də çalışırdı. Sibir qızılı Rusiyaya qızıl istehsalında bütün başqa ölkələri sürətlə ötüb keçməyə imkan verdi. 1845-ci ildə dünyada hasil edilən qızılın 47%-i, 1841-1850-ci illərdə isə orta hesabla 39,3%-i rus qızılının payına düşürdü. Ancaq Kaliforniya və Avstraliyanın qızıl səpintiləri tapıldıqdan sonra qızıl istehsalında Rusiyanın xüsusi çəkisi aşağı düşdü və 1852-1860-cı illərdə 9-13% oldu ki, bu da hər il 200-290 ton qızıl deməkdir.
Qızıl yataqlarının istifadə edilməsi dünyada çox böyük sürətlə, lakin az bir müddətə iqtisadi vəziyyəti dəyişdirdi. Qızılın keçmişdə ən etibarlı mənbəyi olmuş ana yataqları hazırda bu cür qalmaqda davam edir və şübhəsiz, gələcəkdə də öz əhəmiyyətlərini saxlayacaqdır. Əgər XX əsrin 30-cu illərinə qədər ABŞ-da ana yataqlardan və səpintilərdən təxminən eyni miqdarda qızıl alınırdısa, 70-80-ci illərdə əsas rolu artıq ana yataqlar oynayırdı. Başqa ölkələrdə də vəziyyət eynidir - səpintilərin işlənilməsi sahəsində Şərqi Sibir, Cənubi Amerikada Amazonkanın yuxarı axını və Qviana yaylası, həmçinin Hind-Çin, Cənubi və Qərbi Afrika. Avstraliya axırıncı “qala” kimi qalır. Artıq yarım əsrdir ki, məşhur Vitvatersrand yatağının yerləşdiyi Cənubi Afrika Respublikası qızıl istehsalına görə liderdir. Burada təxminən 1,9 milyard il bundan əvvəl yaranmış nəhəng səpintidən dünyada istehsal olunan qızılın 25-50%-i alınır. Səpinti 250 min kvadrat kilometrə yaxın sahəni əhatə edir.
Onun bir əsrdən çox istismar tarixində 45 min tondan çox sarı metal alınmışdır. Onunla müqayisədə yerdə qalan bütün ölkələr və hətta bəzi kontinentlər “birsaatlıq xəlifə” təsiri bağışlayır. Onlar yalnız qısa bir müddətdə qızıl həyəcanının atəşi ilə yanmışlar.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində qızıl axtaran artellər tədricən Rusiyanın şərq hissəsinə doğru irəlilədilər. Artıq Altayda, Yenisey tirəsində, Zabaykalyedə və Aldanda qızılın səpinti və ana yataqları aşkar edilmişdi. Lakin Asiyanın şimal-şərq hissəsi hələ də sirr olaraq qalırdı. Kolımanın qızıl yataqlarının açılması və istismarı tarixi bu sərt və heyrətamiz diyarın insan tərəfindən mənimsənilməsi tarixi oldu.
Rus geoloqu Eduard Anertin 1917-ci ildə qələmə alınmış və yalnız 1928-ci ildə nəşr olunmuş əsərində Uzaq Şərqdə müxtəlif faydalı qazıntılara aparılan axtarış, kəşfiyyat və istismar işlərinə yekun vurulur. Əsərdə ilk dəfə olaraq Yuri Rozenfeldin adı xatırlanır. Y.Y.Rozenfeld nə geoloq, nə də dağ mühəndisi idi. 1908-ci ildə o, Oxot dənizinin sahilindəki Ola və Kolıma çayı üzərindəki Seymçan qəsəbələri arasında əlverişli rabitə yolları axtarmaq üçün yola düşdü. Yüklərin Oladan Seymçana çatdırılmasına əvvəl də cəhd göstərilmişdi, lakin bu marş­rutun çox təhlükəli olduğu və baha başa gəldiyi məlum oldu. Rozenfeld müxtəlif marşrutlarla tayqanı keçib getdi, bəzi kiçik çayların axım istiqamətində sal üzərində onların aşağı hissələrinə endi. 1914-cü ilin baharında səfərlərinin birində o, Mixail Kanov, Sofey Qayfullin və Boriska ləqəbli Safi Şafiqullin adlı qızılaxtaranlarla tanış oldu. Onlar Seymçan qəsəbəsindən qərbə doğru Kolımada qızıl olması barədə artıq çoxdan gəzən şayiələri birlikdə yoxlamaq qərarına gəldilər. Çaya çatdıqda Rozenfeld sıldırımlı sahildə iki uzun kvars damarı aşkar etdi və onları Qorelovsk damarları adlandırdı. O, güman edirdi ki, kvarsın mövcudluğu burada qızıl filizinin olması ilə əlaqədardır.
Lakin müasir çay çöküntüləri yuyulan zaman bu rayonda, sonralar Ola qəsəbəsi yaxınlığında Buyunda çayı dərəsində olduğu kimi, yalnız kiçik qızıl dənələrini aşkar etmək mümkün oldu. Kanov və Şafıqullin Buyunda çayının yuxarı axınında qışlamaq qərarına gəldilər. Lakin Birinci Dünya müharibəsinin başlanması onların planını dəyişdirdi: Kanov Olaya yola düşdü, Şafiqullin isə Kolımayadək endi, dərə boyunca Srednekan çayının ağzına çatana qədər yavaş-yavaş irəliləyib, qızıl axtarışını davam etdirdi. Burada o, qışlaq tikdi və kiçik çayların birində, sonralar Boriskin adlandırılan çayda, nəhayət ki, yaxşı qızıl tapdı. Lakin qızılaxtaran ondan istifadə edə bilmədi...
1916-cı ilin payızında Srednekan dərəsindən keçib gedən maralsaxlayan yakutlar çoxlu ərzaq ehtiyatı olan kimsəsiz qışlağa rast gəldilər. Qışlaq sahibinin axtarışı onları kənarında Boriskanın oturmuş halda öldüyü şurfa gətirib çıxardı. Ayağının biri yarısoyunmuş vəziyyətdə idi, üzü narın qarla örtülmüşdü. Ehtimal ki, Boriska ayaqqabısını dəyişəndə onu səbəbi aydın olmayan ölüm haqlamışdı. Yanında içərisində qızıl olan torba vardı, deməli, soyğunçuluq olmamışdı. Ərzaq ehtiyatı isə hələ yarım ilə bəs edərdi. Maralsaxlayanlar Boriskanı elə həmin şurfdaca basdırdılar. Uzun müddətdən sonra, artıq 40-cı illərdə burada Boriskin mədəni yaradıldı.
1916-cı ildə Rozenfeld Kolımada qızılın axtarış və kəşfiyyatını aparacaq ekspedisiyanın təşkil edilməsi üçün maliyyə yardımı almaq ümidi ilə Petroqrada getdi. Lakin Geoloji Komitədə Kolımada qızıl ola bilməz, deyərək ona inanmadılar. Onda Yuri Yanoviç Vladivostoka yola düşdü və orada iş adamlarından kömək almağa cəhd göstərdi. 1920-ci ildə Uzaq Şərq Respublikasının müvəqqəti hökuməti bu ekspedisiyanın zəruriliyini qəbul etsə də, onu maliyyələşdirə bilmədi.
1921-ci ildə Rozenfeld xaricə getməli oldu, amma iki ildən sonra o, Rusiyaya qayıtdı və Zabaykalyedə volfram axtarışı ilə məşğul olmağa başladı. Kolıma qızılının kəşfiyyatı ideyası isə kağız üzərində qaldı. Yalnız 1923-1927-ci illərdə Oladan gələn qızılaxtaranlar qrupu, nəhayət ki, Srednekan çayı hövzəsində qızıl nişanələrini aşkar etdi, lakin yataqların hələlik heç biri açılmamışdı.
Elə bu zaman Rusiyada “Soyuzzoloto” Dövlət tresti təşkil edildi. Təzyiqlə üzləşən qızılaxtaranlar müəyyən mükafat əvəzində tapıntıları ilə bağlı bütün məlumatları bu trestə verməli oldular.
Asiyanın şimal-şərqində ilk geoloji tədqiqatlar 20-ci illərin ikinci yarısında aparılmışdır. Bu yerlərin mənimsənilməsində mühüm rol oynayan alimlərdən biri də S.V.Obruçev (1891-1965) olmuşdur. 1926-1927-ci illərdə o, İndiqirka çayı hövzəsini tədqiq etmiş, 1929-1930-cu illərdə isə Yakutskdan Nijnekolımska qədər olan ərazini keçib getmişdir. Göstərilən ekspedisiya nəticəsində bu regionun əsas çayları (Ayan-Yuryax, Emteqey, Detrin, Debin, Berelyox), onların çoxsaylı qolları, dağlar (o cümlədən iri Çersk dağ silsiləsi) və ayrı-ayrı zirvələr ölkə xəritəsində öz əksini tapdı. 1929-cu ildə Obruçevin dəstələrindən biri - geodezist Konstantin Salişevin rəhbərlik etdiyi dəstə Berelyox çayının sağ qolu olan kiçik Çay-Yuryuy çayının vadisi boyunca hərəkət etdi.
Çay məcrasında qumların yuyulması zamanı qızıl alınmadı. Obruçev bunu filiz mənbələri sayılan qranit massivlərinin olmaması ilə əlaqələndirdi. Lakin 1936-cı ildə burada ovuntulu çöküntülərin kəşfiyyatını apararkən geoloq Zinaida Arabey Kolımanın ən zəngin qızıllı səpintisi olan və ölkəyə yüz tonlarla qiymətli metal verən Çay-Yuryuy səpintisini kəşf etdi. Süxurların qızıllılığının təkcə onların təknədə yuyulması üsulu ilə yoxlanılması dövründə səpintilərin bu cür “gözdən qaçması” qaçılmaz idi. Buna baxmayaraq Obruçevin ekspedisiyası başqa kiçik çaylarda çoxsaylı qızıl təzahürləri aşkar etdi. Alim belə bir nəticəyə gəldi ki, bu yerlərdə bir çox qızıllı rayonlar vardır.
1928-ci ildə “Soyuzzoloto” tresti Leninqraddakı Geologiya Komitəsi ilə Kolımaya göndəriləcək müştərək geoloji-kəşfiyyat ekspedisiyasının təşkili barədə razılığa gəldi və onun maliyyələşdirilməsini öz boynuna götürdü. Ekspedisiyaya geoloq Y.A.Bilibin (1901-1952) rəhbərlik edirdi. Əvvəllər o, Rozenfeldin məlumatları ilə tanış olmuşdu və bu diyarın tədqiq edilməsində maraqlı idi.
Ekspedisiya bir-iki ilə nəzərdə tutulmuşdu, onun məqsədi Kolımanın qızıllılığı haqqındakı məlumatların yoxlanılması və onun sənaye əhəmiyyətinin qiymətləndirilməsi idi. Bilibinin Birinci Kolıma ekspedisiyası 1928-ci ilin avqustunda işə başladı. Sentyabrda kəşfiyyatçılar Srednekan çayının mənsəbinə çatdılar və çay boyunca yuxarıya qalxdılar. Burada onlar qızılaxtaranların vəhşi əməllərinin nəticələrinin şahidi oldular: hər yerdə dərin çalalar qazılmış və onlardan qızılla daha zəngin olan qumlar çıxarılmışdı. Ekspedisiya iştirakçılarının tapdığı qızılla zəngin birinci rayon Utina çayı hövzəsi oldu. Axtarış aparan Sergey Rakovski çay axını boyunca yuxarı qalxanda qızılın miqdarının daim artdığını gördü.
Bəzən qruntun elə birinci yuyulmasından sonra təknədə 2 qrama qədər metal qalırdı. Utinoy çayının məcrası ana süxurların çıxıntılarını-“şist fırçası”nı kəsirdi. Burada Rakovski çay suyunda tutqun görünən bir qutu kiçik külçə topladı. Aydın oldu ki, burada səpinti qızılın əsl yatağı yerləşir. Bundan əlavə, Rakovski qiymətli metal saxladığı aydın görünən böyük qalınlıqlı kvars porfır daykası tapdı. Bilibin 1929-cu ildə Moskvaya qayıdıb, SSRİ hökumətinə Kolımanın səpinti qızıl yataqlarının istismarı zamanı ölkədə bu metalın hasilatının təxminən dörd dəfəyədək arta bilinməsi haqqında yazılı məlumat təqdim etdi.
1930-cu ildə Bilibinin İkinci Kolıma ekspedisiyası Kolımaya yola düşdü. Ekspedisiyada adları uzaq diyarda indi də böyük ehtiram və qürurla çəkilən gənc geoloqlar - B.İ.Vronski, Y.T.Şatalov, M.Q.Kotov və başqalan iştirak edirdilər.
Axtarış partiyaları və dəstələri Kolımanın yuxarı axınının müxtəlif rayonlarında işləyirdi. Bu dəfə geoloqlara təkcə qızıl deyil, həmçinin gələcəkdə regionun mənimsənilməsi üçün zəruri olan digər faydalı qazıntıların da axtarılması tapşırıldı. Onların əməyi sayəsində Tenka, Omçak, Berelyox, Debin və başqa çayların hövzələrində çox iri yataqlar açıldı. Həmin il hökumətin qərarı ilə Uzaq Şərqin Baş Tikinti İdarəsi -“Dalstroy'' təşkil olundu. Trestə E.P.Berzin rəhbərlik edirdi. Geoloqlar məhz ondan öyrəndilər ki, Kolımanın müvəffəqiyyətlə mənimsənilməsi və yataqların istismarı üçün hökumət burada böyük islah-əmək düşərgələri yerləşdirməyi planlaşdırır.
Berzin mütəxəssislərin səpinti yataqlarda qızıl hasilatının perspektivliyi proqnozlarına inamsız münasibət bəsləyirdi və hesab edirdi ki, ana yataqlar istiqamətində işləməyə daha çox üstünlük verilməlidir. Ona görə də Srednekan daykasına xüsusi diqqət verilirdi. Bu daykanın ayrı-ayrı hissələri üçün qızılın yüksək miqdarı səciyyəvi olsa da, onun ümumi ehtiyatı böyük deyildi. Bilibin dönə-dönə Rozenfeldin Qorelovsk damarlarına həsr olunmuş yazılarına müraciət edirdi. Onun təkidilə “Dalstroy”un rəhbərliyi tədqiqatçı tapdı və gəlib bu damarları göstərməyi xahiş etdi, çünki onların yerləşdiyi yerlər kifayət qədər qeyri-müəyyən təsvir olunmuşdu. 1934-cü ilin yayında Yuri Yanoviç axtarış partiyasının tərkibində Qorelovsk damarlarına gəlib çatdı, ancaq onları o saat tanıya bilmədi. Kvars damarları Kolıma aşırımında indi tamamilə başqa cür görünürdü: onlar güclü deformasiyaya uğramışdı.
Üstəlik, aparılan yoxlamalar bu damarlardan götürülən nümunələrdə metalın olmadığını göstərdi. Rozenfeld belə fərziyyə irəli sürdü ki. 1916-cı və 1934-cü illər arasında bu rayonda geoloji kataklizmlər baş vermiş və çay şəbəkəsi tamamilə yenidən qurulmuşdur. “Dalstroy”un əməkdaşları bilərəkdən məlumatları gizlətməkdə tədqiqatçıdan şübhələndilər və o, beş il müddətinə islah-əmək düşərgələrinə məhkum edildi. Azad edildikdən sonra Yuri Yanoviç Orotukanda kollektor kimi işləməyə başladı. Bir qış günü naməlum adamlar tərəfindən qarət edildi və öldürüldü.
Demək olar ki, bütün həyatını Kolımada qızıl axtarışının zəruriliyini sübut etməyə sərf edən adam belə mənasızcasına həlak oldu. Ancaq Qorelovsk damarlarının ümumi görünüşünün dəyişməsi səbəbləri sadə idi: 18 il ərzində Kolıma çayı sahili yumuş və o uçmuşdu. “Dalstroy” bu damarlara Srednekan daykasına olduğu kimi, böyük ümidlər bəslədiyi üçün ekspedisiyanın rəhbəri Bilibinə qarşı xüsusi iddialar irəli sürdü. Meydana çıxmış fikir müxtəlifliyi üzündən Bilibin Kolımanı tərk etmək məcburiyyətində qaldı.
Lakin başqa axtarış partiyaları artıq aktiv fəaliyyəti genişləndirmişdilər və Kolıma diyarının mineral ehtiyatları xəritəsində onlarla səpinti qızıl yatağı göstərilmişdi. Onları tez bir zamanda istismar etməyə başladılar.
Bu,“Dalstroy”un rəhbərliyini bir qədər sakitləşdirdi. O, hətta çöl geoloji partiyalarının və dəstələrinin tərkibində işləmək üçün islah-əmək düşərgələrində yuyucuların, kollektorların və kiçik texniklərin hazırlanmasını təşkil etmək üçün qərar qəbul etdi.
Qızılla bağlı aparılan kəşfiyyat işlərinin qeyri-adi mürəkkəb geoloji şəraitdə həyata keçirilməsi yataqların açılmasını çox yubadırdı. Bu baxımdan Kolımanın iri sağ qolu olan Tenke çayı dərəsinin mənimsənilmə tarixi çox səciyyəvidir. İlk dəfə bu çay 1929-cu ildə Obruçevin ekspedisiyasında işləmiş geodezist K.A.Salişev tərəfindən xəritəyə köçürülmüşdür. Onu tədqiq edərkən yuyucular şlixdə cəmi iyirmiyə yaxın qızıl dənəsi aşkar etmişdilər. 1931 - 1932-ci illərdə axtarış partiyaları yenidən Tenkenin qızıllı olduğunu təsdiq etdilər, ancaq yatağın sənaye əhəmiyyəti aydınlaşdırılmamış qaldı və yalnız 1940-cı illərdə dərin şurflarda zəngin səpinti qızılı aşkar edildi.
Daha iki il sonra, artıq İkinci Dünya müharibəsi dövründə geoloq N.Karpenko Omçak və Natalka çaylarında qızıllı filiz damarları aşkar etdi. Beləliklə, bu dəfə də qızıl filizinin və qızılın səpinti yatağının açılmasına on ildən çox vaxt tələb olundu.
1945-ci ildə burada mədən təşkil olundu və mədən-zənginləşdirmə fabriki tikildi. Müharibədən sonra Tenkeyə indi də işləyən draqalar - yerqazan maşınlar gətirildi. Bəzi geoloqlar qızılla yanaşı, başqa faydalı qazıntılar da tapdılar. Məsələn, 1935-ci ildə B.İ.Vronskinin geoloji partiyası Emteqey çayının hövzəsində qiymətli metal axtarırdı. Yuyucuların təknəsində qızılın nadir “nişanələrilə” birlikdə gözlənilmədən şlak parçalarına bənzər qəribə qırıntılar - yeraltı yanğın zamanı yanmış daş kömürün hissəcikləri göründü. Geoloqlar Myaunca və Arkaqala çaylarının birləşdiyi yerə çatdıqda seçim qarşısında qaldılar:
Myaunca boyunca qızılın, Arkaqala boyunca isə kömürün “nişanələri” aydınca görünürdü. Geoloqlar əvvəlcə metalla əlaqədar olan işi sona çatdırıb, sonra Arkaqalanın ağzına qayıtdılar və onun dərəsi boyunca yuxarıya doğru irəlilədilər. Tezliklə çayın hər iki sahilində iri kömür parçaları görünməyə başladı.
Nəhayət aşırımların birində onlar qalınlığı bir metr yarım olan enli qara zolaq gördülər. Bu, Arkaqala yatağının kömür laylarının başlanğıcı idi. Rayonun sonrakı təd­qiqatı göstərdi ki, burada kömürün qalınlığı 6 metrədək olan daha qalın layları mövcuddur. 1938-ci ildə yataqda birinci elektrik stansiyası işə düşdü, sonralar burada Kolıma diyarının, demək olar ki, hamısını elektrik enerjisi ilə təmin edən Arkaqala Dövlət Rayon Elektrik stansiyası tikildi. Həmin rayonda daş kömürlə eyni vaxtda qalay təzahürləri də aşkar edildi.

“Yer və İnsan”