“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Bu gün saat 17:00 radələrində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
ASCO-dan bildirilib ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
ASCO rəhbərliyi və kollektivi həmkarlarının faciəvi ölümünə təəssüflənir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.