142 mineral xammal yatağında monitorinq aparılıb, işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib
Ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib.
"Həmçinin işğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.
Geofiziki anomaliyalar və geokimyəvi məlumatlar əsasında faydalı qazıntı təzahürlərinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan 196 hesabat kvalifikasiya edilib və hazırda həmin hesabatların geofiziki və geokimyəvi təhlilləri aparılır.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi tədbiri çərçivəsində ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir", - o qeyd edib.//Trend