Onbirillik təhsil konsepsiyasının banisi

Şalva Amonaşvili: " Biz onun nüfuzedici və mehriban baxışlarının təsiri altında idik"


Böyük insanların həyat yolu illər, qərinələr, əsrlərlə ölçülür. Əslində, bütün həyatını öz ölkəsinin tərəqqisi naminə sərf etmiş tarixi şəxsiyyətlərin ömür yolu zamana sığmır. Öz əməlləri, yaradıcı dühası, istedad və qabiliyyəti, uzaqgörən dövlətçilik səriştəsi ilə milyonlarla insanın hafizə və yaddaşında silinməz izlər qoyan ümummilli lider Heydər Əliyev kimi. 50 il əvvəl, 1969-cu ildə ilk dəfə hakimiyyətə gələn Heydər Əliyevin dövlət idarəçilik qabiliyyəti onu tezliklə bir respublika miqyasından çıxararaq, dünyanın superdövlətinin rəhbərliyinə apardı.
Dahi liderin SSRİ kimi superdövlətin rəhbərlərindən biri olaraq fəaliyyətinin mühüm hissəsi təhsillə bağlı olub. Keçmiş SSRİ-nin vətəndaşları olan milyonlarla insan üçün Heydər Əliyev həm də ötən əsrin 80-ci illərində ölkənin təhsil strategiyasının əsas banilərindən biridir. Çoxları bəlkə də bilmir ki, 80-ci illərdə SSRİ-də təhsil islahatlarının əsasında Heydər Əliyevin hazırladığı strateji xətt dururdu. Məhz Heydər Əliyev sovet məktəb sisteminin islahatlarına dair dövlət komissiyasına rəhbərlik edib. Məhz bu komissiyanın qərarı ilə bütün ittifaq respublikalarında 6 yaşlılar məktəb həyatına qədəm qoydu.
1984-cü il yanvarın 4-də komissiya tərəfindən hazırlanmış "Ümumi təhsil və peşə təhsili məktəbində islahatların əsas istiqamətləri" barədə Sovet İttifaqı Kommunist Partiyasının MK-nın layihəsi mətbuatda dərc edilib. Məktəb islahatının müəllifi və kuratoru Heydər Əliyev idi. Bir neçə ay sonra orta təhsilə dair qanun layihəsi qüvvəyə minib. Pedaqoji kadrların hazırlığının təşkili və məktəbəqədər tərbiyə sistemində başqa dəyişikliklərə dair məsələlər 12 aprel 1984-cü il tarixdə mətbuatda öz əksini tapmışdı. Bu layihəyə dair Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 5 qətnaməsi (№313-317) dərc edilmişdi, onlara müəllimlərin əməkhaqqının artımı və sosial həyat şəraitinin yaxşılaşdırılmasına dair №318 saylı qətnamə də əlavə olunmuşdu. Ümummili liderin rəhbərlik etdiyi komissiyanın hazırladığı qanun layihəsinə görə, sovet məktəbində ümumu təhsilin birinci ibtidai təhsil mərhələsi 7 yaşdan deyil, 6 yaşdan başlanırdı. Orta ümumtəhsil səviyyəsi 10 ildən 11 ilə qədər artırılırdı. Tezliklə məktəblərdə yeni fənlərin tədrisinə star verildi. Kompüter texnikası və proqramlaşdırmanın əsasları tədris olundu, məktəblər üçün kütləvi surətdə sovet istehsalı olan fərdi kompüterlər alındı. İslahat məktəbin ictimai və müəllim peşəsinin nüfuzunu qaldırdı. Təhsilin idarəedilməsi strukturu dəyişməyə başlamışdı. Heydər Əliyevin rəhbərlik etdiyi islahat proqramı SSRİ-də 1989-cu ilə qədər 7 milyon şagird yerlik məktəb binalarının və 800 peşə-texniki məktəb binasını tikintisini nəzərdə tuturdu.
Heydər Əliyevin ideya və iradəsinin məhsulu olan sovet məktəb islahatlarını həyata keçirən dövlət komissiyasının üzvlərindən olan, hazırda Beynəlxalq Hümanist Pedaqogika Akademiyasının rəhbəri , azərbaycanlı müəllimlərin dostu olaraq adlandıra biləcəyimiz professor Şalva Amonaşvilinin ulu öndərlə bağlı "Azərbaycan müəllimi"nə verdiyi və heç yerdə səsləndirmədiyi fikirləri oxuculara çatdrırıq:
"O, çox görkəmli şəxsiyyət idi. Yadımdadır, Sov.İKP MK-da ölkədə təhsil islahatlarına dair komissiya yaradılmışdı və mən təhsil komissiyasının üzvü idim. Biz 6 yaşlıların ümumi təhsil sisteminə keçidinə başlanması ilə bağlı məsələləri müzakirə edirdik. Komissiyanın həmsədri Heydər Əliyev idi. Mən bir neçə dəfə komissiyanın iclaslarında iştirak etdim. Heydər Əliyev komissiyanın bütün iclaslarında iştirak edirdi. O, hər bir komissiya üzvünə yaxınlaşar, əlimizi sıxardı. Biz onun nüfuzedici və mehriban baxışlarının təsiri altında idik. Onun xeyirxahlığını hiss edirdik. Onun söhbətləri çox maraqlı idi. Digər MK üzvlərindən çəkinə bilərdin. O isə gülümsəyirdi... Özümüzü sərbəst hiss edirdik, heç bir qorxu və həyəcan hissi yox idi. Hər şey normaldır. Onunla asanlıqla ünsiyyət saxlamaq olurdu. O, hər birimizlə dostcasına rəftar edirdi. Mən bu xoşbəxt anları hələ də varlığımda saxlayıram. Mən çox xoşbəxtəm, bu barədə indi dostlarıma da deyirəm, Sovet İttifaqının dağılmasından sonra cəmi 2 lider qaldı ki, öz ölkələrinin gələcək inkişafını təmin edə bildilər. Onlardan biri Heydər Əliyev, digəri Nursultan Nazarbayev idi. Məhz ona görə də Heydər Əliyev xalqın ümummilli lideri zirvəsinə yüksəldi".
Şalva Amonaşvili qeyd edir ki, 80-ci illərdə bir çoxlarının şübhə ilə yanaşdığı humanist pedaqogika ideyalarına sovet liderlərindən dəstək verən də məhz Heydər Əliyev olub.


Oruc MUSTAFAYEV