Komitə sədri Əli bəy Hüseynzadədən yazdı

Bu gün böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseynzadənin doğum günüdür. (24.02. 1864-17.03.1940)
Təsadüfi deyil ki, Əli bəyi müasirləri böyük Azərbaycan mütəfəkkiri, milli ideologiya səviyyəsində türkçülüyün "Ana Yasası" kimi dəyərləndirilən "türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)" triadasının yaradıcısı və ilk carçısı, milli bayrağımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin mücahidi, XX əsr Azərbaycan ədəbiyyatında "Füyuzat" ədəbi məktəbinin banisi, ensiklopedik şəxsiyyət, böyük maarifçi-pedaqoq adlandırırdılar.
Əli bəy Hüseynzadə redaktoru olduğu “Həyat” qəzetində, çalışdığı “Füyuzat” jurnalında, oçerklər şəklində dərc etdirdiyi “Siyasəti-Fürusət” ədəbi-fəlsəfi traktatında və digər əsərlərində türkçülüyü və turançılığı geniş təbliğ edib. Dövrün ziddiyyətli, mədəniyyət, dil və türkçülüyün problemli olduğu bir tarixi şəraitdə, "türk" kəlməsinin dilə gətirilmədiyi tarixi bir məqamda Əli bəy Hüseynzadə "Həyat" qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq," deyə hayqırır, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeus Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, "XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, o da Əli Bəy Hüseynzadə idi.
Onun qəlbində bir türk sevgisi yaşayırdı. Əli bəy Hüseynzadə qardaş Türkiyəyə olan rəğbətini Abdulla Cövdət bəyə belə izhar edib: “Mən türkəm, müsəlmanam. Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyatla hər digər vətəndən daha ziyadə vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam”.
Görkəmli mütəfəkkirin aşağıdakı kəlamında onun varlığındakı böyük türk sevgisi daha aydın ifadə olunub: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”.
Məlumdur ki, hazırda türk xalqları arasında qarşılıqlı inteqrasiya prosesi mövcuddur. Eyni kökün, oxşar mədəniyyətlərin daşıyıcısı olan türk dövlətlərinin ortaq parlamenti, digər siyasi, iqtisadi, mədəni təşkilatları yaradılır, telekörpülər təşkil olunur. Artıq Türk Dövlətləri Təşkilatı fəaliyyətdədir. Bütün bunlar Əli bəy Hüseynzadənin hələ bir əsr bundan əvvəl irəli sürdüyü ortaq türk coğrafiyası-ortaq türk birliyi ideyasının bu gün də aktual məna daşıdığını göstərir. Onun yazılarının birində qeyd olunur: “Köhnə dəyərləri nəzərdən keçirib dəyişdirməyə başlamağın tarixi anı Rusiya müsəlmanları üçün də gəlib çatmışdır... Biz gərək işləyək, öz qayğımıza özümüz qalaq, öz ehtiyaclarımız barədə danışaq... ləngimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq”.
Tanrı izni ilə artıq bu proses sürətlə inkişaf edir.
Əli bəy Hüseynzadə fenomenal fikir adamı, tarixdə böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi. Lakin təəssüf ki, Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin, bütövlükdə türk dünyasının bu böyük şəxsiyyəti sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilsə də, Azərbaycanda 28 Aprel 1920-ci il çevrilişi nəticəsində meydana çıxan sovet rejimində kommunist ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Əli bəy Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük əməllərini xalqın yaddaşından silmək, tarixi xidmətlərini saxtalaşdırmaq yolunu tutdu. Amma Türk xalqı qədirbilən xalqdır, ona xidmət edənləri heç vaxt unutmur və unutmayacaqdır! Düzdür Azər Turan, Rəfiq Zəka, Şamil Vəliyev , Orxan Vəliyev və başqaları Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılmış, haqqında dəyərli monoqrafiyalar nəşr edilmişlər, lakin etiraf etməliyik ki, müasir vəziyyətdə bu dahi söz və fikir adamının çoxcəhətli fəaliyyətinin daha çox araşdırılmasına ehtiyac var.
Üçrəngli bayrağımızda əbədiləşən milli ideyaların müəllifi Əli bəy Hüseynzadəni dərin ehtiramla yad edirik.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri