Tokayev təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılması barədə göstəriş verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.
“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Tokayev bunu müşavirə zamanı bildirib.
O, həmçinin hökumət komissiyasına xəsarət alan xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olan Qazaxıstan vətəndaşlarının qohumlarına xüsusi diqqət yetirməyi tapşırıb.
Prezident informasiya təxribatlarının və feyklərin qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə üzrə aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin zəruriliyini bildirib.
Müşavirə zamanı hökumət komissiyasının sədri, Baş nazirin müavini Kanat Bozumbayev, Baş prokuror Berik Asılov, Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayev, daxili işlər naziri Erjan Sadenov və səhiyyə naziri Akmaral Alnazarovanın məruzələri dinlənilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.