Rusiyanın Suriyadakı fəaliyyəti və onun nəticələri
Rusiyanın Suriyaya qoşun yeritməsi tarixi Yaxın Şərqdə Ərəb Baharı hərəkatı başlayandan sonrakı dövrə təsadüf edir. Yəni Ərəb baharı burada digər Ərəb ölkələrində olduğu kimi başlamış və öz qurbanlarını almışdı. Bəzi ölkələrdə isə prosesin son mərhələləri davam edirdi. Suriyada isə vəziyyət olduqca gərgin idi. Xalq-hakimiyyət qarşıdurması hər keçən gün daha da vüsət kəsb edirdi. Bəşər əsəd xarici ölkələrdən zərbə aldığı kimi, yardım da alırdı. Belə qarıəşəq bir dövrdə, 2015-ci ildə Rusiya məhz indi devrilmiş prezidentin sürəkli xahişindən sonra Suriyaya qoşun yeritdi. Lakin Amerika və Avropa ölkələrinin bu tipli vəziyyətlərdə müdaxilələrindən fərqli olaraq, Rusiya irimiqyaslı quru qoşunları ilə döyüş meydanına daxil olmadı. Rus muzdlularının qurudakı əməliyyatları dəf edildikdən sonra Rusiya hava müdaxiləsini əsas əməliyyat növü olaraq seçdi. Məsləhətçilər, ekspertlər, hərbi müşavirlər, hərbi texnika və təchizat ortaya çıxdı. Başqa sözlə, Rusiyanın Suriya kampaniyası Gürcüstan və Ukrayna kampaniyasından fərqli səciyyə daşımağa başladı. Taktika seçiminin səbəbləri barədə suala onun əhatə dairəsini genişləndirməklə çoxlu cavablar vermək olar, lakin sadə dillə arqumentlərlə ifadə olunsa, Suriya Rusiya Federasiyasının yaxın xaricində deyil və onun arxa həyəti sayılmır, ona görə də Rusiya bütün enerjisini orada sərf etmək məqsədi güdmürdü. Üstəlik Rusiya hesab edirdi ki, İran və Hizbullah, eləcə də gücləndirilmiş Suriya ordusu ilə yalnız müəyyən bölgəyə nəzarət edə bilər. Və burada Rusiya Əsədin gələcəyini deyil, öz imkanlarını və məhdudiyyətlərini nəzərə almalıdır. Məhz bu səbəblərdən Kreml birbaşa ABŞ və Türkiyəyə meydan oxumaqdan çəkindi.
Növbədəki Astana prosesi Rusiyaya diplomatik sıçrayış etməyə imkan verdi, Suriyada öz xətti əsasında atəşkəsi təmin etdi. Üstəlik, Rusiya təyyarəsini vuran NATO üzvü olan Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi satmağa bacara bildi. 2017-ci ildə Rusiya Suriyada dəniz və hava bazalarını 49 il müddətinə icarəyə götürməyi də bacardı.
Rusiyanın ilkin və ciddi nailiyyəti hesab olunan bu hadisələr onun Yaxın Şərqdə və Afrikadakı gələcək fəaliyyəti üçün zəruri bünövrəni təmin edə bilmişdi. Amma Rusiya-Ukrayna müharibəsi diqqəti bu ölkə və regiona yönəltməyə mane olurdu. Ukrayna ilə vəziyyəti sonlaşdırmaq istəyi diqqətin Suriyadan daha da çəkilməsinə səbəb oldu. Kreml oradakı qüvvələrini nəzarətsiz buraxmaqla Bəşər Əsədə də zəruri dəstəyi yetirə bilmədi. Yaranan boşluqdan əlverişli şərait gözləyən müxalifət qüvvələri bacarıqla istifadə etdilər. Nəticə göz qabağında. Hazırda Putin Suriyadakı qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün danışıqlar prosesinə qoşulub.
Danışıqların necə nəticə verəcəyindən asılı olmayaraq Rusiyanın Suriyada və ümumuiyyətlə Yaxın Şərqdə maraqlarının ciddi zərbə aldığı göz qabağındadır. Bu zərbədən özünə gəlmək üçün Rusiyaya on illər və ciddi resurs lazım gələcək.
Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru