Müxtəlif dövlətlərin başçıları əsrlər boyu indiki Ermənistan ərazisini Azərbaycan adlandırıb

Öz dövlətində ən geniş hakimiyyət səlahiyyətlərinə malik olan siyasətçi müharibəni uduzduqdan, ənənəvi müttəfiqlərinin dəstəyini itirdikdən və yenilərini tapa bilmədikdən sonra necə davranmalıdır? Cavab düzdür! Siyasi yolla öz ölkəsinin təhlükəsizliyini maksimum dərəcədə təmin etməli və qonşuları ilə, ilk növbədə də, bir müddət əvvəl savaşdığı ölkə ilə münasibətləri normallaşdırmalıdır. Bəs Nikol Paşinyan indiki vəziyyətdə nə edir? O, sülh müqaviləsinin imzalanmasını bacardığı qədər yubatmağa çalışır. Azərbaycana qarşı bir-birindən absurd bəhanələr uydurur. Bu dəfə o yenisi icad edib: deyir, amandır, qoymayın, Azərbaycanın prezidenti Ermənistanı “Qərbi Azərbaycan” adlandırır!
Paşinyanın problemi ondadır ki, bugünkü Ermənistanın yerləşdiyi torpaqlar 19-cu əsrin ortalarına qədər Azərbaycan adlanırdı. Daha dəqiq desək, böyük tarixi Azərbaycanın bir hissəsini təmsil edirdi. Hələ 18-ci əsrdə rus zabiti və Rusiya İmperiyasının Gürcüstandakı nümayəndəsi S.D.Burnaşev yazırdı:
“...Azərbaycanın İrəvan və Gəncə şəhərlərində onların torpaqları ilə....” (orijinal - "… Ардибижанскихъ городахъ Эривани и Генже с ихъ землями…"). Ardınca isə yazırdı:
“İndiki vəziyyətinə görə, Azərbaycan adı ilə tanınan torpaqların şimalında Gürcüstan – yəni Kaxetiya və Kartli Krallıqları yerləşir (hərçənd bunlar da öncələr Azərbaycan torpaqları kimi tanınırdı); şərqdə Xəzər dənizi və Gilan vilayəti, cənubda Arak, qərbdə isə Türkiyə”. Maraqlıdır ki, Burnaşev öz hesabatlarında Rusiya çarına bildirirdi ki, Cənubi Qafqazda Azərbaycan (10 xanlıq) və Gürcüstan yerləşir.
I Pyotr öz 12 iyun 1724-cü il tarixli fərmanında “Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və başqa Azərbaycan əyalətləri” cümləsini işlədib.
İmperator II Pyotrun 1727-ci il tarixli fərmanında isə “Kür və Araz arasında olan bütün məkan, yəni Azərbaycan” qeyd olunur.
Eləcə də, 1799-cu ildə Rusiya imperatoru I Pavelin Xarici İşlər Kollegiyasına ünvanladığı fərmandan bir parça: “...Osmanlı imperiyası ilə həmsərhəd olan Azərbaycan vilayətində... xüsusi xanlar tərəfindən idarə olunan torpaqlar mövcuddur: Gəncə, İrəvan, Xoy, Qarabağ, Təbriz və başqaları...”
Yəni rus çarları bu torpaqları - bugünkü Ermənistan ərazilərini - başqa cür yox, məhz Azərbaycan olaraq adlandırırdılar! Ola bilsin ki, həmin dövrdə rus dilində bu coğrafi adın yazılışı tam oturuşmamışdı və bəzən “Adrebican”, “Aderbaycan” kimi yazılırdı, lakin “Azərbaycan” sözünü tanımamaq mümkün deyil. Və bu söz heç bir halda “Ermənistan” kimi səslənmir.
Bunu yalnız tarixi mənbələr deyil, həm də xəritələr sübut edir. Üstəlik, yalnız rus deyil, Britaniya, Almaniya və digər ölkələrin xəritələrində də XVIII və XIX əsrin əvvəllərində bugünkü Ermənistan əraziləri Azərbaycan kimi qeyd olunub.
Bu, tarixi həqiqətlə tam uyğun gəlir. Məlumdur ki, XIX əsrin ilk rübünə qədər bugünkü Azərbaycan və Ermənistan ərazisində 10 Azərbaycan xanlığı mövcud idi: Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan...
Öz ərazilərini cənuba və cənub-qərbə doğru plana uyğun şəkildə genişləndirən Rusiya imperiyası bəzən güc hesabına, bəzən də diplomatiya yolu ilə həmin xanlıqları öz nəzarətinə götürürdü (və heç də hər zaman bunu sülh yolu və ya xanlıqların könüllü razılığı ilə etmirdi). 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra isə İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə Osmanlı imperiyasından və İrandan etnik erməniləri köçürməklə burada öz “xristian forpostunu” yaratmağa başladı.
I Nikolay hətta burada öz “erməni vilayətini” yaratmağa cəhd etmişdi. Amma 1840-ci ilə aid bu qərarı sonradan ləğv etməli oldu. Bununla belə, köçürmə siyasəti davam edirdi və Azərbaycan torpaqlarında yaşayan ermənilərin sayı artmağa başladı, azərbaycanlıları isə həmin ərazilərdən plana uyğun surətdə sıxışdırıb-çıxarırdılar. Nəticədə, 1918-ci ildə Cənubi Qafqazda müstəqil Ermənistan elan etmək imkanı yarandı ki, sonradan beləcə onu Sovet İttifaqı tərkibində Ermənistan SSR-ə çevirdilər.
