QƏDİM KƏLBƏCƏR BÖLGƏSİNDƏ MİLLİ TOPONİMİK ADLARINCOĞRAFİ ŞƏRAİTİLƏ ASILILIQ PRİNSİPLƏRİ

A.T.Haqverdiyev, M.O.Təhməzov

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

 

Müasir Kəlbəcər bölgəsi coğrafi mövqeyinə və potensial ehtiyatlarına görə Azərbaycanın ən qədim və milli tarixi abidələrə malik dağlar diyarı kimi xarakterizə olunur. Səth quruluşunun əksər sahələrində dəniz səviyyəsinin hündürlüyü 3000-3700 metr arasında dəyişir. Dağlıq sahələrin geomorfoloji cəhətdən müasir coğrafi sistemində qəbul olunmuş alçaq, orta və yüksək dağlıq təsnifat bölgəsinə tam uyğun şəkildə formalaşmışdır. Relyefin bu kimi differensial xarakterli inkişaf dinamikası eyni zamanda müasir landşaft komplekslərinin hündürlük zonallıq və üfüqi zonallıq prinsiplərinə tabeli formada inkişafına şərait yaratmışdır. Yəni relyefin mütləq yüksəkliyi ilə müasir landşaft komplekslərinin struktur-ərazi və şaquli qurşaqlıq differensiasiyası qanunauyğunluğun qarşılıqlı tabeli və qarşılıqlı asılılıq prinsipləri əsaslı rol oynamışdır. Ərazinin 500 metrə kimi olan sahələri alçaq dağlığın quru -çöl, meşə - çöl landşaftları, 2000 metr yüksəklikləri arası orta dağlığın meşə-çəmən landşaftı, 2000-2500 metr arası yüksək dağlıq seyrək meşəli yüksək dağ çəmənlikləri (subalp, alp), 2500-2700 metr arası yüksək dağlığın “lokal” şaxtalı-qarlı nival landşaftı kimi xarakterizə olunur.
Rayonun tarixi-coğrafi təkamül dinamikasına dair klassik ədəbiyyat materiallarının qısa təhlili göstərir ki, müasir Kəlbəcər rayonunun ərazisi qədim Cavanşir qəzasının tərkibində olmuşdur. Əslində Cavanşir qəzasının ərazisi isə özlüyündə XII-XIII əsrlərdə Qarabağın dağlıq hissəsində formalaşmış qədim Xaçın knyazlığının ərazisini əhatə etmişdir. Lakin 1220-ci illərdə monqol tayfaları hücum edərək Xaçın knyazlığını öz tabeliyinə almışdır. Nəhayət, 1921-ci illərdə Qarabağ quberniyası yaradıldıqdan sonra Kəlbəcərin bütün əraziləri Cavanşir quberniyasına daxil olmaqla Gəncə quberniyasının tərkibində saxlanılmışdır.
Azərbaycan Respublikasında digər dağlıq ərazilərə nisbətən Kəlbəcər bölgəsinin relyefi olduqca mürəkkəb quruluşludur. Burada relyefdə aydın seçilən Murovdağ silsiləsi Kiçik Qafqazın Şahdağ silsiləsinin davamı olaraq Gəncəçayın, Kürəkçayın, İncəçayın və Tərtərçayın Suayrıcı hissəsini əhatə edir. Kiçik Qafqazın ən yüksək dağ zirvələri -Gamışdağı (3724m), Murovdağı (3420m), Qoşqar dağı (3381m), Kəpəz dağı (3065m) relyefdə aydın seçilən morfostrukturlar hesab olunur.
Həqiqətən Kəlbəcər bölgəsi olduqca zəngin və qiymətli faydalı qazıntıları ilə seçilir. O cümlədən qızıl, xromit, volfram, molibden, mis, qurğuşun, civə, gümüş kimi nadir elementlərin tükənməz ehtiyatları mövcuddur. Tarixən bu kimi faydalı qazıntı ehtiyatlarına görə Kiçik Qafqaz Azərbaycanın “Uralı” hesab olunur.
