Ukrayna və Polşa arasında gərginliyi azaldan Davos görüşü
Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Andjey Duda Davosda görüşüblər.
Zelenski teleqram səhifəsində görüşdə ikitərəfli münasibətlərin, xüsusən də Ukraynanın Avropaya inteqrasiyası yolunda qarşılıqlı fəaliyyətin müzakirə edildiyini yazıb.
“Biz öz mövqelərimizi NATO-nun Vaşinqton sammiti ərəfəsində əlaqələndirmişik. Döyüş meydanındakı vəziyyət barədə məlumat verdim. Biz ölkəmizə gələcək müdafiə dəstəyini də müzakirə etdik”, - deyə Zelenski vurğulayıb.
“Prezident Volodimir Zelenskini əmin etdim ki, Ukrayna ilə bağlı siyasət sabit qalacaq, bu, hər zaman dəstək siyasəti olacaq”, - deyə Duda görüş barədə deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Polşanın yeni Baş naziri Donald Tusk Kiyevə səfər edəcək.
Duda əlavə edib ki, Polşa hökuməti ilə birlikdə Ukraynaya qarşı yaxşı siyasət apara biləcəyinə inanır.//Azərtac