Pakistanda havanın təmizlənməsi üçün süni yağış yağdırılıb
Pakistanın Lahor şəhərində havanın çirklənməsi kritik səviyyəyə çatıb. Fövqəladə ekoloji vəziyyət səbəbindən hakimiyyət orqanları məktəbləri, parkları və bazarları bağlamalı olub.
Problemin həllindən ötrü süni yağış əmələ gətirmək qərarı verilib. Bunun üçün şəhərin 10 rayonu üzərinə gümüş yodid səpilib və bu, rütubətin kondensasiyası prosesini sürətləndirərək yağıntılara səbəb olub.
“The Guardian” yazır ki, bu, havanın çirklənmə səviyyəsinin 300 mkq/kubmetrdən 189 mkq/kubmetrədək azalmasına kömək edib. Hakimiyyət orqanları bu üsulu uğurlu adlandırıblar, lakin yağıntının həcmi onları qane etməyib. Bundan başqa, çirklənmənin əvvəlki göstəriciləri artıq iki gün sonra geri qayıdıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqında hesab edirlər ki, iqlimə buna bənzər müdaxilələr vəziyyəti yalnız pisləşdirə, temperatur daha isti, hava isə daha çirkli ola bilər.
Lahor son 10 ildə yaşıl örtüyünü 75 faiz itirib. Hazırda Lahorun əhalisi 13 milyon nəfərdən çoxdur, şəhər özü isə dünyanın ən çirkli şəhərləri sırasındadır. Alimlər tezliklə şəhərin həyat üçün yararsız olacağını vurğulayırlar.//Az.rtac