Kəlbəcər rayonu tarixi-coğrafi təkamül inkişaf mərhələlərinə görə hələ XIX əsrdə Qarabağda mövcud olmuş Cavanşir qəzasına məxsus Xaçın knyazlığının nəzdində formalaşmışdır. Hətta tarixi mənbələrdə göstərilir ki, tarixən monqol hökmdarları çox vaxt yay aylarında Kəlbəcərin yam-yaşıl, füsunkar, uca dağ yaylaqlarında dincəlməyə üstünlük veriblər. Lakin hazırda uzun illər erməni vandallarının ədalətsiz olaraq zəbt etdikləri məşhur ceyran bulaqlı Taxtaqızı, Qaraarxac meydanı, dahi şairimiz Səməd Vurğunun vəsf etdiyi Kəklikli qayası, tarixi Sarı yer yaylağı bütün varlığı ilə əbədi sahibi olan Kəlbəcərlilərin seyrangahına çevrilmişdir.
Azərbaycanın ayrılmaz və əbədi coğrafi çərçivəsinə daxil olmuş Kəlbəcər rayonu 1980-ci illərdə ayrıca şəhər statusu almışdır. Vaxtilə rayonun 80 mindən çox əhalisi olmuşdur. Dünya şöhrətli məşhur İstisu Beynəlxalq Sanatoriyası bu bölgədə şəfa tapmışdır.
Kəlbəcərin ümumi coğrafi şəraiti, xüsusilə relyefin orogeomorfoloji quruluşu olduqca girintili-çıxıntılı və mürəkkəbdir. Şimal-şərq tərəfdən Kəlbəcəri çərçivəyə alan Murovdağ silsiləsi Kiçik Qafqazın cənub-şərq sipəri Şahdağ-Murovdağ silsiləsinin davamıdır. Relyefin ən yüksək zirvəsi ümumi geoloji aspektdə Qarabağ-Şamxed silsiləsinə daxil olan Gamışdağ zirvəsidir (3724m).
Lakin morfostruktur baxımından bu dağ silsilələri eyni adlı Şahdağ antiklininə uyğun gəlir. Bütövlükdə tarixi-coğrafi baxımdan qədim Qarabağ Vulkanik yaylası kimi tanınan bu ərazilırin geoloji mənşəyi vulkangen, vulkanogen-çökmə, çökmə mənşəli Yura, Təbaşir, Paleogen yaşlı çöküntülərdən təşkil olunmuşdur.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə qədim Qarabağ, o cümlədən onun tərkib hissəsi olan dağlar diyarı kimi şöhrət tapmış Kəlbəcərin relyefi və onun fonunda formalaşmış müasir landşaft komplekslərini və onların yaratdığı təbii ekosistemləri təkrar olunmazdır. Xüsusilə Kəlbəcər bölgəsinin su arteriyası sayılan Tərtərin yuxarı hövzəsində dördüncü dövr lavaları özlərinə məxsus rəngarəng mənzərəli vulkan mənşəli landşaftlar əmələ gətirmişdir. Çünki sarmaq dövründə Kəlbəcərdə baş vermiş tektonik qalxmalar öz növbəsində də ümumi landşaft örtüyündə və onun struktur-ərazi differensiasiyasının təkrarlanmasında müvafiq fərqlər əmələ gətirmişdir. Bu cəhətdən bütün landşaft komplekslərinin şaquli zonallıq prinsipi aydın seçilir.
Qeyd etmək lazımdır ki, Kəlbəcər bölgəsində də Azərbaycanın digər sahələrində olduğu kimi toponimik adların mənşəyi və onların coğrafi cəhətdən məkanla bağlı milliləşdirilməsi əksər hallarda yerli coğrafi şəratilə, yəni yer adları ilə əlaqəli prinsipdə formalaşmışdır. Məsələn, bölgənin hidroloji sisteminin əsası sayılan Tərtər çayının adı Tərtər - təmiz, pak, saf, su deməkdir. Müşahidələr göstərir ki, Tərtər çayı öz başlanğıcını sırf vulkan mənşəli süxur qatlarından götürür. Həqiqətən də bu çayın suyu həm də göz yaşı kimi təmiz və olduqca şəffaf olur. Məşhur İstisu sanatoriyası da Tərtər çayın yuxarı axınında yerləşir. Hər il İstisu sanatoriyasında minlərlə insanlar şəfa tapır və ömür səlnaməsini bir az da tarixləşdirir.