Necə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” olaraq iki hissəyə bölündü, eləcə də, İrəvan xanlığının torpaqlarında Ermənistanın yaradılması "Qərbi Azərbaycan" anlayışına ehtiyac yaratdı. Ermənistandan əvvəl belə bir anlayış yox idi – bu, ayrılmaz bir tarixi Azərbaycan idi, şərqə və qərbə bölünməmiş halda. Bu, bir daha vurğulayaq ki, tarixi həqiqətdir. Elə bir həqiqət ki, Ermənistan hakimiyyəti öz xalqını ondan uzaq tutmağa çalışır.
Bu hal elə erməni alimlərinin türk arxivlərində işləməsinə qadağa qoyulması qəbilindəndir. Xatırladaq ki, məhz Türkiyə - ilk ölkələrdəndir ki, öz arxivlərini, o cümlədən, kifayət qədər həssas dövrə - Birinci Dünya Müharibəsi dövrünə aid arxivləri açaraq, onları əlçatan edib. “Erməni mövzusu” üzrə kəmiyyət baxımından ən böyük sənədlər məhz Türkiyədə toplanıb. Lakin Ermənistan hakimiyyəti, o dövrdə Serj Sarkisyanın rəhbərliyi ilə erməni alimlərin bu arxivlərdə işləməsinə qadağa qoymuşdu. Bununla isbat olundu ki, Ermənistan rəhbərliyi tarixi həqiqətə ehtiyac duymur və erməni xalqını bu həqiqətdən uzaq saxlamağı üstün tutur. Deyirlər, “Qoy bu məsələdə cahil qalsın və elə hesab etsin, Azərbaycan torpaqlarında mövcud olmuş İrəvan xanlığının ərazisində yaradılmış Ermənistan “tarixən erməni torpağı” olub.
Hərçənd söhbət təkcə “Qərbi Azərbaycan” termininə reaksiyadan getmir. Bu barədə çox danışılıb, bununla belə, xatırlatma verməyi özümüzə borc bilirik: İrəvanda Göy məscidi çıxmaq şərtilə bütün tarixi binalar faktiki olaraq məhv edilib. Onlar Ermənistanın indiki paytaxtının tarixi Azərbaycan şəhəri olmağını açıq-aşkar büruzə verirdi.
Tarixi toponimləri faktiki olaraq tamamilə xəritədən silmişdilər. Zəngi çayını “Razdan”a, Arpaçayı - “Axuryan”a, Göyçə gölünü “Sevan” döndərdilər... Ermənistan yeganə ölkə idi ki, SSRİ-nin süqutundan sonra “dekommunizasiya” dalğasına rəğmən, şəhər və kəndlərə öz tarixi adlarını qaytarmırdılar - məhz ona görə ki, orijinal adları türk mənşəli idi. Hətta erməni məmurlar belə gileylənirdilər: onlar yeni erməni adları uydurmaqdan cana-boğaza yığılmışdılar.
ABŞ-də iyirmidən çox ştatın, ən böyük çayların, göllərin, dağların hind adlarını daşımasına, bir zamanlar Meksikanın tərkibində olmuş ərazilərdə ispan mənşəli toponimlərin, Fransadan alınmış Luizianada isə fransız mənşəli adların geniş yayılmasına həmişə normal yanaşılıb və yanaşılır da. Lakin Ermənistanda türk toponimlərinin xatırlanması belə bəzi dairələrdə hay-həşirə səbəb olur. Bir neçə il əvvəl Ermənistanda böyük qalmaqal yaşanıb: bəzi "narahat vətəndaşlar" tarix dərsliklərində Stepanavan şəhərinin Cəlaloğlu, Spitakın isə Hamamlı adlandırıldığını aşkarlamışdılar. Bunun ardından açıq isterik reaksiyaların ardı-arası kəsilmədi – “bu necə olur , erməni dərsliyində türk toponimləri yer alır!”
İndi də Paşinyan bu estafeti öz üzərinə götürüb və Prezident İlham Əliyevin Ermənistanı Qərbi Azərbaycan adlandırmasından hiddətlənibmiş. Ermənistan baş nazirinə xatırladırıq ki, təkcə Azərbaycanın dövlət başçısı yox, başqa dövlətlərin də başçıları əsrlər boyu Ermənistanı indiki Azərbaycan və ya Azərbaycan xanlığı adlandırıb.
Məgər Paşinyanın öz xalqına, ölkəsinə bütün keçmiş iki min toponim və hidronimi qaytarması ədalətli olmazdımı, necə ki bunu bütün 14 postsovet ölkələri etmişdi. Bunun əvəzində isə İrəvan qalasının mərkəzində yerləşən Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edirlər, Qarabağ məscidlərində donuz saxladıqları kimi. Sivilcəsinə addım atıb, xalqa öz tarixini qaytarmaq, ermənilər üçün zorla saxlanan qara ləkələri aradan qaldırmaq yaxşı olmazdımı?
Bu, aydın məsələdir ki, bu, xalqı tarixi həqiqətdən zorla uzaqlaşdırmaq siyasəti, qonşu ölkələrin ərazilərinə qarşı təcavüz və işğal planları ilə bağlıdır. Beləliklə, Ermənistan, Paşinyanın iddia etdiyi kimi, "dünyanın kəsişmə nöqtəsi" deyil, bir dalandır.//Trend
Fuad Axundov
politoloq