Tutxun çayı. Coğrafi cəhətdən Tərtərin sağ qoludur. Çayın adının da formalaşması onun sırf hidroloji xarakterinə əsaslanmışdır. Uzun illərdir yerli el arasında bu çayın suyunun həddindən artıq bulanlıq olması kimi tanınır. Eyni zamanda çayın həddindən artıq sürətli axması göstərilir. Bilavasitə çayın hidroloji keyfiyyətlərinə əsaslanaraq çayın adı Tutxun kimi qəbul olunmuşdur. Və yaxud Kəlbəcərin İstisu sanatoriyası çərçivəsində formalaşmış dağüstü düzənliyi Taxta düzü kimi hamar səthlə formalaşmışdır.
Dağüstü düzəlmə səthində hazırda məşhur Ceyran bulağı fəaliyyət göstərir. Bizim şəxsi tədqiqatlarımıza görə ərazi geomorfoloji quruluşuna görə həddindən artıq düzənlikdir. Vaxtilə burada bol ceyran sürüləri olmuşdur. Onlar da vaxtı-vaxtında su təlabatlarını bu bulağın suyu ilə qidalanmışdır. Bundan başqa Taxta düzünün müasir landşaftı da zəif differensial keyfiyyətlərinə görə ətraf dağlıq landşaftlarından fərqlənir. Yəni düzənlikdə bəzən eynicinsli subalp çəmənliklərinin sahəsi 3-4 km-lərlə davam edir. Lakin düzənliyin çay dərələrinə düzən meyilli ətəklərində landşaftların növdaxili parçalanması, yəni landşaftdaxili təkrarlanma tezliyi artır. Beləliklə, relyefdə müşahidə olunan assimetrik xüsusiyyətləri bilavasitə landşaftın struktur-ərazi differensiasiyasında aydın seçilir. Başqa sözlə desək, düzənlik relyef sahələrində adətən landşaftın qanunauyğun olaraq transformasiyası dağlıq ərazilərə nisbətən daha bəsit məruz qalır. Və yaxud dahi şairimiz Səməd Vurğunun Kəlbəcərdə aşıq sənətinin klassiki Dədə Şəmşirlə poetik deyişməsindəki “Əgər bu yerlərə birdə yolun düşsə, Dəlidağdan xəbər al məni” deyişməsindəki Dəli dağın da toponimik adında coğrafi yaranması olduqca maraqlıdır. Belə ki, Dəlidağın zirvəsində və onun ətrafında gün ərzində hava şəraiti tez-tez dəyişir. Gah gün çıxır, gah da buludlu yağıntılı havalar təkrarlanır. Yəni dağın zirvəsi tez-tez qarlı-boranlı olur. Bu nöqteyi-nəzərdən dağın adı Dəlidağ kimi tarixləşmişdir.
Bir neçə söz məşhur Keyti dağı haqqında. Bu dağın da adının həqiqətən coğrafi cəhətdən formalaşma tarixi olduqca maraqlıdır. Coğrafi mənbələr və şifahi deyimlərə görə, iki Keyti və Mehdi adlı iki qardaş olur. Onların da hər ikisi dağlarda ovçuluqla məşğul olurmuşlar. Fürsət elə gətirir ki, qardaşlardan biri ova gedir, digəri evdə başqa işlə məşğul olur. Ova gedən qardaş bir maral vurub, onun dərisini geyinib qardaşının yanına evə girəndə qardaşı onun həqiqətən maral olduğunu güman edib onu güllə ilə vurub yere sərir. Nəticədə qardaşını ölmüş görəndən sonra özünü güllə ilə vurub öldürür. Tarixi xatirə kimi deyilənə görə hər iki qardaşın qəbri hazırda Keyti dağının zirvəsində yerləşir. Hazırda Keyti dağının tarixi toponimik adı bu iki qardaşın adı ilə əbədiləşmişdir. Onu da qeyd etmək lazımdır ki, yerli yaşlı sakinlərin xatirələrinə görə həmin dağların yamaclarında 1700-cü illərə qədər meşə-çöl landşaftı olmuşdur. Bununla da həmin ərazilərin poleolandşaftların təkamül tarixi haqqında şərti fikir söyləməyə imkan verir. Ümumiyyətlə qədim Qarabağ əyalətində istər milli-coğrafi nöqteyi nəzərdən və istərsə də yerli coğrafi şəraitin həddindən artıq mürəkkəb quruluşlu olması ilə əlaqədar toponimik adların və onların həmin amillərdən asılılq prinsipləri çox maraqlıdır. Bu amillərin özləri də həqiqətən həmin ərazilərin coğrafi inkişaf təkamülünün qədimliyini və məskunlaşmış insanların milli mənsubiyyəti cəhətdən sırf azərbaycanlı nəslinin olmasını sübut edir. Məsələn, Kəlbəcər zonasında çox məşhur Mıxtokən dağının coğrafi toponomik təhlili dediklərimizi kifayət qədər təsdiq edir. Yaxın tarixi müşahidələrimiz burada azərbaycanlılarla ermənilər arasında çox ciddi qarşıdurma baş verdi. Bu hadisələrdən xəbər tutan, el arasında yaxşı tanınan laçınlı Sultan bəy dərhal azərbaycanlılara kömək məqsədilə Göyçə mahalına atlı dəstəsi göndərir. Atlı dəstəsi o qədər sürətlə gedir ki, Mıxtökən dağının ətəklərində atların nalları tökülməyə başlayır. Çünki, Mıxtökən dağının özü də sərt vulkan lavalarından ibarət olduğu üçün atların nallarının tökülməsinə daha da şərait yaradır. Bu çətin fiziki-coğrafi şəraitin, xüsusilə vulkan süxurlarının kəskin sərt və çınqıllı olması nəticədə dağın Mıxtökən dağı kimi adlanmasına səbəb olmuşdur.
Murovdağın özü də coğrafi yerləşməsinə və coğrafi mənasına görə tarixləşmişdir. Murov dağı milli-mənşəyinə görə qədim türk sözüdür.Yəni qədim türk mənasında Murov sözü türk dilində iki çayı hövzəsini bir-birindən ayıran dağ silsiləsi mənasını daşıyır. Həqiqətən hazırda Murov dağı Kür və Tərtər çayları hövzələri arasında suayrıcı yaradır. Coğrafi-toponimik yanaşma bu cür qəbul olunmuşdur.
Kəlbəcər bölgəsinin yüksək dağ yaylaqları sırasında Sarıyer yaylağı da xüsusilə seçilir. Zəngin təbii yem ehtiyatlarına malik Sarıyer yaylağı Kəlbəcərin cənub-qərb hissəsində Azərbaycan Respublikasının mühüm strateji əhəmiyyətə malik ərazilərindən sayılır. Eyni zamanda yay aylarında Azərbaycanın əksər rayonlarından minlərlə qoyun və mal-qara sürüləri bu yaylaqlara gətirilir. Bu yerlərin yüksək dağ çəmənlikləri yaz-yay mövsümündə aydın seçilən sarı rəngli çiçəklərlə bəzəndiyindən yaylağın adı da bunlara müvafiq olaraq Sarıyer adlandırılmışdır. Bu yerlərin coğrafiyasında Laçın qayası dağı olduqca məşhurdur. Çünki onun adının formalaşması tarixi də diqqət çəkəndir. Adətən Laçın deyimi məntiqi mənada olduqca çətin relyefə malik qayalıqları olan dağlara deyilir. Bildiyimiz kimi qayalıqlarda yaşayan Laçın adlı quş növü də var. Onlar əksərən əlçatmaz, sıldırım qayalıqlarda yaşayır. Əslində dağın adı da məntiqcə buradan götürülmüşdür. Lakin dağın adı ilə yanaşı bu gün burada başqa mənada rəvayətlər də tarixi-coğrafi cəhətdən çox diqqət çəkəndir. Həmin əyalətdə vaxtilə Laçın adlı kasıb bir oğlan varlı bir kişinin qızına vurulur. Əlbəttə, aralarında müəyyən sevgi-məhəbbət münasibətləri də olmuşdur. Lakin qızın atası bu gənclərin sonrakı taleyi üçün oğlanın qarşısında çətin bir şərt qoyur: yəni hansı oğlan bu sıldırım qayalıqdan bir dağ keçisi vurub gətirsə qızımı ona verəcəm. Nəticədə, çox çətinliklə oğlan həmin qayalıqlardan dağ keçisi vurub gətirdiyinə görə qızın atası şərtinə əməl edərək qızını həmin oğlana verir. Həmin gündən etibarən dağ oğlanın şərəfinə Laçın dağı kimi adlanır.

Ədəbiyyat siyahısı:
1. Məzahir Təhməzov – Kəlbəcər Ensiklopedik Məlumatlar. Bakı,2013.
2. Azərbaycan tarixi XIX əsrdə. Bakı Elm nəşriyyatı, 2007.
3. Vəlixanlı N.M. IX-XII əsrlərdə Coğrafiyaşünas-səyyahlar Azərbaycan haqqında. Bakı, Elm, 1974.